Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində arabir güclənən şimal-qərb küləyi əsir.
Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 24 m/s, Naftalanda 20 m/s, Goranboyda 19 m/s-yə çatır.
Gədəbəy, Xaltan, Astara, Qrız, Qusar, Xınalıqda şimşək çaxıb, arabir yağış, Şahdağda sulu qar yağıb.
Hazırda havanın temperaturu Bakıda və Abşeron yarımadasında 23, Naxçıvan MR-da 25, Aran rayonlarında 28, dağlıq rayonlarda 20, yüksək dağlıq ərazilərdə isə 6 dərəcəyədək istidir.
Bəs havanın belə dəyişkən keçməsi səhhətimizə necə təsir göstərir?
Daxili xəstəliklər uzmanı Həbib Sahtarov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, mövsümə uyğun hava şəraiti keçir:
“Aprel ayında hava nə isti olur, nə də soyuq. Havanın normadan bir az isti olmağı aldadıcı ola bilər. Yəni insanlar havaya aldanıb daha tez nazik geyimlərə keçə bilərlər”.
Həkim qeyd edib ki, bBu dönəmdə təkrar havaların soyuması soyuqlama ilə bağlı xəstəliklərin artmasına gətirib çıxara bilər. Ona görə, tələsməyək, paltarlarımızı bu qədər tez yüngülləşdirməyək.
Onun sözlərinə görə, xroniki xəstəliyi olan, immun sistemi zəif insanlar var:
“Havaların gah isti, gah soyuq olması orqanizmdə soyuqlama ilə bağlı xəstəliklərin artmasına, xroniki xəstəliklərin ağırlaşmasıba səbəb ola bilər”.
Aytac Aslan