Ermənistan parlamenti ABŞ ilə Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) üzrə sazişi təsdiq edib. Deputatların 63-ü sazişin lehinə, 32-si isə əleyhinə səs verib.
ABŞ-nin təşəbbüsü olan TRIPP sazişinin ratifikasiyası Cənubi Qafqazdakı güc nisbətinə və regionun nəqliyyat-kommunikasiya xəritəsinə necə təsir göstərəcək? Bu saziş Ermənistan üçün nələr vəd edir? ABŞ-nin regiondakı bu iqtisadi-geosiyasi gedişi Azərbaycanın tranzit və loqistika strategiyasına necə təsir edə bilər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Xəqani Cəfərli bildirib ki,Ermənistan parlamentinin ABŞ ilə TRIPP üzrə sazişi təsdiq etməsi Cənubi Qafqazda yeni mərhələnin başlanmasını rəsmiləşdirən sənəddir:
"Qənaətimcə, TRIPP layihəsi "Əsrin müqaviləsi"ndən bəri ikinci böyük layihədir. Əgər "Əsrin müqaviləsi" olmasaydı, Azərbaycanın indiki suverenliyinin 90, Gürcüstan, Ukrayna, Moldova, Mərkəzi Asiya ölkələrinin və hətta Ermənistanın suverenliyinin ən azı 50 faizi olmayacaqdı. "Əsrin müqaviləsi" postsovet məkanı üzərində Rusiyanın total nəzarətini dağıdan tarixi hadisədir. Təsadüfi deyil ki, Rusiya imperiyaçılarının ideoloqlarından biri olan Zatulin hesab edir ki, Rusiya Ukrayna üzərində tam nəzarəti əldə etsə belə "Əsrin müqaviləsi"nin təsirini tam aradan qaldıra bilməz".

Xəqani Cəfərli: Bu sənədin təsdiq edilməsi Cənubi Qafqazda yeni mərhələnin başlanmasını rəsmiləşdirir
X.Cəfərli hesab edir ki, hazırda Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətlərinin suverenliyini gücləndirəcək ikinci böyük layihə işə düşür. Bu layihə bölgədəki güc nisbətini yenidən formatlayacaq:
"Ermənistan bölgənin hər bir ölkəsi kimi bu layihədən siyasi, iqtisadi və təhlükəsizliklə bağlı dividentlər götürəcək. Bu dividentlərin miqyasının dövlətlərin siyasətindən və cəmiyyətlərin prosesdə iştirakından asılı olacağını da ifadə etməkdə fayda var. ABŞ-nin və bütövlükdə böyük dövlətlərin bölgədə iştirakçılığını artırması Azərbaycana bütün sahələrdə, o cümlədən də tranzit və loqistika sahəsində müsbət təsir edəcək”.
“Strategiya ilə tanış olanlar bilir ki, bir dövlət nə qədər geniş əlaqəyə malikdirsə, onun suverenliyi bir o qədər artır. Bu mənada Hindistanla münasibətlərin normallaşması alqışlanmalı və dəstəklənməlidir", - deyə Xəaqani Cəfərli əlavə edib.
Gülşən Şərif
















