“ABŞ-nin bəzi məsələlərdə Ukrayna ilə üst-üstə düşməyən fikirləri var”.
Bunu Bakıvaxtı.az-a politoloq Sanir Hümbətov ABŞ-nin Ukrayna ilə bağlı sülh sazişindən danışarkən deyib.
Onun sözlərinə görə, ABŞ Rusiya ilə pərdəarxasında apardığı danışıqlarda "Zelenskinin tərəfini tutmayacağıq, onu danışıqlar masasına əyləşdirəcəyik" mesajını verir:
"Amma məsələ ondadır ki, tərəflər hələ müharibəni dayandırmayıblar. Nəzərə alaq ki, Rusiya-Ukrayna müharibəsində bir tərəf yoxdur, ən azı 6 tərəf meydandadır. Rusiya və Ukrayna ilə yanaşı, ABŞ, Avropa, Türkiyə, NATO, Çin də bu prosesdədir. Eyni zamanda NATO içərisində bir parçalanma var. Macarıstan və Slovokaiya Rusiya ilə açıq qarşıdurmaya razı olmadıqlarını bəyan edirlər. Türkiyə konkret sülh tərəfdarı kimi çıxış edir. Qərb və Çinin də mövqeyi fərqlidir”.
Müsahibimiz qeyd edib ki, fikir ayrılıqları çox olduğuna görə, ortaq məxrəcə gəlmək, vəziyyətdən çıxış tapmaq mümkün olmur:
“Problem bundadır. Hətta Zelenski hakimiyyətdən getsə belə müharibəni davam etdirə bilərlər. Çünki müharibənin məqsədi Zelenskini əvəzləmək, yaxud Putini göndərmək deyil. Məqsəd tərəflərin başında kimlərin durmasından asılı olmayaraq müharibəni uzun müddət davam etdirməkdir".

Samir Hümbətov: Müharibənin məqsədi Zelenskini əvəzləmək, yaxud Putini göndərmək deyil
Analitik qeyd edib ki, Ukrayna ərazisindəki nadir metallar artıq Rusiyanın nəzarətindədir:
"Qərb ölkələri bilir ki, nadir metallar Rusiyanın nəzarətində qaldığı müddətcə münasibətlər fərqli istiqamətə yönələcək. Rusiya qarşı tərəfin qarşısına elə ağır şərtlər qoyar ki, bununla qətiyyən razılaşmazlar. Ona görə də müharibənin uzanmasını, Rusiya və Ukraynanın güclərinin ən minimal səviyyəyə düşməsini istəyirlər. Fransa növbəti onillikdə Ukraynaya hərbi təyyarələrin verilməsindən danışır. Halbuki, Ukraynanın 250 hərbi təyyarəni satın alması mümkün deyil, çünki pulu yoxdur. ABŞ Avropanın razılığı olmadan müharibəni bitirə bilmir. ABŞ və Avropa İttifaqı istəsələr də, istəməsələr də Rusiya-Ukrayna müharibəsində bir-biri ilə həmfikir olmalıdır ki, müharibə bitsin. Həmfikir olmadıqlarına görə, müharibə uzanır".
Qeyd edək ki, ABŞ-nin Ukrayna ilə bağlı sülh sazişinin bəzi detalları məlum olub. "Reuters" yazıb ki, ABŞ-nin müharibəni bitirmək təklifləri Ukraynanın ərazidən, bəzi silahlardan imtina etməsini və Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılmasını əhatə edir.
Agentlik qeyd edir ki, Vaşinqton Prezident Zelenskiyə aydın şəkildə bildirib ki, Ukrayna müharibəni bitirmək üçün ABŞ tərəfindən hazırlanmış çərçivə sənədini qəbul etməlidir.
"Financial Times" qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, müharibəni bitirmək üçün ABŞ-Rusiya planında daha iki məqam rus dilinə Ukraynada dövlət dili statusu verilməsi və Ukrayna Pravoslav Kilsəsinin (Moskva Patriarxlığı) rəsmi statusunun bərpasıdır. Avropa İttifaqı isə D.Trampın bədnam "sülh planına" qarşı çıxıb. Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib ki, hər hansı razılaşmanın uğurlu olması üçün hem ukraynalıların, həm də avropalıların dəstəyi vacibdir:
"Aydındır ki, istənilən planın işləməsi üçün ukraynalılar və avropalılar onun arxasında dayanmalıdır. Münaqişədə “bir aqressor və bir qurban var” və Rusiyanın geri çəkilməyə hazır olduğuna dair heç bir əlamət yoxdur. Əgər Rusiya həqiqətən sülh istəyirdisə, şərtsiz atəşkəsə çoxdan razılıq verə bilərdi. Amma bu gecə də mülki əhali bombalanır. Avropa İttifaqı ABŞ-ın hazırladığı plana cəlb edilməyib".
Aydın Baxış
Bakı 



