İsrail və Türkiyə Suriyada hərbi əməliyyatların koordinasiyası və toqquşmaların qarşısının alınması məqsədilə xüsusi “qaynar xətt”in yaradılması barədə razılığa gəliblər. Məlumata əsasən, bu razılaşma Azərbaycanda bir neçə həftə davam edən danışıqlar nəticəsində əldə olunub. Bildirilir ki, Türkiyə və İsrail rəsmiləri aprel ayından bəri Bakıda Suriya ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmaq məqsədilə bir sıra görüşlər keçiriblər. Yaxın günlərdə Bakıda danışıqların beşinci raundunun keçirilməsi planlaşdırılır.
Bəs bu razılaşma iki ölkə arasında münasibətlərin normallaşmasına səbəb ola bilərmi? Azərbaycanın bu danışıqlardakı rolu strateji və diplomatik baxımdan necə qiymətləndirilə bilər?
Mövzu ilə bağlı politoloq Taleh Əliyev öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb. Onun sözlərinə görə, Yaxın Şərq siyasəti həm Türkiyə, həm də İsrail üçün strateji və prinsipial əhəmiyyət daşıyır. Bu səbəbdən, iki ölkə arasında zaman-zaman ciddi fikir ayrılıqları müşahidə olunub. Lakin Azərbaycanın vasitəçiliyi ilə bu fikir ayrılıqlarının aradan qaldırılması və münasibətlərin normallaşması istiqamətində mühüm addımlar atılıb:
“Qardaş Türkiyə Cümhuriyyəti Azərbaycanın müttəfiqi və ‘Bir millət, iki dövlət’ prinsipindən irəli gələn ən yaxın tərəfdaşıdır. İsrail isə ölkəmizlə strateji səviyyədə dostluq münasibətləri olan bir dövlətdir. Azərbaycan hər zaman bu iki ölkə arasında əlaqələrin normallaşmasını dəstəkləyib. Suriyada hakimiyyət dəyişikliyindən sonra Türkiyənin dəstəklədiyi Əhməd əş-Şaranın rəhbərlik etdiyi hökumətin iş başına gəlməsi İsrail və Suriya arasında ciddi qarşıdurmaya səbəb oldu. Bu isə dolayısıyla Türkiyə-İsrail münasibətlərində gərginlik yaratdı. Son dövrlərdə Azərbaycanın bu prosesdə yenidən vasitəçilik təşəbbüsü göstərməsi hər iki ölkə tərəfindən müsbət qarşılanıb və bu istiqamətdə ümidləri artırıb”.
Taleh Əliyev: İstər Türkiyə, istərsə də İsrail tərəfində Azərbaycanın ciddi imici mövcuddur
T. Əliyevin fikrincə, regionun iki güclü dövləti arasında yaranan gərginlik, bu ölkələrin rəqibi olan üçüncü tərəflərin maraqlarına xidmət edə bilər. Hər iki ölkə ilə dərin və strateji münasibətlərə malik olan Azərbaycanın bu proseslərdə vasitəçilik rolu, həm milli təhlükəsizlik maraqlarımıza cavab verir, həm də qarşı tərəflərin maraqları ilə uzlaşır.
“Mövcud razılaşma, iki ölkə arasında mövcud fikir ayrılıqlarının aradan qaldırılmasına və regiondakı problemlərin konsensusa əsaslanan həllinə şərait yaradacaq. Həm Türkiyə, həm də İsrail tərəfindən Azərbaycana yüksək etimad mövcuddur. Ölkəmiz hər iki dövlətin, xüsusən də xarici siyasət və geosiyasi maraqları baxımından faydalı ola biləcək əməkdaşlıq formatlarına vasitəçilik etmək potensialına malikdir”, – deyə müsahibimiz bildirib.
Gülşən Şərif