6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
Azərbaycan xalqının tarixi çox qədim zamanlara - təxminən 5 min il əvvələ dayanır. Xalqımız öz tarixini, adət-ənənələrini, milli dəyərlərini əsrlər boyu yaşadıb və gələcək nəsillərə ötürüb.
Bundan sonra da hər bir azərbaycanlı öz tarixinə sahib çıxmalıdır.
Çünki bir xalqı digər xalqlar arasında fərqləndirən özünəməxsus tarixi dəyərlərinin olmasıdır.
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği istiqamətində hansı işlər görülür?
Ağaverdi Xəlilov, folklorşunas
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən AMEA Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlilovbildirib ki,adət-ənənələrimizin tarixi qədimdir və qədim olduğu üçün də tərkibi zəngindir və xalq onu əsrlər boyu yaşadıb, yaradıb və bu günə qədər gətirib çıxarıb.
A.Xəlilov adət-ənənələrin hazırkı vəziyyətindən danışarkən burada iki məsələyə diqqət etmək lazım olduğunu deyərək vurğulayıb ki, bunlardan biri ənənənin özü, yəni adətin cəmiyyətdə təbii şəkildə mövcud olması və yaşaması hadisəsidir. İkincisinin isə bu prosesə müəyyən təsir göstərən müasirlik faktoru olduğunu nəzərə çatdırıb və müasirliklə bağlı inkişafın həm daxildən, həm qlobal miqyasda xalqın ənənəvi mədəniyyətinə, adət və ənənələrinə müəyyən təsirlər göstərdiyini söyləyib.
“Müasirləşmə ümumən qlobal hadisədir. Bütün dünyada baş verir və cəmiyyətimizdə də bu proses gedir. Müasirləşmə, informasiya texnologiyalarının inkişafı, mədəniyyətin yeni növlərinin yaranması, informasiya vasitələrinin çoxalması və belə bir rəngarəng informasiya mübadiləsi şəraitində ənənəni qorumaq, ənənəvi mədəniyyəti mühafizə etmək xalqın ənənəvi adətlərini qorumaq müəyyən səy və təşəbbüslər tələb edir”.
Folklorşunas bildirib ki, adət-ənənlərimizin tarixən mövcud olduğu forması və məzmununu qoruyub saxlamaq, həmçinin onu xarici mənfi təsirlərdən mühafizə etmək lazımdır.
“Biz xalq, millət olaraq özümüzə məxsus olanı öyrənməliyik və yad elementlərin, bizə aid olmayan ünsürlərin bizim adət-ənənələrimizə daxil edilməsinin müəyyən mənada qarşısını almalıyıq. Hər bir xalq öz dilini, dinini, adət-ənənələrini qorumağı bacarmalıdır. Onları tarixən əcdadlarımızdan bizə qaldığı şəkildə qorumalıyıq”.
Müsahibimiz qeyd edib ki, xalqın özünəməxsusluğunu qoruyan adətlərə kənardan-başqa xalqlardan kiməsə mütərəqqi görünən elementlərin daxil edilməsi ənənəvi mədəniyyətə mənfi təsir göstərir.
Onun sözlərinə görə, adət-ənənələrimizə baxdığımız zaman ilk qarşımıza çıxan mənfi xüsusiyyətlərdən biri çoxlu israfçılıq hallarının olmasıdır:
“Bundan əlavə, bəzi hallarda Avropaya meyillilik müşahidə edilir. Ümumən Avropanın müasir mədəniyyəti, müasir dövrün elmi-mədəni nailiyyətlərini mənimsəmək başqa birşeydir. Amma milli mədəniyyəti, adət-ənənəni yad elementlərlə doldurmaq tamamilə başqa birşeydir. Ona görə bunları bir-birindən fərqləndirmək lazımdır”.
Dövlətin ənənəvi mədəniyyətə münasibəti məsələsindən danışan həmsöhbətimiz dövlətin ənənəvi mədəniyyətin müdafiəsi istiqamətində atdığı addımlar var ki, belə addımlar müxtəlif şəkildə atılır:
“Məsələn, bir çox milli adət ənənələrimizin, bayram mərasimlərimizin təntənəli şəkildə qəbulu ilə bağlı dövlətin dəstəklədiyi proqramları müşahidə edirik. Bir çox qeyri-maddi mədəni irs nümunələrimiz dövlət tərəfindən qorunma altına alınır, onların bir sıra nümunələri YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilərək mühafizə olunur”.
Elşən Qafarov, Təhsil eksperti
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, məktəblərimizdə istər dövlət standartları, istər təhsil proqramları, istər dərsliklərdə bütün istiqamət azərbaycançılıq və vətənpərvərlik, milli və ümumbəşəri hisslərin aşılanması istiqamətində qurulub.
E.Qafarovun sözlərinə görə, bu, ayrı-ayrı fənlər vasitəsilə tədris prosesinin özünün təşkilində əsas prioritetdir və milli və ümumbəşəri dəyərlərin aşılanmasında görülən işlər əsas dərsliklər üzərindədir.
Ekspert qeyd edib ki, əsas məsələ burada kadr peşəkarlığıdır. Dediyinə görə, bizim müəllimlərimizin peşəkarlığı yüksək səviyyədə olmalıdır ki, şagirdlərə tədris proqramlarında verilən bilik, bacarıq, yanaşma, dəyər və səriştələrin aşılanması da yüksək səviyyədə olmalıdır.
Hər şeyin müəllim peşəkarlığı üzərində qurulduğunu deyən müsahibimiz nəzərə çatdırıb ki, milli və bəşəri dəyərlərin, Azərbaycanın mənəvi dəyərlərinin aşılanması müəllim peşəkarlığından asılı olduğu üçün pedeqoji kadr hazırlığı məsələlərinə xüsusi önəm verilməlidir:
“Biz hələ də kadr peşəkarlığı məsələlərində 1960-1970-ci illərin prinsipləri ilə gedirik. Nəzəri və praktiki biliklərə yiyələnən kadr hazırlamaqdansa daha çox nəzəri biliklərə üstünlük veririk. Bu da ciddi məsələdir. Ölkədə olan 45 ali təhsil müəssisəsinin 22-də pedaqoji kadr hazırlanır. Bu pedaqoji kadr hazırlayan ali məktəblərin pedaqoji kadr məsələsində müəyyən dəyişikliklər olmalıdır”.
E.Qafarov ümumtəhsil dövlət standartlarının tələb etdiyi istiqamətlər üzrə təhsil proqramlarını yüksək peşəkarlıqla həyata keçirməyi bacaran, beynəlxalq təcrübə ilə tanış olan və rəqabət qabiliyyətli pedaqoji mütəxəssislərə böyük ehtiyyac olduğunu vurğulayıb:
“Bizim pedaqoji hazırlıqda bunlar heç də əsas prioritet deyil. Bu məsələ ciddi məsələdir və düşünürəm ki, biz kadr məsələsinə diqqət etsək, bu sahələrdə dövlətin qoyduğu tələbləri çox peşəkarcasına, müasir yanaşmalarla həyata keçirə bilən kadrları hazırlasaq və dəyərlərimizi indikindən daha ciddi, ətraflı və dərin şagirdlərə aşılaya biləcəyik”.
Mina Mikayılova
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb