• Bakı 20° C

    1.49 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Kənd təsərrüfatı subsidiyalarına nəzarət mexanizmi gücləndirilib

SİYASƏT

23 May 2025 | 14:21

Kənd təsərrüfatı subsidiyalarına nəzarət mexanizmi gücləndirilib

Azərbaycanda kənd təsərrüfatı subsidiyalarına, güzəştli kreditlərə, lizinq mexanizmlərinə, eləcə də kənd təsərrüfatı istehsal vasitələrinin güzəştli şərtlərlə satışına nəzarət tədbirləri gücləndirilib.

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Vergi Məcəlləsinə dəyişikliyi təsdiqləyib. 

Belə ki, ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan məhsullar istisna olmaqla) dövlət büdcəsinin vəsaitləri hesabına mərkəzləşdirilmiş qaydada satın alınması da nəzarət çərçivəsinə daxil ediləcək.

Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi və onun tabeliyindəki qurumlar subsidiyaların, güzəştli kreditlərin və lizinq əməliyyatlarının verilməsini, maliyyələşdirilməsini və həmin vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarəti həyata keçirəcək.

Səlahiyyətlərin icrası çərçivəsində “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” (Prezidentin 27 iyun 2019-cu il tarixli 759 nömrəli fərmanı) və “Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası” (19 dekabr 2018-ci il tarixli 413 nömrəli fərman) əsas götürüləcək.

Bu mexanizmlər çərçivəsində dövlət vəsaitlərindən səmərəli istifadənin təmin edilməsi və sui-istifadə hallarının qarşısının alınması üçün kənd təsərrüfatı məhsullarının istehsalçıları, tədarükçüləri və təchizatçıları Kənd Təsərrüfatı Nazirliyinə müvafiq məlumatlar təqdim etməlidir. Bu məlumatların dəqiqliyini yoxlamaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) və Kənd Təsərrüfatı Nazirliyinin “Elektron kənd təsərrüfatı” informasiya sistemi (EKTİS) arasında məlumat mübadiləsinin aparılması nəzərdə tutulur.

Məlumatların tərkibində vergi sirri hesab edilən informasiyalar da ola biləcəyindən, onların ötürülməsinin hüquqi əsaslarının yaradılması məqsədilə Vergi Məcəlləsinin 30.6-cı maddəsi dəyişib. Nəticədə vergi orqanlarının vəzifəli şəxsləri aqrar sahəyə dair dövlət dəstəyi tədbirlərinin daha ünvanlı və şəffaf icrasını təmin etmək üçün zəruri məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim edə biləcək. Hüquqi bazasının yaradılması nəticəsində müraciət edən şəxslərin əlavə sənəd və məlumatlar təqdim etməsinə ehtiyac qalmayacaq.


SON XƏBƏRLƏR