Xəbər verdiyimiz kimi, Gömrük Komitəsinin daha bir generalı həbs edilib.
Bakıvaxtı.az xatırladır ki, Gömrük Xidmətinin Baş Əməliyyat və İstintaq İdarəsinin general-mayoru, 48 yaşlı Məsum Rəsulov keçirilən xüsusi əməliyyat zamanı həbs edilib.
M.Rəsulov 2018-ci ildən Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi və İstintaqın Fəaliyyəti Baş İdarəsinin rəisi vəzifələrində çalışıb.
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Gömrük Komitəsinin ayrı qurum kimi fəaliyyət göstərməsi məntiqsizlikdir:
“Mən belə başa düşürəm ki, Prezident İlham Əliyev komitəni bu üsulla ləğv etmək istəyir. Gömrük Komitəsinin ayrıca, müstəqil qurum kimi olması məntiqlizlikdir".
Ekspert qeyd edib ki, adıçəkilən komitənin səlahiyyətlərinin böyük bir qismi ləğv edilməli, İqtisadiyyat Nazirliyinin və ya Maliyyə Nazirliyinin nəzdində kiçik bir departamentə çevrilməlidir.
Qeyd edək ki, son günlərdə DGK-nin bir neçə məmuru ayrı-ayrı vaxtlarda keçirilən əməliyyatlar nəticəsində saxlanılıb. Bunlar arasında Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev, Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərov, “Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov da var.
Nuranə Daxilqızı
















