“Azərbaycanın Çinlə yaxınlaşmasının ölkəmiz üçün çox böyük strateji əhəmiyyəti var”.
Bunu Bakıvaxtı.az-a politoloq Tural İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə rəsmi səfərini şərh edərkən deyib.
Politoloq bildirib ki, Çin hazırda dünyanın iqtisadi və siyasi təsir gücünə görə ən öndə olan ölkələrindən biridir:
"Dövlətimizin başçısının Pekinə səfəri fonunda bu gün Azərbaycanla Çin arasındakı dostluq münasibəti ən yüksək səviyyəyə çatır. Eyni zamanda Çin sədri Si Cinpin bugünkü görüş zamanı dövlət başçımıza bildirib ki, Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində mövqelərinin daha da möhkəmlənməsini dəstəkləyir. Bu, çox vacib əhəmiyyətə malikdir. Ona görə ki, Azərbaycan ŞƏT çərçivəsində daha aktiv iştirak etmək və statusunun yüksəlməsini istəyir. Bununla bağlı Çin tərəfində də iradə ortaya qoyulub".
T.İsmayılov hesab edir ki, Azərbaycan və Çinin beynəlxalq terrorizm, ekstremizm və separatizmə qarşı bundan sonra da qlobal arenada ortaq addımlar atacaqlarını bildirməsi əhəmiyyətlidir.
Tural İsmayılov: Azərbaycan və Çin bundan sonra da bir-birinin ərazi bütövlüyünü dəstəkləyəcək
Müsahibimiz qeyd edib ki, Azərbaycanla Çin arasında imzalanan sonuncu müqavilə təkcə siyasi, iqtisadi və ticari əhəmiyyətə malik deyil. Burada elmi və mədəni sahədə də əlaqələrin dərinləşdirilməsi nəzərdə tutulub. Yəni, hər iki ölkədə qarşılıqlı şəkildə Azərbaycan və Çin günlərinin keçirilməsi önəmlidir. Həmçinin Azərbaycanla Çin kosmos sahəsində ortaq tədqiqatlar aparacaqlar. Bu, önəmli və strateji əhəmiyyətə malik olan məqamlardan biridir
Politoloqun dediyinə görə, Azərbaycan "Vahid Çin" konsepsiyasını dəstəklədiyini bir daha vurğulayıb və Pekinin ərazi bütövlüyü ilə bağlı beynəlxalq manipulyasiyada tərəf olmayacağını açıq şəkildə nümayiş etdirib:
"Azərbaycan və Çin bundan sonra da bir-birinin ərazi bütövlüyünü dəstəkləyəcək. Bu kontekstdə iki ölkə arasında imzalanan hərtərəfli bəyanat Azərbaycan-Çin münasibətləri üçün böyük əhəmiyyətə malikdir".
Gülşən Şərif