Son illərdə beynəlxalq siyasətin ən həssas və mürəkkəb məsələlərindən biri ABŞ ilə İran arasında münasibətlərin gələcək trayektoriyasıdır. Xüsusilə İranın nüvə proqramı ətrafında formalaşan gərginlik təkcə bu iki dövlət arasında deyil, bütövlükdə Yaxın Şərq regionunda və beynəlxalq münasibətlər sistemində ciddi narahatlıqlar doğurur. İsrailin açıq şəkildə hərbi müdaxilə variantını gündəmə gətirməsi, ABŞ-nin isə daha çox diplomatik yollara üstünlük verməsi bu məsələdə maraqların və yanaşmaların fərqliliyini ortaya qoyur.
Mövzuya təkcə Vaşinqton–Tehran münasibətləri prizmasından baxmaq yetərli deyil. Bu məsələ, əslində, Yaxın Şərqdə güc balansını müəyyən edən, regional sabitliyi birbaşa təsir altına alan və qlobal güclərin maraqlarını toqquşduran strateji bir düyündür.
Əsas məsələ odur ki, ABŞ bu mürəkkəb mənzərədə hansı yol xəritəsini izləyir, İsrailin bu prosesə təzyiq imkanları nə qədər genişdir və İranın nüvə silahına sahib olmaq ehtimalı vəziyyəti necə dəyişə bilər?
Mövzu ətrafında Bakıvaxtı.az-a danışan politoloq İlyas Hüseynov bildirib ki, ABŞ-nin İrana qarşı hərbi müdaxilə və nüvə obyektlərinə zərbə endirilməsi planı uzun müddətdir ki, İsrail tərəfindən təşviq edilir. Zaman-zaman bu məsələ ilə bağlı müharibə ehtimalları gündəmə gəlir. İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların keçirilməsi barədə fikirlər səsləndirilsə də, ABŞ-ın belə bir niyyəti yoxdur:
"Əksinə, Vaşinqtonun əsas məqsədi İranın nüvə proqramını nəzarətdə saxlamaq və genişmiqyaslı hərbi intervensiyadan yayınmaqdır. Birləşmiş Ştatlar yaranan gərginlikləri diplomatik yollarla həll etməyə üstünlük verir".
İlyas Hüseynov, politoloq
Həmsöhbətimizin fikrincə, Donald Trampın ilk hakimiyyəti dövründə Rusiya, Ukrayna və Yaxın Şərqdəki problemlərin sülh yolu ilə həlli prioritet elan edilmişdi. Tramp bu gün də İran məsələsində də qətiyyətli mövqe sərgiləyir. O, İsrailin maraqlarını lobbiləşdirən şəxsləri vəzifədən kənarlaşdırmağa və onlardan uzaq durmağa çalışır. Bunun əsas səbəbi isə odur ki, Tramp anlayır: İrana qarşı hərbi müdaxilə regionda böyük partlayışa, siyasi və geosiyasi zəlzələyə səbəb ola bilər. Belə bir prosesin qarşısını sonradan almaq isə olduqca çətin olacaq:
"İsrail isə bu məsələdə daha sərtdir və yaranan problemlərin hərbi yolla həll olunmasını istəyir. Lakin ABŞ tamamilə fərqli yanaşma sərgiləyir. Əgər İran nüvə proqramını inkişaf etdirərək nüvə silahına sahib olarsa, bu, beynəlxalq münasibətlər sistemində, xüsusilə də Yaxın Şərqdə yeni bir mərhələnin başlanmasına səbəb olacaq. Belə bir vəziyyətdə İranın ritorikası da dəyişəcək və bu, İsrail üçün ciddi təhlükə yaradacaq. Regionda İranın nüvə silahına sahib olmasından ən çox təhdid hiss edən ölkə məhz İsraildir. Birləşmiş Ştatlarla İsrail arasında olan hərbi-siyasi müttəfiqlik isə İranın nüvə silahına malik olmadan məsələlərin həll olunmasına yönəlmiş strategiya əsasında qurulub".
Əli Hüseynov