İranda keçiriləcək 14-cü prezident seçkiləri üçün namizədlərin müraciət prosesi davam edir. İyunun 28-də keçirilməsi planlaşdırılan prezident seçkiləri üçün namizədlərin sayı artıq 80-nə çatıb.
İyunun 4-dən etibarən Konstitusiyanın Keşikçiləri Şurası namizədlərin ölkə prezidenti postunun tələblərinə uyğun olub-olmadığını müəyyən etmək üçün bir həftə ərzində sənədləri araşdıracaq. Namizədlərin yekun siyahısı iyunun 11-də açıqlanacaq.
İran qanunvericiliyinə əsasən, namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, iyulun 5-də ən çox səs toplayan iki namizədin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.
Maraqlıdır ki, İranda bu qədər namizəd sayının olmasına hansı amillər təsir edir?
Siyasi şərhçi Azər Həsrət Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, İranda prezidentliyə namizədlərin say çoxluğu kimlərinsə yaranmış boşluqdan istifadə etməyə çalışmasıdır.
Onun sözlərinə görə, bütün hallarda yeni seçilən prezident nələrisə kökündən dəyişməyə qadir olmayacaq.
"Qonşu İranda baş verən prosesi hər kəs diqqətlə izləyir. Çünki İran Azərbaycanın birbaşa sərhəd qonşusudur. Bundan başqa, İranda təxminən 40 milyon soydaşımız yaşayır. İranda baş tutacaq seçkilər fonunda namizədlər arasında əvvəllər siyasətin zirvəsində olan, Tehranı idarə etmiş şəxslər var. Bu şəxslərin dövründə xüsusən də Cənubi Azərbaycan türklərinin məsələləri həll olunmayıb. Əksinə problemlər daha da çətinləşdirilib. Ona görə də həmin şəxslərdən birinin prezident seçilməsi yaxşı nəticələrə doğru dəyişikliyin olmamasına yol açacaq. İran daxildə islahatlara getməyə hazır deyil. Prezidentliyə namizədlər arasında da bu fikirdə olan şəxs yoxdur".

Azər Həsrət: Seçkilərə rəng qatmaq üçün qadınların da iştirakına şərait yaradılıb
Qadın namizədlərə də toxunan Azər Həsrət hesab edir ki, qadınların seçkilərdə qalib gələcəyi ağılabatan deyil.
"İran seçkilərə rəng qatmaq üçün qadınların da iştirakına şərait yaradıb. Lakin nəticə etibarilə əvvəllər də siyasətdə olmuş kişi namizədlərdən biri qalib gələcək. Həmin şəxs isə bütövlükdə İran türklərinin problemlərini həll etməyəcək".
Qeyd edək ki, namizədlərin qeydə alınması prosesi mayın 30-da başlanılıb və bu gün axşam başa çatacaq. Namizədlərə təşviqat kampaniyası aparmaq üçün 14 gün ayrılacaq.
Gülşən Şərif








jpg-1720077383.webp)







