Çinin paytaxtı Pekində “Daha yaxşı gələcək üçün birlik” şüarı ilə Dünya Gənclər İnkişaf Forumu işə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, BMT-nin bir neçə təsisatının dəstəklədiyi foruma 130 ölkə və 20 beynəlxalq təşkilatdan iki mindən çox nümayəndə qatılıb. BMT-nin Davamlı İnkişaf Məqsədləri və Qlobal İnkişaf Təşəbbüsü gündəliyinin həyata keçirilməsinin gənclər tərəfindən təşviqinə xidmət edən tədbirin açılış mərasimində Gənclərin Orta və Uzunmüddətli İnkişaf Planının rəhbəri, Çin Kommunist Gənclər Liqasının birinci katibi A Don, BMT Baş katibinin müavini Amina Mohammed, Çinin Beynəlxalq İnkişaf Təşkilatının sədr müavini Cao Fentao, BMT Baş katibinin gənclərlə iş üzrə köməkçisi Felipe Paullier çıxış edərək forumun əhəmiyyətindən danışıblar.
Çin Gənclər Federasiyasının prezidenti Su Siao, BMT-nin Çindəki rezident əlaqələndiricisi Siddharth Çatterci, UNICEF-in “Generation Unlimited”un icraçı direktoru Kevin Frey və digərləri plenar müzakirələrdə iştirak edib, iştirakçıların suallarını cavablandırıblar.
Azərbaycanı forumda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının prezidenti, Dünya Gənclər İnkişaf Forumu İdarə Heyətinin üzvü Aytən Əliyeva təmsil edib.
Forum çərçivəsində Çinin Renmin Universitetində “Qlobal idarəçilikdə dəyişikliklər: sülh və təhlükəsizlik”, “ Davamlı inkişaf və gənc nəsillərə sərmayə”, “Elm, innovasiya, texnologiya və rəqəmsal əməkdaşlıq” mövzuları üzrə müzakirələr aparılıb. “Elm, innovasiya, texnologiya və rəqəmsal əməkdaşlıq” mövzusunda keçirilən müzakirələrdə çıxış edən Aytən Əliyeva müasir texnologiyaların gənclərin həyatındakı rolundan, onların əlçatanlığı üzrə əməkdaşlığın əhəmiyyətindən, gənclərin elmə və araşdırmalara cəlb olunmalarından, qadınların rolunun akademik arenada artılmasının önəmindən danışıb.
Avqustun 17-dək davam edəcək forum çərçivəsində Çinin müxtəlif şəhərlərində “Yaşıl inkişaf”, “Rəqəmsal inkişaf”, “Mədəniyyət varisliyi və innovasiya” və digər mövzularda tematik sessiyalar təşkil olunacaq. Aytən Əliyeva “Yaşıl inkişaf” sessiyasında Azərbaycanın COP29-la bağlı həyata keçirdiyi fəaliyyət haqqında məlumat verəcək və yaşıl inkişafla əlaqədar gələcək əməkdaşlıq imkanları barədə müzakirələrə qatılacaq.
Azərbaycan təmsilçisi Çin mediasına müsahibəsində ölkəmizdə gənclər siyasəti, Çin və Azərbaycan gəncləri arasında əməkdaşlıq, Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində gənclərin yolu, Çinin “Bir kəmər, bir yol” təşəbbüsü üzrə gənclərin əməkdaşlığı, Avropa ilə Çin arasında nəqliyyat bağlantısında Cənubi Qafqaz regionunun rolundan, Azərbaycan ilə Çin arasında imzalanan strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin gələcək əməkdaşlıq üçün əhəmiyyətindən söz açıb. /Azərtac