Azərbaycan və Türkiyə ikinci mərhələdə Azərbaycan qazının Suriyaya tədarük həcmini gündə 6 milyon kubmetrə çatdırmağı planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar "A Haber" telekanalının efirində bildirib.
O qeyd edib ki, hazırda Suriyaya gündəlik 3,4 milyon kubmetr Azərbaycan qazı tədarük edilir.
"Lakin tədarükün həyata keçirildiyi qaz kəməri gündəlik 6 milyon kubmetr qazın nəqli üçün nəzərdə tutulub. İkinci mərhələdə bu göstəricini 3,4 milyon kubmetrdən 6 milyon kubmetrə qədər artırmağı planlaşdırırıq", - A.Bayraktar deyib.
Nazir qeyd edib ki, bu tədarüklər qrant əsasında deyil, kommersiya əsasında həyata keçirilir.
"Azərbaycandan daxil olan təbii qaz Suriyaya ixrac edilir. Azərbaycan qaz tədarükü ilə bağlı öhdəlik götürüb və onu Suriyaya satır. Türkiyə qazın çatdırılması və nəqlinə görə məsuliyyət daşıyır və müvafiq logistikanı təmin edir. Bundan əlavə, Qətər İnkişaf Fondu bu layihənin maliyyələşdirilməsini təmin edir. Beləliklə, burada müəyyən kommersiya fəaliyyətindən söhbət gedir", - A.Bayraktar bildirib.
O əlavə edib ki, Azərbaycanda hasil olunan qaz Türkiyəyə, BOTAŞ-ın sisteminə daxil olur və bağlanmış mübadilə sazişinə əsasən, Türkiyə bu qazı Suriya-Türkiyə sərhədində, Yavuzlu bölgəsində təhvil verir.