Avtomobildə təhlükəsizlik kəmərindən və boyun qoruyucularından istifadə edilməməsi travmaların ağırlığını dəfələrlə artırır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktorunun müavini - baş həkim Nizami Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, təhlükəsizlik kəmərindən istifadə etməyən şəxslərdə ətrafların travmatizasiyası, bədənin müxtəlif nahiyələrinin zədələnməsi 2-3 dəfə daha çox qeydə alınır. Baş həkim bildirib ki, kəmərdən istifadə edilməməsi qəza zamanı bədənin avtomobil daxilində sərbəst hərəkətinə səbəb olur və bu da çoxsaylı travmalarla nəticələnir.
Nizami Məmmədov qeyd edib ki, təhlükəsizlik kəməri ilə yanaşı, xüsusilə boyun nahiyəsini qoruyan xüsusi başlıqların istifadəsi də olduqca vacibdir. Onun sözlərinə görə, sürət həddi aşdıqda və ya qəfil dayanma zamanı başın əvvəl önə, sonra isə arxaya kəskin hərəkəti boyun və baş travmalarına səbəb ola bilər.
Baş həkim vurğulayıb ki, bu cür qoruyucu vasitələr boyun, baş və əzələ-sümük sistemi travmalarının qarşısının alınmasında mühüm rol oynayır və sürücülər tərəfindən mütləq şəkildə istifadə olunmalıdır.
Zeynəb Rzayeva
Bakı 




