“Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsi dövründə törədilmiş bütün cinayətlərə görə həm dövlət olaraq Ermənistan, həm də ayrı-ayrı cinayətkar hərbi-siyasi qruplar və rəhbərləri hüquq qarşısında cavab verəcək”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Bəhruz Məhərrəmov bildirib.
“Prezident İlham Əliyevin CNN Türkə verdiyi müsahibədən də aydın olur ki, bu qələbəyə çox daha qısa müddətə nail olmaq mümkün imiş, lakin, dövlət başçısı insan tələfatının qarşısını almaq məqsədi ilə maksimum ehtiyatlı davranış taktikasını seçib. Nəticə etibari ilə Birinci Qarabağ müharibəsindən 7 dəfə daha az şəhid sayı ilə qələbə əldə edildi.
Ermənistanın birinci Qarabağ müharibəsi və aralıq dövrdə törətdiyi cinayətlər bəlli idi, 44 günlük savaşda da İrəvan sülh və insanlıq əleyhinə, o cümlədən humanitar cinayətləri törətməyə davam etdi. Sirr deyil ki, nə qədər ədalətsiz olsa da məğlubların mühakimə imkanları olmur. Birinci Qarabağ savaşından fərqli olaraq Vətən müharibəsində Azərbaycan qalibdir, mühakimə etmək və etdirmək üçün bütün imkanlara, habelə, gücə sahibdir”,-deyə deputat bildirib.
B.Məhərrəmov qeyd edib ki, Azərbaycan Vətən müharibəsindəki qələbəsinin reallaşması üçün uzunmüddətli tarixi hüquqi və siyasi yol keçib: “Ötən dövr ərzində Azərbaycan hakimiyyətinin təmkinli davranışının kökündə də məhz bu amil dayanıb. Xüsusən, prezident İlham Əliyevin səyləri nəticəsində müvafiq beynəlxlaq hüquqi bazanın formalaşması, iki və çoxtərəfli münasibətlərin yeni səviyədə qurulması, həmçinin daxili stabilliyin möhkəmlənməsi, ordu quruculuğu və müdafiə sənayesinin inkişafı nəticəsində qələbə üçün əsaslı zəmin formalaşdı.
Azərbaycan bu qələbəyə artıq 2016-cı ildə tam mənada hazır idi, aprel döyüşləri də əyani olaraq bunu göstərdi. Lakin, Azərbaycan hələ də beynəlxalq hüququn aliliyinə inanaraq sülh prosesini davam etdirdi. Ermənistan isə əksinə təcavüzkar mahiyyətindən çəkinmədi və ötən il ərzində uğursuzluqla bitən üç böyük təxribat cəhdində bulundu. Sonuncu dəfə isə Müzəffər Ali Baş Komandan əks hücum əmri verdi və Ermənistan, habelə onun havadarlarından ibarət şər blokun üzərində böyük qələbə üçün Azərbaycana 44 gün lazım oldu”.
Ramid İbrahimov
















