• Bakı 13° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Nazir müəllimlərin dərs yükündən DANIŞDI

CƏMİYYƏT

20 Noyabr 2025 | 23:38

Nazir müəllimlərin dərs yükündən DANIŞDI

Yeni mexanizmin məqsədi müəllimin saat 6-ya qədər məktəbdə qalması demək deyil.

Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-də yayımlanan "Diqqət Mərkəzi" proqramında deyib.

O bildirib ki, məqsəd həm də müəllimin daha geniş fəaliyyət imkanlarının olmasıdır:

"Hazırda "tam ştat müəllim" anlayışı yalnız 30–36 saatlıq həftəlik iş yükü kimi tənzimlənir, amma konkret mexanizm yoxdur. Biz isə bu işi real 30–36 saatlıq iş modeli kimi görürük. Bu model müəllimə hansı imkanları yaradır? Müəllim yalnız 18–24 saat dərs deməklə kifayətlənməməlidir. Bu dərs yükündən savayı, o, şagirdlər, məktəb və təhsilin keyfiyyəti üçün əlavə fəaliyyət göstərə bilər. Başqa bir müəllimin dərsinə daxil olub müşahidə apara bilər, həmkarına metodik tövsiyələr verə bilər, çox yaxşı müəllimdirsə, gənc müəllimlərə mentorluq edə bilər, şagirdlərin əlavə fəaliyyətləri ilə bağlı metodik təkliflər verə bilər, sinifdənkənar işlər təşkil edə bilər, müxtəlif müsabiqələr, olimpiadalar hazırlaya bilər, idman müəllimidirsə, məktəb turnirləri təşkil edə bilər. Bu fəaliyyətlər hazırda faktiki olaraq edilir, amma ödənişsiz edilir. Məsələn, idman müəllimi məktəbdə turnir keçirir, amma biz bu işə maaş vermirik. Niyə? Çünki onun iş saatı yalnız dərs yükünə hesablanır. Yeni modeldə isə bu fəaliyyətlərə görə ödəniş ediləcək".

Nazir hesab edir ki, müəllimin məktəbdə daha çox vaxt keçirməsi və gördüyü əlavə işlərin ödənməsi Azərbaycanın təhsilinə yalnız müsbət təsir göstərəcək: "Məsələn, idman müəllimi istedadlı uşaqlarla daha çox işləyə biləcək, əlavə məşğələ və sınaqlar təşkil edəcək, onların inkişafına real töhfə verəcək".


SON XƏBƏRLƏR

20 Noyabr 2025