"O yerin adı “Semaşko”, “1 saylı xəstəxana” deyil, heç “1 saylı Kliniki Tibbi Mərkəz” də deyil, sadəcə Kliniki Tibbi Mərkəzdir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu deyib.
Onun sözlərinə görə, bəzi xəbər saytları bilərəkdən və ya bilməyərəkdən yuxarıdakı keçmiş adlardan istifadə edir: "Qəti şəkildə sadə vətəndaşların, sosial şəbəkə istifadəçilərinin müraciət formasını hələ bura əlavə etmirəm. Bəzən görürsən ki, TV kanallarımızdan biri gözəl bir reportaj hazırlayır. Müsahibənin bir neçə yerində, məhz bilərəkdən mütləq “Kliniki Tibbi Mərkəz” adını işlədirik, amma efirə gedəndə müxbir yenə də “Semaşko” kimi tanınan 1 saylı xəstəxana deyir”. Axı niyə?!”
“Başa düşürəm, dilimiz artıq öyrəşib. Amma onu da bilirəm ki, bəzən əksəriyyət sözgəlişi danışanda metronun “İçərişəhər"stansiyasına hələ də “Bakısovet”, "Sahil"ə "26 Bakı komissarı", “Koroğlu” stansiyasına “Məşədi Əzizbəyov”, Xəzər rayonuna eləcə Əzizbəyov rayonu, Hökümət Evinə “Domsovet” və s. deyir , amma iş gəlib, rəsmi danışıq və ya rəsmi yazılış formasına çatanda mütləqdir ki, ən son dəyişiklik nədirsə, onu deyək. Yəni... Sadəcə KLİNİKİ TİBBİ MƏRKƏZ və ya qısa şəkildə KTM...”
Aytac Aslan
















