Laçının işğalından artıq onilliklər keçsə də, həmin günlər Azərbaycan siyasi tarixinin ən ağır və ən mübahisəli səhifələrindən biri kimi qalır. 1992-ci ilin mayında əvvəl Şuşanın, ardınca isə Laçının itirilməsi təkcə hərbi məğlubiyyət deyildi. Bu hadisələr dövlət idarəçiliyində xaosun, siyasi məsuliyyətsizliyin və hakimiyyət uğrunda daxili çəkişmələrin ölkəni hansı fəlakətə sürükləyə biləcəyinin açıq nümunəsinə çevrildi. O dövrdə AXC-Müsavat hakimiyyətinin verdiyi qərarlar, orduda yaranmış nizamsızlıq və müdafiə xəttindəki idarəetmə böhranı nəticəsində Azərbaycanın strateji bölgələri faktiki olaraq müdafiəsiz vəziyyətdə qaldı. Şuşa və Laçının itirilməsi ilə Qarabağla Ermənistan arasında birbaşa quru əlaqəsi yaradıldı və bu, müharibənin gedişində dönüş nöqtəsinə çevrildi.
Həmin dövrün ən çox yadda qalan simalarından biri də müdafiə naziri olmuş Rəhim Qazıyev idi. Onun “Şuşa düşsə, başıma güllə vuraram” açıqlaması illər keçsə də Azərbaycan cəmiyyətinin yaddaşından silinməyib. Çünki verilən vədlərlə reallıq arasında böyük uçurum vardı. Şuşa işğal olundu, ardınca Laçın əldən çıxdı, amma məsuliyyət anlayışı ortada görünmədi. O illərin əsas faciələrindən biri də məhz bu idi: xalq döyüşürdü, şəhid verirdi, amma siyasi rəhbərlikdə vahid komanda, peşəkar idarəetmə və strateji koordinasiya yox idi.
Şuşanın işğalından sonra yayılan görüntülər isə Azərbaycan cəmiyyətində dərin travma yaratdı. Ermənilərin şəhərə sevinclə daxil olması, küçələrdə rahat şəkildə hərəkət etməsi, bəzi erməni dairələrinin hətta bunu “hədiyyə” adlandıraraq o dövrkü Azərbaycan rəhbərliyinə istehzalı təşəkkür etməsi həmin mərhələdə dövlətin necə zəif vəziyyətə düşdüyünü göstərirdi. Çünki, Şuşa sadəcə bir şəhər deyildi. Şuşa Azərbaycan ruhunun, mədəniyyətinin və tarixi yaddaşının simvolu idi. Onun itirilməsi cəmiyyət üçün həm hərbi, həm də mənəvi sarsıntıya çevrildi.
Laçının işğalı isə vəziyyəti daha da ağırlaşdırdı. Rayonun strateji mövqeyi Ermənistanla Qarabağ arasında əsas keçid rolunu oynayırdı. Laçının itirilməsi ilə Azərbaycan faktiki olaraq bölgədəki üstünlüklərini daha da zəiflətdi. Minlərlə insan öz doğma yurdunu tərk etmək məcburiyyətində qaldı. Ailələr dağıldı, kəndlər boşaldı, insanların yaddaşında ağır köç səhnələri qaldı. O dövrdə dövlətin zəifliyi sadə insanların faciəsinə çevrilmişdi.
Lakin tarix bununla bitmədi. Azərbaycan illər ərzində güclü dövlət quruculuğu modeli formalaşdırdı, ordu yenidən quruldu, iqtisadi potensial artırıldı və siyasi idarəetmədə mərkəzləşmiş strategiya yaradıldı. Məhz bunun nəticəsində 2020-ci ildə başlayan Vətən müharibəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Daha sonra Laçının Azərbaycana qaytarılması prosesi isə fərqli mərhələnin göstəricisi oldu. Laçın bir güllə atılmadan geri qaytarıldı. Bu, həm hərbi gücün, həm diplomatik təzyiqin, həm də siyasi iradənin nəticəsi idi. Minlərlə insanın həyatı xilas edildi, yeni itkilərin qarşısı alındı. Bu proses Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi və hərbi strategiyanın ən mühüm nəticələrindən biri kimi qiymətləndirilir.
Bu gün Laçına baxanda tamamilə başqa mənzərə görünür. İllərlə viran qoyulmuş torpaqlarda həyat yenidən canlanır. Yeni yollar çəkilir, tunellər inşa olunur, məktəblər, yaşayış kompleksləri tikilir. Laçın artıq təkcə azad edilmiş rayon deyil, həm də Azərbaycanın postmüharibə quruculuq modelinin simvollarından birinə çevrilib. Prezident İlham Əliyevin Laçına etdiyi səfərlər, oradan verdiyi mesajlar da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Onun “Biz bu torpaqlara əbədi qayıtmışıq” mesajı təkcə siyasi bəyanat deyil, həm də illərlə yurd həsrəti çəkən insanların mənəvi qələbəsinin ifadəsi idi.
Bu gün Laçında dalğalanan Azərbaycan bayrağı bir həqiqəti göstərir: zəif dövlət torpaq itirə bilər, amma güclü dövlət tarix yazır. 1992-ci ildə yaşanan faciələr siyasi məsuliyyətsizliyin nəticəsi kimi yadda qaldısa, bugünkü Laçın güclü dövlət idarəçiliyinin, strateji səbrin və milli birliyin nəticəsi kimi tarixə düşür.
Züriyə Qarayeva
Bakı 




