Cənubi Afrika ölkəsi Namibiya İsrailə silah aparan gəminin öz ərazi sularına və "Walvis Bay" limanına girməsinə icazə verməyib.
Bakıvaxtı.az "New Era" qəzetinə istinadən xəbər verir ki, Namibiyanın ədliyyə naziri Yvonne Dausab və Namibiya Liman İdarəsi daxil olmaqla, müvafiq qurumlara İsrailə silah daşıyan "MV Kathrin" adlı gəminin ölkənin ərazi sularına buraxılmaması barədə göstəriş verib.
Namibiya Polis Gücü tərəfindən aparılan ətraflı araşdırma nəticəsində gəminin partlayıcı maddə daşıdığı aşkarlanıb. Ona görə də İsrail və gəminin Namibiya sularına girməsi qadağan edilib.
Fələstində zorakılığa son qoyulması çağırışı edən Dausab bildirib ki, bir gəminin İsrailə silah daşıya biləcəyinə dair xəbərləri aldıqdan sonra müvafiq qurumlara məktub yazdıq və təkcə Soyqırım Konvensiyası çərçivəsində deyil, həm də bəyan edildiyi kimi beynəlxalq öhdəliklərimizi yerinə yetirdik:
"Başda Afrika ölkələri olmaqla, bütün dövlətlər İsrailə qarşı açıq mövqe nümayiş etdirməlidir. Namibiya Fələstin xalqının öz müqəddəratını təyinetmə, işğaldan azad olmaq hüququnu dəstəkləməkdə qərarlıdır və onlara qarşı davam edən soyqırımı pisləyir".
Qeyd edək ki, İsrailə silah aparan gəminin haradan gəldiyi ilə bağlı heç bir açıqlama verilməyib.
Gülşən Şərif
















