Son günlər sosial şəbəkələrdə valideynlər məktəbli formalar ilə bağlı tələbə narazılıq edirlər. Belə ki, valideynlər pandemiya şəraitində dərslərin gah ənənəvi, gah distand formada keçirilməsi ilə məktəbli formalarının aylarla geyinilmədiyini qeyd edir və bir müddət bu məcburiyyətin ləğvini istəyirlər.
Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov Bakıvaxtı.az-a bildirib ki, məktəbli formaları ilə bağlı hər zaman fərqli fikirlər olub: “Pandemiyanın hələ ilk dönəmlərində Təhsil Nazirliyi yanında İctimai Şura olaraq məktəbli formaları haqqında geniş müzakirə apardıq. “Məktəbli geyimlərinə ehtiyac varmı?”, “Məktəbli formalarının qiyməti qənaətbəxşdirmi?”, “Formaların keyfiyyəti yerindədirmi?” kimi mövzular ətrafında həm Nazirlik rəhbərliyi, iki nazir müavini, nazirin müşaviri, şöbə müdirləri və həm də aidiyyatı üzrə məktəbli geyimləri istehsal edən beş iri müəssisənin rəhbərliyinin iştirakı ilə müzakirələr apardıq. Əslində məktəbli geyimləri doğurdan da lazımdır. Lakin hazırki dövr bir az fərqlidir və insanların narahatlıqları və narazılıqları başadüşüləndir. Mən ümid edirəm ki, biz yaxın vaxtlarda - ayın sonuna qədər bütün təshil müəssisələrində ənənəvi təhsil bərpa edəcəyik”.

Ekspertin sözlərinə görə, qapanmanın olub-olmayacağı isə stiuasiyanın diktə etdiyi qərar olacaq: “Məktəblərin açılması ilə bağlı isə onu deyə bilərəm ki, birmənalı olaraq, məktəblər açılacaq. Yaxın saatlarda qəti qərarı da görəcəyik. Deməli, ənənəvi təhsil varsa, məktəbli forması da lazımdır. Mən valideynlərin narahatlıqlarını başa düşürəm. Lakin gəlin, məsələyə bir az fərqli yanaşaq. Uşaq məktəbə getsə də, getməsə də - bütün hallarda məktəbli geyimi alınıb, yəni valideynin buna vəsaiti çıxıb. Düzdür, hazırki durumu nəzərə almaq lazımdır. Pandemiya çox insanın işini əlindən aldı, vəziyyət çətinləşdi. Bu mənada bəzi güzəştlər etmək olar. Xüsusilə, aztəminatlı ailələrə sərtləşdirilmiş münasibəti ortaya qoymaq olmaz. Real danışsaq, məktəbli formaları hər bir valideynin uşağına aldığı gündəlik geyimlə müqayisədə, xeyli az vəsaitlə başa gələn geyimdir. Yenə də qeyd edirəm ki, sadəcə olaraq məktəbli geyimləri ilə bağlı tələbi sərt şəkildə qoymağın tərəfdarı deyiləm”.
Nuranə Daxilqızı
















