Bakının Bayıl qəsəbəsində jurnalistlər üçün inşa olunmuş binaların idarəetməsi ilə bağlı problem yaranıb.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, hazırda binanın idarəetməsi ilə məşğul olan “Jurnalist Evi” MMC iyunun 1-dən etibarən fəaliyyətinə son qoymağı planlaşdırır. Buna səbəb kimi yığımın olmaması və kütləvi borcun yaranması göstərilib.
Buna səbəb kimi, yığımın olmaması və kütləvi borcun yaranması əsas göstərilib.
Binanın komendantı Orxan Mehdiyev bina sakinlərinin müntəzəm olaraq göstərilən xidmətlərlə tələb olunan borcları ödəmədiyini deyib. Onun sözlərinə görə, lift, xadimə və mühafizə xidməti dayandırılacaq.
MEDİA Agentliyindən lent.az-a bildirilib ki, Agentliyin Nizamnaməsində jurnalist binalarının sakinlərinə xidmət göstərmək kimi bir vəzifə nəzərdə tutulmayıb:
“Bu günə qədər bu xidmətin göstərilməyə davam etməsinin səbəbi indiyə qədərki təcrübəni tətbiq etmək, sakinləri çıxılmaz vəziyyətdə qoymamaq olub. Lakin hazırda belə bir fəaliyyətin davam etməsi üçün hüquqi əsas yoxdur”.
Mövzu ilə bağlı əmlak eksperti Ramil Qasımzadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, çoxmənzilli binaların idarə edilməsi üzrə üç forma mövcuddur. Bu formadan biri də Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) yaradılması və sakinlər tərəfindən sədrin seçilməsidir.
Ekspertin sözlərinə görə, həmin sədr binanın kommunal ödənişlərini və idarəetmə xərclərini müəyyən edərək payçılar arasında bərabər şəkildə bölür. Bölgü zamanı hər mənzilə düşən paya uyğun müəyyən miqdarda vəsait təyin olunur və sakin həmin aylıq ödənişləri ödəyir:
"Əgər hansısa sakin ödənişi etməkdən yayınırsa, cəmiyyətin üzvləri ona qarşı müəyyən tədbirlər görə bilirlər. Məsələn, bəzi Mənzil-Tikinti Kooperativlərində (MTK) sakinin kartı bloklanır və ya ödəniş etmədiyi kommunal xidmət dayandırılır. Əslində çoxmənzilli binalarda kommunal xərclərdən başqa, digər yığım növləri də mövcuddur. Bura mühafizə, əksər binalarda bağban xidməti, liftin istismarı, zibillərin daşınması və s. ödəniş növləri daxildir. Əgər binanın MMMC-i yoxdursa, bu ödənişlər MTK-nın əməkdaşlıq etdiyi hansısa şirkət tərəfindən həyata keçirilir".
R.Qasımzadə hesab edir ki, "Jurnalistlər Evi" ilə bağlı yaranan problemin həlli üçün sakinlər tərəfindən Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) yaradılmalı və ortaq qərar verilməlidir.

Ramil Qasımzadə: Əgər sakin ödənişi etməkdən yayınırsa...
Onun sözlərinə görə, jurnalistlər ölkənin güclü ödəmə imkanı olmayan kateqoriyasına daxildir. Media nümayəndələrinin maaşı elə də yüksək deyil. Ola bilər ki, bu baxımdan ödənişləri həyata keçirə bilməyiblər və mövcud problemlə üzləşiblər. Lakin istənilən halda mənzil sahibi ödənişləri etməlidir. Əks halda kommunal imkanlardan məhrum olması gözləniləndir.
Qeyd edək ki, MEDİA tərəfindən sakinlərə “Jurnalist Evi” MMC-nin ləğv edilməsi, özlərinin təşəbbüsü ilə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC-nin) yaradılması təklif edilib, prosedur izah olunub.
Ekspert bildirib ki, “Jurnalist Evi” MMC-nin ləğvi üçün bələdiyyəyə müraciət etmək mümkündür. Ləğv olunan MMC-nin yerinə isə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılmalıdır. Sakinlər tərədinsən yaradılan MMMC-nin sədri də elə bina sakinlərinin iştirakı ilə seçilir. Sədr seçimindən sonra binanın idarəetməsi barədə qərar qəbul oluna bilər. Əgər MMMC sədri idarəetməni öz üzərinə götürmək istəmirsə, bu halda hansısa şirkətlə əməkdaşlıq edə bilərlər.
Gülşən Şərif



jPG-1718971534.webp)
jpg-1718971314.webp)











