• Bakı C

    13.97 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Latviya və Estoniya Ottava Konvensiyasından niyə çıxdılar? - ŞƏRH

DÜNYA

19 Mart 2025 | 14:54

Latviya və Estoniya Ottava Konvensiyasından niyə çıxdılar? - ŞƏRH

Latviya və Estoniya piyada əleyhinə minaların istifadəsini, istehsalını və yığılmasını qadağan edən Ottava Konvensiyasından çıxmağa hazırlaşır.

Bakıvaxtı.az-ın məlumatına görə, Latviyanın baş naziri Evika Silina bildirib ki, Müdafiə Nazirliyinin konvensiyadan çıxması ilə bağlı tövsiyəsi Latviya üçün çox vacibdir və bu məsələdə Litva, Estoniya və Polşa ilə birgə regional yanaşma əsas əhəmiyyət kəsb edir.

Estoniyanın müdafiə naziri Hanno Pevkur isə öz növbəsində qeyd edib ki, Estoniya piyada əleyhinə minalardan istifadə etməyi və ya inkişaf etdirməyi planlaşdırmır. Onun sözlərinə görə, ölkə öz hərbi potensialını müdafiə qüvvələrinin ehtiyac və tələbləri əsasında almağa davam edir. Bundan başqa, digər Baltikyanı ölkələrin də Ottava Konvensiyasından çıxacağı gözlənilir

Maraqlıdır ki, sözügedən ölkələrin Ottava Konvensiyasından çıxması nələri dəyişə bilər?

Mövzu ilə bağlı politoloq Kamran Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu addım Rusiya-Ukrayna müharibəsinin yaratdığı təhlükəsizlik problemləri kontekstində gündəmə gəlməkdədir.

Onun sözlərinə görə, Baltikyanı ölkələr NATO-nun üzvü olmasına baxmayaraq, milli müdafiə strategiyalarını gücləndirmək məqsədilə konvensiyadan çıxmağı nəzərdən keçirirlər:

"Konvensiyasından çıxmaq bu ölkələrə piyada əleyhinə minaların istehsalı, saxlanması və istifadəsi ilə bağlı hüquq verəcək. Konvensiyanın effektivliyi isə hazırda azalıb. ABŞ, Çin və Rusiyanın bu konvensiyaya qoşulmaması, eyni zamanda Rusiya və Ukrayna arasındakı müharibə bir daha piyada əleyhinə minaların geniş istifadəsini gündəmə gətirməkdədir. Belə olan halda beynəlxalq hüququn kobud şəkildə pozulduğu, ərazilərin işğal edildiyi bir dövrdə hər bir ölkə öz təhlükəsizliyi haqqında düşünməyə məcburdur. Əgər Rusiya, İsrail və yeri gəldikdə ABŞ kimi ölkələr beynəlxalq hüququ tapdalaya bilirsə və konvensiyaları heçə sayırsa, artıq həmin konvensiyalar və qurumlar nüfuzdan düşür və onlara inam azalır".

Kamran Məmmədli: Beynəlxalq hüququn kobud şəkildə pozulduğu bir dövrdə hər bir ölkə öz təhlükəsizliyi haqqında düşünməyə məcburdur

K.Məmmədlinin fikrincə, hər bir ölkə məcbur qalaraq özünə çarə axtarmağa çalışır. Ona görə də həmin ölkələrin bu qərarı milli təhlükəsizlikləri baxımından önəmlidir və doğru addımdır.

"Artıq yeni dünya nizamı qurulmaqdadır və bu nizam qurulanadək görünən odur ki, beynəlxalq hüquq və dəyərlər arxa planda olacaq. Bu dönəmdə "Güclü haqlıdır" prinsipi öndə olacaq", - deyə müsahibimiz əlavə edib.

Qeyd edək ki, piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyası 1999-cu ildə qüvvəyə minib və konvensiyaya Ukrayna da daxil olmaqla, 164 dövlət qoşulub.

Gülşən Şərif


SON XƏBƏRLƏR