“Qanun layihələrinin belə paket şəklində təqdim olunması çox mütərəqqi haldır. Bu, qanunvericiliyin daha operativ və effektiv işləməsinə töhfə verəcək”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, təqdim olunan qanun layihəsi bir neçə istiqaməti əhatə edir. Onun sözlərinə görə, sənəddə İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində artıq mövcud olan normaların pozulmasına görə məsuliyyət məsələləri dəqiqləşdirilir.
Əli Hüseynli qeyd edib ki, layihə parlamentdə müzakirə olunan digər qanunvericilik dəyişiklikləri, o cümlədən məhkəmə ekspertizası fəaliyyəti və xüsusi hüquqi yardım göstərilməsi ilə bağlı qanunlarla da əlaqəlidir.
Deputat korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslərin müdafiəsi məsələsinə də toxunub. O vurğulayıb ki, belə şəxslərə hədə-qorxu gəlmək, təzyiq göstərmək, təhqir etmək və maddi zərər vurmaqla bağlı məsuliyyət qanunvericilikdə artıq nəzərdə tutulub.
Onun sözlərinə görə, yeni dəyişikliklərlə məlumat verən şəxslərə qarşı qisas məqsədilə intizam tənbehi tətbiq edilməsi, əmək müqaviləsinə xitam verilməsi, vəzifədən azad olunma, başqa işə keçirilmə və mənfi xarakterizə edilmə kimi hallara görə də məsuliyyət müəyyənləşdirilir.
Əli Hüseynli bildirib ki, təqdim olunan qanunvericilik paketi əvvəlki müzakirələr zamanı qaldırılan bir sıra suallara da aydınlıq gətirir və müvafiq qanunların effektiv icrası üçün əlavə təminatlar yaradır.
Zeynəb Rzayeva
















