Onlayn media nümayəndələri üçün “Sosial media idarəçiliyi: trendlər, problemlər və həlləri” mövzusunda təlim təşkil edilib.
Bakıvaxtı.az xəbər verir ki, təlim zamanı jurnalistlər günün trendləri olan açar sözlərdən istifadə, sosial şəbəkələrdə reklam, məlumat axtarış sistemlərində ilk sıralarda çıxma, aktiv oxucu qazanmaq metodları və digər mövzularda məlumatlar əldə edib.
“Sosial-ictimai məsuliyyət” dəyərini rəhbər tutan "Avrora Qrup" şirkətinin həyata keçirdiyi bu layihənin məqsədi Azərbaycanda onlayn media sahəsində çalışan jurnalistlərin günümüzün aktual sahələrindən biri olan sosial media idarəçiliyində peşəkarlıqlarının artırılması və xəbər protallarına aktiv oxucuların cəlb edilməsi olub.
Təlimçilər qeyd edib ki, mediada hazırda oxunma zamanı deyil, görüntü zamanıdır. Oxucuları itirməmək üçün sosial şəbəkə səhifələrində tez-tez xəbər paylaşılmamalıdır. Veb saytın və xəbərin önə çıxması üçün insanların reaksiyasını ala biləcək xəbərləri paylaşmaq lazımdır. İnternetdə axtarış zamanı xəbərin ön sırada olması üçün şəkillər keyfiyyətli olmalı və şəkilə ad vermək lazımdır. Kontentlə vizual bir-birini tamamlamalıdır. Xəbərin hədəf kütləsini doğru müəyyənləşdirmək lazımdır.
Trendlər və yenilikləri jurnalistlərə peşəkar təlimçilər Samir Mehdi və Turqut Həmid çatdırıb. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Təlimdə Bakıvaxtı.az-ın əməkdaşı Ramid İbrahimov da iştirak edib.


















