Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə Almaniyanın Münhen şəhərinə yola düşüb.
Paşinyan 16-18 fevral tarixlərində Almaniyada səfərdə olacaq, Münhen Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimində iştirak edəcək. Həmçinin, bir sıra xarici ölkə rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək.
Qeyd olunub ki, hökumət başçısı Münhen Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimində iştirak edəcək. Eyni zamanda beynəlxalq forum çərçivəsində həmkarları ilə ikitərəfli görüşlər də nəzərdə tutulub. Paşinyanla bərabər, Münhenə Anna Akopyan və XİN başçısı Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyan da yollanıb.
Qeyd edək ki, konfransda Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı planlaşdırılır.
Siyasi şərhçi Tural İrfan Bakıvaxtı.az-a açıqlamasında deyib ki, bəzi Qərb dövlətlərinin təsirinə düşmüş Ermənistan Azərbaycanla birbaşa danışıqlara və müstəqil qərar vermək cəsarətinə sahib deyil:
"Ermənistan baş naziri Nikol Paşinyanın Münhendə hansısa açıqlama verməsi, müəyyən görüşlər keçirməsi heç nəyi dəyişməyəcək. Düzdür, Münhen konfransında Azərbaycan əleyhdarlarının Nikol Paşinyanı Azərbaycana qarşı təhrikedici səylərə təşviq edəcəkləri gözlənilir. Xüsusən, Fransadan sonra Almaniyanın da prosesdə fəal iştirakı Qərbin Ermənistan kartından Cənubi Qafqazda Rusiyaya qarşı istifadə planının tərkibidir. Lakin Azərbaycan öz mövqeyində möhkəmdir və əsas məsələlər həll olunub. Azərbaycan Prezidentinin iştirak etdiyi bütün beynəlxalq konfranslarda haqlı mövqeyimiz əsaslandırılmış şəkildə ortaya qoyulub və üstünlük Azərbaycanın olub. Bu dəfə də belə olacağına şübhə yoxdur".

Tural İrfan: Ermənistan Azərbaycanla birbaşa danışıqlara və müstəqil qərar vermək cəsarətinə sahib deyil
Həmsöhbətimizin qənaətincə, Ermənistanın Azərbaycana vurduğu maddi-mənəvi zərərin ödənməsindən yayınmağa çalışan İrəvan qəsdən Qərb ölkələrinin diktəsinə gedir:
"Ancaq Paşinyan hökumətinin belə addımları Azərbaycanla birbaşa sülh münasibətlərinin qurulmasını ləngidir. Eyni zamanda üçtərəfli sazişdə imzası olan Rusiya ilə münasibətləri gərginləşdirir. Münhendə gizli səlibçi təfəkkürdə olanların alət kimi istifadə etdikləri Ermənistanı Azərbaycana qarşı qızışdıracaqları ehtimalı yüksəkdir. Fəqət Azərbaycanın güclü mövqeyi, güclü tərəfdaşları, siyasi-hərbi üstünlüyü sonda Ermənistanın özünü yalnız qoyacaq. Sülh müqaviləsi bağlamaq üçün Qərbin ağzına baxan Paşinyan son nəticədə yenə də uduzmuş durumda qalacaq. Paşinyanın manipulyasiya və spekulyasiyaları nəinki fayda vermir, əksinə Ermənistanı geri salır. Azərbaycan ilə münasibətlərdə durğunluğu gətirir. Hesab etmək olar ki, Ermənistanın Qərbin təsiri ilə Azərbaycan və Türkiyəyə qarşı ikiüzlü, qeyri-ciddi davranışları nəticədə bu ölkənin özünü çıxılmaz duruma salacaq".
Aydın Baxış
















