Türkiyədə FETÖ ilə əlaqədə olduğu üzə çıxan 445 polis vəzifəsindən uzaqlaşdırılıb. Bu şəxslərə qarşı inzibati istintaq başladılıb.
Xatırladaq ki, Türkiyədə 2016-cı ilin iyulun 15-də baş vermiş hərbi çeviliş cəhdindən sonra FETÖ terror şəbəkəsinin dövlət qurumlarından, xüsusən huquq-mühafizə orqanlarından təmizlənməsi yönündə ciddi və ardıcıl addımlar atıldı. Hətta ötən müddət ərzində çoxları təhlükənin aradan qalxdığını, terrorçu şəbəkənin tamamilə çökdürüldüyünü düşündü. Lakin uzun aradan sonra 445 polisin FETÖ şübhəlisi kimi saxlanması təhlükənin ortadan qalxmadığını söyləməyə əsas verir.
Politoloq Natiq Miri Bakıvaxtı.az-a deyib ki, söhbət hörümçək toru kimi özünü büruzə verməyən gizli hücrələrdən gedir.
Ekspertin fikrincə, hərbi çevriliş cəhdindən sonra təmizləmə prosesi başlasa da, gizli hücrələr özlərini aşkar etmədilər: "Çünki şəbəkəyə yuxarıdan verilən tapşırıq belə idi. FETÖ şəbəkəsi elə qurulub ki, bəzən müəyyən hücrələrin üzvləri başqa hücrələrin təmsilçilərini tanımırlar. Ona görə də FETÖ şəbəkəsini birmənalı ifşa etmək və zərərsizləşdirmək asan deyil”.
Onun sözlərinə görə, həmçinin, şəbəkə üzvlərinin bir-biri ilə əlaqələri onlar üçün xüsusi yaradılmış sosial şəbəkələr vasitəsi ilə həyata keçirilir: “Bu amil də şəbəkənin ifşasına mane olur. Digər məsələ odur ki, FETÖ birdəfəlik bitmir. Çünki zərərsizləşdirilən hücrələrin yerini yeniləri əvəzləyir. Dövlət qurumlarına sızmış yeni şəxslər həmin strukturlarda yenidən şəbəkələşməyə başlayırlar. Xüsusən, hüquq-mühafizə orqanlarına imtahanların, tələbə qəbulu komissiyalarının tam təmizlənməsi də başa çatmayıb".
N.Miri hesab edir ki, görünür, hələ də komissiyalarda tələbələrə hazır imtahan cavabları verilir: "Məhz ona görə şəbəkə üzvləri tələbə adını qazana və sonradan dövlətin qurumlarına, müvafiq güc strukturlarına təyinat ala bilirlər. İlk növbədə oralara sızmanın qarşısını almağa ehtiyac var. Bu elə bir sistemdir ki, dövlətin təhlükəsizlik sistemində balaca boşluq yarandığı halda dərhal təhlükəli şəbəkə hərəkət keçir. Dövlətin hüquq-mühafizə və təhlükəsizlik orqanları bu şəbəkəyə qarşı amansız mübarizə aparmalıdır".
Aydın Baxış



jpg-1706524786.webp)











