• Bakı 26° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

“O qədər həyəcanlandım ki, hər şeyi unutdum” - Abituriyentlərin imtahanqabağı stressi

CƏMİYYƏT

21 May 2024 | 10:14

“O qədər həyəcanlandım ki, hər şeyi unutdum” - Abituriyentlərin imtahanqabağı stressi

Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü il keçiriləcək imtahanların zamanı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 26-da, I və IV ixtisas qrupları üzrə iyunun 2-də keçiriləcək.

Məlumdur ki, 11 il ərzində oxuyub ali məktəbə qəbul olmaq üçün çalışan abituriyentlər kiyafət qədər stress yaşayırlar. Bu stress isə onların nəticələrinə təsirsiz ötüşmür.

Eyni zamanda təəssüflər olsun ki, imtahan sonrası intihar hallarının sayı artır və burda valideyn basqısı da böyük rola malikdir.

Bəs görəsən bu stresslə mübarizədə nə etmək lazımdır? Valideynlər imtahan öncəsi övladları ilə münasibətdə nələrə diqqət etməlidirlər?

Bu barədə Bakıvaxtı.az-a danışan psixoloq Elnur Rüstəmov bildirib ki, müxtəlif yaş dövlərində insanların gündəlik olaraq müxtəlif səbəblərdən, şəxsi və sosial, mənəvi və maddi problemlərlə bağlı olaraq tez-tez stress və yorğunluq keçirdiyi danılmazdır.

Onun sözlərinə görə, əsasən də yeniyetməlik dövründən başlayan bu stress və həyəcan, önəmli mərhələ sayılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında özünü daha çox büruzə verir və imtahana hazırlıq prosesində şagirdin psixoloji durumunda ciddi fərqlər müşahidə olunur:

“Bu fərqlərin əsas səbəbi şagirdə yüklənən məsuliyyətin dərəcəsi, ətrafdan, əsasən də valideyn və müəllimlərdən gələn təzyiq, daim oxumaq və dərslərlə yüklənmək, həmçinin ciddi psixoloji sarsıntılar yaradan uğursuzluq və gələcək qorxusu aiddir. Bütün bu hallar toplanaraq yeniyetmənin psixoloji sağlamlığında mənfi izlər buraxmaqla yanaşı fiziki cəhətdən zəifləməsinə də səbəb olur”.

E.Rüstəmov stressin imtahan dövründə mövcud psixi sağlamlıq problemlərinin öhdəsindən gəlməyi çətinləşdirdiyini vurğulayaraq qeyd edib ki, bu dönəmdə yaranan problemlərin həllinin böyük bir hissəsi ailənin və müəllimlərin dəstəyi ilə bağlıdır:

“Bu dəstəyə həmçinin abituriyentin ixtisas seçiminə kəskin müdaxilələrin edilməsi də daxildir. İxtisas seçimində abituriyentin maraq dairəsinə uyğun və uğurlu olacağı sahəni seçmək hər iki tərəf üçün daha doğru olacaqdır”.

Elnur Rüstəmov: Aşağı nəticə göstərən abituriyentlərə ailə və cəmiyyətdə olan aqressiv münasibət daha tez təsir edir

Psixoloq imtahan stressinin öhdəsindən gəlmək üçün psixoloji dəstəyin göstərilməsinin olduqca önəmli və kompleks proses olduğunu diqqətə çatdırdı və bildirdi ki, mütəxəssislər bu dövrdə abituriyentlərə imtahana hazırlıq prosesindən əlavə özünə və zövq aldığı fəaliyyətlərə vaxt ayırmağı, ətrafı və ailəsi ilə daim ünsiyyətdə olmağı, təhsil və sağlamlıq arasındakı balansı qorumağı, psixoloji sağlamlığın əsasında fiziki sağlamlığa da diqqət yetirməyi tövsiyə edir:

“Eləcə də imtahana hazırlıq prosesi təkcə dərslə bağlı məqsədlərin yerinə yetirilməsindən ibarət olmamalıdır, bu proses özündə məqsədlərin uğurla həyata keçirilməsi ilə bağlı mükafatları da ehtiva etməlidir”.

Müsahibimiz həmçinin imtahan sonrası intihar hallarının artması məsələsinə toxunaraq söyləyib ki, bu gün ölkəmizdə və dünyada qəbul imtahanında aşağı nəticə göstərən abituriyentlər arasında ən çox baş verən hallar - gənc oğlan və qızların özünə zərər verməsi, suisidal məqsədlərin, cəhdlərin və nəhayət, tamamlanmış intiharlar yetəri qədər narahatlıq doğurur.

Bu problemin kökünə nəzər saldıqda səbəbin məhz ailədən başlanğıc götürdüyünü açıq-aydın görməyin mümkünlüyünü vurğulayan ekspert bir daha qeyd edib ki, bir tərəfdən imtahan sıxıntısı, digər tərəfdən özünün gərginliyi, eyni zamanda valideynlərin basqısı üst-üstə gəldikdə, gəncin psixoloji problemləri daha çox baş qaldırır və nəticədə o yaşamaq istəmir.

Psixoloq əlavə edib ki, aşağı nəticə göstərən abituriyentlərə ailədə və cəmiyyətdə olan aqressiv münasibət daha tez təsir edir və beləliklə də intihar və digər psixoloji pozuntu halları sürətlə baş qaldırır:

“Ona görə də bu məsələdə ən vacib nüans ilk növbədə valideynlərin övladlarının qayğısına qalması, onları uğur və uğursuzluqları ilə birlikdə qəbul etməsidir”.

Həmsöhbətimiz son olaraq imtahanlarda uğur qazanmamağın normal hal olduğunu, imtahanların tək bir il üçün nəzərdə tutulmadığını yada salaraq qeyd edib ki, bu gün ölkəmizdə ali təhsil müəssisələrinə qəbul şərtləri olduqca əlverişlidir və imtahanda uğursuz nəticə əldə edən abituriyentlər üçün yetəri qədər qəbul şansı verilir.

“Unutmayaq, bu həyatda hər kəsin dəyəri və həyata gəlmək məqsədi var. İmtahanlarda yaxşı nəticə göstərməyən bir çox insan cəmiyyətə və dünyaya olduqca böyük faydalar verə bilər. Valideynlər bu məsələdə övladlarına daha çox həssaslıqla yanaşmalıdırlar. Çünki valideyn üçün övlad, sadəcə "övlad" olduğu üçün sevilir”, - deyə Elnur Rüstəmov qeyd edib.

Mina Mikayılova


SON XƏBƏRLƏR