“Düzgün qidalanma, yuxu rejimi və aktiv həyat tərzi olan şəxslərin immun sistemi güclü olur”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev nazirliyin “İnstagram” səhifəsində canlı yayımda immunitet çatışmazlığı və xroniki yorğunluq haqqında danışarkən deyib.
Onun sözlərinə görə, oturaq həyat tərzi fəs-fud qidalar immun sistemini zəiflədir:
"Enerji içkiləri də immun sistemini zəiflədir. Sudan istifadə isə immunteti gücləndirir".
“Güclü immun sistemi sağlamlığın vacib şərtidir. İmmun sisteminin fəaliyyətini zəiflədən bir sıra amillər var” deyən Zakir Quliyevin sözlərinə görə, qidalanma və bəzi vərdişlər bu amillərdəndir:
“Normadan artıq, qeyri-sağlam qidalanma immun sisteminin fəaliyyətini aşağı salan diabet və piylənmə riskini artırır. Arıqlamaq üçün pəhriz saxlayanların az və ya tək tip qidalanması, həmçinin mikroelement və vitaminlərin qida rasionunda çatışmazlığı immun sisteminin funksiyasını azaldır ki, bu da nəticədə bədənin xəstəliklərə qarşı müqavimətini zəiflədir”.
Z.Quliyev qeyd edib ki, həddindən artıq şəkər qəbulu immun sisteminin fəaliyyətinə mənfi təsir edir, orqanizmin infeksiyalara qarşı müdafiəsini zəiflədir:
“Siqaret və alkoqol istifadəsi, radiasiyaya məruz qalma, keyfiyyətsiz yuxu və yuxunun az olması, istirahət etməmək, həddindən artıq stress yükü, tez-tez antibiotik istifadəsi və digər amillər immun sistemimizin zəifləməsinin əsas səbəblərindəndir”.
Aydın Baxış















