Müasir geosiyasi çağırışlar fonunda regional təhlükəsizlik sistemlərinin möhkəmləndirilməsi günümüzün prioritet məsələlərindən biridir. Bu baxımdan, Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin ikinci görüşündə qəbul olunan qərarlar təşkilatın təhlükəsizlik arxitekturasını yeni mərhələyə daşımaq potensialına malikdir.
Sərhəd təhlükəsizliyi, transmilli cinayətkarlıqla mübarizə, kibertəhlükəsizlik və informasiya mübadiləsi kimi sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, regional sabitlik və davamlı inkişaf baxımından mühüm əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, görüş çərçivəsində qəbul olunan qərarlar üzv ölkələrin təhlükəsizlik sahəsində daha sıx koordinasiyasını və ortaq yanaşmaların formalaşdırılmasını nəzərdə tutur. Xüsusilə sərhəd əməkdaşlığı istiqamətində atılan addımlar strateji inteqrasiyanı artıraraq qaçaqmalçılıq, insan alveri və terrorizmlə mübarizədə daha təsirli mexanizmlərin tətbiqinə şərait yaradacaq. Bu, hüquq-mühafizə orqanlarının birgə fəaliyyəti və operativ informasiya paylaşımı vasitəsilə konkret nəticələrin əldə olunmasına zəmin hazırlayır:
"Eyni zamanda, kibertəhlükəsizlik və informasiya texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi TDT çərçivəsində regional müdafiə qabiliyyətini gücləndirəcək. Bu istiqamətdə üzv dövlətlərin müvafiq qurumları arasında bilik və təcrübə mübadiləsinin təşkili, eləcə də ortaq texnoloji platformaların yaradılması nəzərdə tutulur".
Tural İsmayılov, politoloq
Müsahibimiz əlavə edib ki, transmilli cinayətkarlıqla mübarizə istiqamətində isə hüquq-mühafizə orqanlarının birgə əməliyyat imkanlarının artırılması ön plana çıxır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizədə yeni yanaşmaların tətbiqi bu sahədə effektivliyin artırılmasına xidmət edəcək:
"Təhlükəsizlik sahəsində inteqrasiyanın dərinləşməsi yalnız regional stabilliyi deyil, həm də iqtisadi inkişafı və sərmayə mühitini stimullaşdıra bilər. Bu, Türk dövlətlərinin qlobal çağırışlara birgə və çevik cavab verməsinə imkan yaradacaq, beynəlxalq platformalarda mövqelərinin daha da güclənməsinə şərait yaradacaq. Diplomatik əlaqələrin möhkəmləndirilməsi baxımından da bu qərarlar TDT üçün əhəmiyyətli dərəcədə yeni imkanlar açır".
Həmsöhbətimiz bildirib ki, ümumilikdə, TDT-nin daxili işlər nazirlərinin ikinci görüşündə qəbul olunan qərarlar təşkilatın təhlükəsizlik, sərhəd əməkdaşlığı və transmilli cinayətkarlıqla mübarizə sahəsində inteqrasiyasını daha da inkişaf etdirəcək və üzv ölkələrin strateji maraqlarını effektiv şəkildə qorumağa xidmət edəcək.
Əli Hüseynov