• Bakı 15° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Ermənistanın Rusiyaya xəyanəti: İrəvanın Qərbə yaxınlaşması Kremli hiddətləndirdi

SİYASƏT

23 Aprel 2024 | 12:19

Ermənistanın Rusiyaya xəyanəti: İrəvanın Qərbə yaxınlaşması Kremli hiddətləndirdi

"Rusiya sülhməramlı kontingentinin Qarabağdan vaxtından əvvəl çıxması Azərbaycan dövlətinin həyata keçirdiyi strateji siyasətin nəticəsidir".

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.

Ekspert bildirib ki, Azərbaycan dövləti kritik anlarda təmkinli davrandı və siyasi eskalasiyaya getmədi:

"Azərbaycan uzunmüddətli dövrdə öz siyasi maraqlarını qorumağa çalışdı. Xatırlayırsızsa, Soçi görüşü ərəfəsində belə Azərbaycanda sülhməramlı kontingentin qalma müddətinin 10-15 il uzadılması barədə müzakirələr, görüşlər keçirilirdi. Ermənistan baş naziri Nikol Paşinyan da buna razılıq vermişdi. Ancaq Azərbaycan Prezidenti İlham Əliyev həm Bakıda, həm də Şuşada hərbçilər qarşısında çıxışı zamanı dedi ki, rus sülhməramlılarının Qarabağda qalma müddəti uzadılmayacaq. Bakı Moskvanı qıcıqlandıracaq açıqlamalar verməyə çalışmırdı, amma eyni zamanda addım-addım öz strateji planını həyata keçirirdi. Məhz bunun nəticəsidir ki, rus qoşunları vaxtından xeyli əvvəl Azərbaycandan çıxmağa başladı”.

Onun sözlərinə görə, əslində Rusiya sülhməramlı kontingentinin Qarabağda qalmasının əhəmiyyəti yoxdur:

"Qarabağda ermənilər demək olar ki, qalmayıb, könüllü olaraq torpaqlarımızı tərk ediblər. Rus əsgərləri Qarabağda erməni icmasını guya qorumalıydı. Ermənilər çıxandan sonra silahları mühafizə edəcəklərini dedilər. O da reallaşmadı. Müxtəlif metodlarla hərbçilərin qalma müddətini uzatmağa çalışdılar. Amma rusların qalması üçün heç bir səbəb qalmamışdı”.

Turab Rzayev, politoloq

Müsahibimizə görə, məsələ ondadır ki, hazırda Ukraynada rus əsgərinə və texnikasına daha çox ehtiyac var:

“Son nəticədə Azərbaycan dövlətinin qətiyyətli mövqeyi ilə razılaşmalı oldular. Təbii, geosiyasi vəziyyət də burada rol oynadı. Ermənistanın Rusiyaya açıq şəkildə xəyanət etməsi, rus ittifaqlarında rəsmən təmsil olunsa da, Moskvadan uzaqlaşması, Qərbə yaxınlaşması Kremli hiddətləndirdi. İndi Rusiyada Ermənistanı nəinki dost, müttəfiq sayırlar, hətta tərəfdaş kimi belə görmürlər. Rusiya da belə məqamda ermənilərə verilən dəstəyin mənasız olduğunu başa düşdü. Ona görə də Azərbaycanla strateji müttəfiqliyi pozmaq istəmədi. Azərbaycanın bütün ərazilərinə öz ordusunun nəzarət etməsi, torpaqlarımızda heç bir xarici ölkənin hərbi gücünün olmaması tarixi yeniliik və müvəffəqiyyətdir".

Aydın Baxış


SON XƏBƏRLƏR

03 May 2024