Azərbaycanda ABŞ dollarına tələbat artıb.
Bakıvaxtı.az xəbər verir ki, hazırda kommersiya banklarında dolların alış kursunun artması müşahidə olunur.
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, bəzi bankların özündə dollar tələbi yüksəlib.
“Daha yüksək alış kursu isə bazardan daha çox dollar cəlb etməyə xidmət edir. Bununla belə, dolların nağd satış kursunun ciddi dəyişməməsi isə ondan xəbər verir ki, bzinesdən kənar vayuta tələbi hələlik yüksək deyil”, - deyə V.Bayramov bildirib.
Devalvasiya məsələsinə diqqət çəkən deputat qeyd edib ki, Azərbaycanda üzən valyuta rejiminə keçid başa çatmadığı üçün manatın kursu birbaşa Mərkəzi Bankın intervensiyası ilə müəyyənləşir. Yəni, üzən valyuta sistemlərində məzənnəni bazar təklifinə uyğun proqnozlaşdırmaq olur, amma əgər kurs fiksdirsə o zaman dəyişikliklər birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olur.
Manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alsaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir. Bütün bunlar ilə yanaşı, praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.
Ramid İbrahimov
















