• Bakı 15° C

    1.89 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Azərbaycan-Mərkəzi Asiya əlaqələri: İnkişaf və təhlükəsizlik toxumları səpilir...

SİYASƏT

17 Noyabr 2025 | 09:14

Azərbaycan-Mərkəzi Asiya əlaqələri: İnkişaf və təhlükəsizlik toxumları səpilir...

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün Özbəkistana səfər etdi. 7-ci Məşvərət Görüşündə bir sıra görüşlər keçirən Prezident və onu müşaiyət edən digər dövlət rəsmiləri region ölkələri və Azərbaycan arasındakı münasibərlərin daha da inkişaf etdirilməsi üçün vacib razılaşmalar əldə etdilər.
 
Xatırlamaq yerinə düşər ki, noyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub. Görüşdə Azərbaycanla Özbəkistan arasında müttəfiqliyə və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin uğurla inkişafından danışılıb. Söhbət zamanı dövlət başçıları iki ölkə arasında əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Eyni zamanda Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov xarici işlər nazirlərinin görüşündən sonra açıqlama verib və qeyd edib: 

“Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistandan olan hörmətli həmkarlarımla səmərəli müzakirələr apardım. Birlikdə əməkdaşlığımızı gücləndirmək və bölgəmizin kollektiv rifahını daha da inkişaf etdirmək üçün geniş imkanları araşdırdıq”.

O, həmçinin bildirib ki, müzakirələr Zirvə Görüşünün gündəliyinin layihəsi, əsas qərarlar və Mərkəzi Asiyada əməkdaşlığın gələcək istiqamətini müəyyən edən yekun sənədlərin siyahısı da daxil olmaqla, bir sıra vacib məsələlərə yönəlib: “Daha dərin inteqrasiyanı təşviq etmək, qarşılıqlı etimadı artırmaq və ortaq problemləri birgə fəaliyyət vasitəsilə həll etmək öhdəliyimizdə həmrəyik”.

Əlbəttə, bu açıqlama pozitiv tərəflərinin daha çox olduğu vacib siyasi reaksiyadır. Ancaq bir məsələ var ki, onun üzərində dayanmaq və xüsusi yanaşmaq vacibdir. Beləcə ortaya cavabının tapılması vacib bir sual çıxır: Özbəkistan XİN rəhbərinin dediyi ortaq problemlər nələrdir və onları necə həll etmək olar? 

Öncə aydınlaşdıraq ki, dövlətlər üçün problem sayılacaq məsələlər nə ola bilər? 
Bir neçə problemdən danışmaq olar ki, bunların başında siyasi problemlər gəlir. Onun özünü də hakimiyyət böhranı və ya siyasi qeyri-stabiliklik, korrupsiya və zəif idarəetmə, seçki saxtakarlıqları və xalqın dövlətə inamının azalması, qanunverici və icraedici orqanlar arasında qarşıdurmalar olmaqla bir neçə sinifə bölmək olar. Amma bunlar dövlətlərin daxili məsələləri olduğu üçün hər halda Baxtiyor Saidov siyasi problemləri nəzərdə tutmurdu. İkinci sıraya iqtisadi problemləri qoya bilərik: inflyasiya və bahalaşma, işsizlik səviyyəsinin yüksəlməsi, büdcə kəsiri və dövlət borcunun artması, yatırım çatışmazlığı və zəif iqtisadi müxtəliflik. İqtisadi problemlər də əsasən, daxili problemlərdir. Üçüncü yerdə sosial problemlər dayanır: yoxsulluq və sosial bərabərsizlik, səhiyyə və təhsil sistemində çatışmazlıqlar, miqrasiya, beyin axını, əhalinin yaşlanması və demoqrafik problemlər. Elə bunlar da dövlətlərin daxili problemləridir. Cavabı burda da axtarmamalıyıq.

Bundan sonra sadalayacağımız problemlərə xüsusi yanaşmaq lazımdır. Ola bilər ki, Baxtiyor Saidovun dediyi ortaq problemlərin nə olduğu sualına burada cavab tapacağıq. Beləliklə, dördüncü problem kimi təhlükəsizlik problemlərini saya bilərik: terrorizm və ekstremizm, kiberhücumlar və kibermüdafiə zəifliyi, sərhəd münaqişələri və hərbi gərginlik, cinayətkarlığın yüksək səviyyəsi. Bu problemlərin əksəriyyəti xarici dairələr hesabında formalaşır və dövlətlərin daxili işi olmaqdan çıxmaqla, onlara qarşı mübarizədə də tək nəticə əldə etmək mürəkkəbləşir. 

Beşinci problem ekoloji problemlərdir: iqlim dəyişməsi və quraqlıq, su ehtiyatlarının azalması, hava və torpaq çirklənməsi, təbii fəlakətlərə hazırlıqsızlıq. Bu problemlərin həlli müasir zamanda çoxtərəfliliyə əsaslanır. Təcrübə mübadiləsi və ya birbaşa yardımlaşma bu kimi problemlərin həllində effektivliyi artırır. 

Dövlətlərin rastlaşdığı əsas problemlərin altıncısı beynəlxalq münasibətlərdə yaşanan krizlərdir: diplomatik qarşıdurmalar, sanksiyalar və iqtisadi təzyiqlər, regional münaqişələr, qlobal ticarət məhdudiyyətləri vəs. Bütün bu kimi problemlər də Azərbaycan və Mərkəzi Asiya ölkələrinin ortaq problemləri sayıla bilər. 

Və nəhayət sonuncu önəmli problem texnoloji və innovasiya problemləridir: texnoloji geri qalma, rəqəmsal infrastrukturun zəifliyi, yeni texnologiyalara adaptasiya çətinliyi. Nəzərə alsaq ki, həm Azərbaycan, həm də Mərkəzi Asiya dövlətləri yeni texnologiyalar sahəsində inkişaf etmiş ölkələrdən geri qalır, bu məsələni də tərəflərin ortaq problemlərinə əlavə edə bilərik. 

Ümumiyyətlə, təhlükəsizlik məsələlərində, ekologiya, beynəlxalq münasibətlər, texnoloji və innovasiya sahələrində həm Azərbaycan, həm də Mərkəzi Asiya dövlətlərinin yaşadığı müəyyən çatışmazlıqlar var ki, bunlar da ortaq problemlərin meydana çıxmasına səbəb olur. İndi bütün problemlərin həllini tapmaq, bu istiqamətdə prosesi sürətləndirmək lazımdır. Olsun ki, cənab Saidov da bunun mesajını verirdi. 

Ancaq necə? 
Düşünürəm ki, hər kəsin razılaşacağı bir məsələni həll etmək öncəlik təşkil etməlidir. Bütün bu çatışmazlıqlar və problemlər hər şeydən əvvəl rəqiblərə və düşmən tərəflərə fürsət qapısı açır. Onlar həm Azərbaycanı, həm də Mərkəzi Asiyanı təsir dairəsinə salmaq, onların müstəqil addımlarını əngəlləmək üçün fürsət gözləyirlər. Sadalanan problemlər düşmən tərəflər üçün fürsət kim göülə bilər. Ona görə də, Azərbaycan və Mərkəzi Asiya ölkələri regional rəqabətdə qüvvələri birləşdirməklə ortaq düşmənlərə qarşı dirəniş cəbhəsi formalaşdıra bilərlər. Bunun üçün etimada və bərabərhüquqlu şərtlərə əsaslanan mübadilə siyasəti ideal bir seçim ola bilər: yəni dövlətlər birlikdə inkişafa nail olmaq üçün biri digərinin zəif olduğu sahələrdə həlledici dəstək verir, yaxud əksinə dəstək alır. 

İlkin baxışda mümkünsüz görünsə də, həqiqi etimad mühitinin formalaşması halında reallaşdırılması mümkün hala çevriləcək. Bunun üçün ortaq bir çox nüanslar var: dil birliyi, din birliyi, kimlik birliyi, ortaq tarix, ortaq mədəniyyət və ən əsası, ortaq düşmənlər. 

Həm Azərbaycan, həm də Mərkəzi Asiyanın mübarizə aparacağı imperial qüvvələr eynidir. Bütün tərəfləri təhdid edən, onların müstəqil qərarlarına qarışan, müstəmləkə gözü ilə baxan eyni mərkəzlərdir. Əgər düşmən eynidirsə və yuxarıda sadaladığımız kimi dil, din, kimlik, tarix, mədəniyyət sahələrində fərqliliklə yoxdursa, birləşmək, ən azından düşmənlərə qarşı bir addımlar atmaq üçün əngəl qalmır. Geriyə sadəcə iradə və qərarlılıq nümayiş etdirmək qalır. 

Son illər Azərbaycanın bir çox tərəflərlə, həmçinin Mərkəzi Asiya ölkələri ilə əlaqələrini genişləndirməsi bunun bariz örnəyidir. Azərbaycan tarixi fürsəti görür, dəyərləndirir və imkanları yaxşı anlayır. “Bizim ailəmiz türk dünyasıdır” deyən Prezident İlham Əliyev də bu tarixi fürsəti məntiqi sonluğa çatdırmağı hədəfləyir. 

Mərkəzi Asiya ölkələrinin də bu ideyalara isti baxması gələcəyə doğan xoş üfiqlərdən xəbər verir. Geriyə yorulmadan, usanmadan əzmlə çalışmaq qalır... 

Həşim Səhrablı


SON XƏBƏRLƏR

16 Noyabr 2025