Xəbər verdiyimiz kimi, KEQ müqavilə-tədqiqat şirkətinin baş direktoru, rusiyalı ictimai səhiyyə eksperti, immunoloq, tibb üzrə fəlsəfə doktoru Nikolay Kryuçkov koronavirusla bağlı vəziyyəti şərh edərkən payızda kəskinləşmə dövrünü gözlədiyini deyib. Onnu fikrincə, bu, təkcə Rusiyada yox, eləcə də qonşu ölkələrdə, o cümlədən Azərbaycanda gözlənilir.
Kryuçkov hesab edir ki, yoluxma sayı artmağa başlayarsa, o zaman karantin yenidən tətbiq edilməli olacaq, belə halda xəstəxanaya yerləşdirmə və ölümləri gözləməyə ehtiyac yoxdur.
Rus alimin sözlərinin doğru olma ehtimalı nə qədərdir?
Tibbi ekspert Rasif Bağırov Bakıvaxtı.az-a bildirib ki, bu, konkret olaraq Azərbaycan və Rusiyanı əhatə etmir: “Onlar bu məsələ ilə bağlı müəyyən ehtimallar edirlər. Bu ehtimalların əsası ondan ibarətdir ki, hal-hazırda Çinin Şangay şəhəri Omikronun yeni variantına görə karantin halındadır. Rusiya və Azərbaycanın da Çinlə kifayət qədər əlaqəsi, gediş-gəlişi var. Bu gediş-gəlişlər həmin virusun yayılmasını təmin edə bilər. Bu səbəbdən, belə ehtimallar irəli sürülür”.
Ekspert deyib ki, hazırda virusa çox nadir hallarda rast gəlinir: “Demək olar, bütün dünyada bu proses dayanıb. Qeyd etdiyim ehtimal olmasa, virus özlüyündən necə arta bilər ki?! Qrip kimi yüngül viruslar ola bilər, ancaq koronavirus kimi xəstəliklərin artması ancaq bu prinsipə əsaslanır”.
Aytac Aslan
















