6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması
Əgər bir ölkə inkişaf etmək istəyirsə, ilk olaraq təhsil sahəsini inkişaf etdirməli və bu istiqamətdə əsaslı addımlar atmalıdır. Çünki hər bir dövlətin gücü orada yetişdirilən sağlam və bilikli gənclərdən çox asılıdır. Buna görə də elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması çox büyük məsuliyyət tələb edir.
Bu proqramların hazırlanması zamanı hansı nüanslara diqqət etmək lazımdır?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti İlqar Orucov bildirib ki, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması istiqamətində Azərbaycanda nümunələr, yaxşı işlər var, amma bunun kütləviliyini təmin etmək, bu kimi işlərə önəm vermək, zaman ayırmaq çox lazımdır.
Onun sözlərinə görə, bunlar yalnız məktəbliləri əhatə etmir, həm də tələbələri, cəmiyyəti, cəmiyyətin ayrı-ayrı yaş qruplarından olan insanları əhatə edir və bu baxımdan bu istiqamətdə məktəblilər üçün həyata keçirilən işlər planlı şəkildə gedir:
İlqar Orucov: Təhsil proqramları hazırlanarkən uşaqların, gənclərin maraqları nəzərə alınmalıdır
“Elm və Təhsil Nazirliyi bu istiqamətdə qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün konkret olaraq işlərini görməkdədir. Ona görə bununla bağlı hər hansı irad və ya çatışmazlıqdan danışmaq mümkün deyil. Çünki peşəkar insanlar bu işləri görürlər”.
O həmçinin qeyd edib ki, təhsil proqramları hazırlanarkən bugünki uşaqların, gənclərin maraqları nəzərə alınmalı və bunun əsasında daha müasir proqramlar hazırlanmalıdır.
Ümumilikdə cəmiyyətdə elmi-kütləvi, mədəni-maarif təhsil proqramlarnın hazırlanması istiqamətində görülən işlərin təqdirəlayiq olduğunu deyən təhsil eksperti bunun daha çox insanı əhatə etməsi istiqamətində işləri davam etdirməyin və genişləndirməyin lazım olduğunu vurğulayıb:
“Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Gənclər Fondunun, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Milli Elmlər Akademiyasının və ayrı-ayrı dövlət qurumlarının, televiziyaların birgə səyləri nəticəsində yaxşı nümunələri biz görə bilirik”.
İ.Orucov televiziyaları təsadüfi olaraq qeyd etmədiyini deyərək belə verilişlərin peşəkarlar tərəfindən ayrı-ayrı yaş qrupları nəzərə alınmaqla hazırlandığını bildirib.
O nəzərə çatdırıb ki, televiziyalarda hazırlanmış intellektual verilişlərdə Azərbaycan mədəniyyəti, təbiəti, qəhrəmanları, əsrlərlə yaranmış milli dəyərlər və s. çox yaxşı səviyyədə cəmiyyətə təbliğ olunur:
“Belə verilişlərin bir çoxu məktəblilərə həsr olunsa da, onlara fərqli yaş qruplarından olan insanlar da maraqla baxırlar. Bunlar intellektual veriliş olduqları üçün insanları düşünməyə, oxumağa, mütaliə etməyə vadar edir. Digər tərəfdən onlar elm və təhsilin məhşurlaşması yönümündə faydalı əhəmiyətə malikdir”.
Cəmiyyətin maariflənməsi, savadlanması, yeni biliklər əldə etməsi naminə bu kimi proqramların peşəkar şəkildə hazırlanmasının çox vacib bir əhəmiyyət daşıdığını söyləyən müsahibimiz bu proqramların hazırlanması zamanı fərqli sahələrdən olan intellektualların bura cəlb olunmasının gərək olduğunu deyib:
“Yazıçıların, alimlərin, elm adamlarının, təhsil adamlarının, mədəniyyət xadimlərinin, incəsənət xadimlərinin birgə səyi ilə çox yaxşı işlər görmək mümkündür. Bu, təkcə təhsillə məşğul olanların hazırlaya biləcəyi məsələ deyil. Peşəkar səviyyədə həyata keçirə bilmək üçün mütləq şəkildə qeyd etdiyim peşə sahiblərinin bu işə səfərbər olması vacibdir”.
Ekspert diqqətə çatdırıb ki, məktəblərdə bu kimi proqramların təşkil olunması konkret olaraq tədris proqramı çərçivəsində həyata keçirilir və ümumilikdə cəmiyyətin ümumi səviyyəsini, intellektual, mədəni səviyyəsini, bilik səviyyəsini artırmaq və bu kütləviliyini təmin etmək baxımından televiziyaların, mətbuatın, kütləvi informasiya vasitələrinin, Qeyri Hökumət Təşkilatlarının imkanlarını səfərbər etmək lazımdır:
“Bu iş geniş kütləyə hədəflənmiş bir işdir. Mən çox istərdim ki, bizim televiziyalarda bayağı verilişlər yer almasın. Belə dedikdə kiminsə işini əlindən almaq kimi başa düşülməməlidir. Amma intellektual verilişlərin sayı artmalıdır. Bir daha qeyd edirəm ki, Azərbaycanda bu istiqamətdə işlər olsa da, yetərincə deyil. Mən təsadüfən mətbuatın, televiziyaların rolunu burada qabartmadım. Biz cəmiyyətimizi elə bir səviyyəyə gətirməliyik ki, cəmiyyətdə o şoulara, o bayağılığa, lazımsız və dəyərlərimizə yad olan elementlərə maraq azalsın və onları cəmiyyətimizdən uzaqlaşdıraq”.
Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubiliyində çıxışını xatırladan İlqar Orucov həmin nitqin təhsil ictimaiyətini düşündürməli olduğunu dilə gətirib:
“Cənad Prezident qeyd edirdi ki, təhsil adamları mütləq şəkildə o dəyərləri yaşatmalıdır. Biz şagirdlərimizi o dəyərlər ruhunda, mənəviyyat ruhunda tərbiyə etməliyik. Bu baxımdan elmi-kütləvi, mədəni maarif təhsil proqramlarının müstəsna rolu var”.
Ekspertin fikrincə, tərbiyə, ailə, dəyərlər, vətənpərvərlik, vətənə, torpağa sevgi kimi mövzular, bütövlükdə Azərbaycan xalqının multikultural ənənələrinin elmi şəkildə təbliği geniş və faydalı mövzulardır və bu mövzular üzərindən işlər qurularsa, eyni zamanda onlardan elmi-kütləvi, mədəni-maarif təhsil proqramlarının hazırlanmasında istifadə edilərsə çox gözəl mənzərə yaranacaq:
“Bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işləri çox yüksək dəyərləndirirəm. Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu məsələni daim diqqətə saxlaması və bu istiqamətdə gördüyü işlər çox təqdirəlayiq, eyni zamanda bir nümunədir”.
Mina Mikayılova
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb