Avqustun 27-də günorta radələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin qonaq evi qarşısında naməlum şəxslər tərəfindən ölkəmiz əleyhinə təxribat xarakterli şəkillər yerləşdirilib. Azərbaycan XİN Rusiyada səfirliyin qonaq evinin qarşısındakı təxribatı pisləyib, təxribatçı əməllərə hüquqi qiymət verilməsinə çağırıb.
Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd edilib ki, bu qəbuledilməz təxribatın Azərbaycan-Rusiya münasibətlərinin süni şəkildə gərginləşdirilməsinə xidmət etməklə yanaşı, son dövrlərdə Rusiyanın bir sıra media resurslarında Azərbaycana qarşı aparılan çirkin və qərəzli kampaniyanın tərkib hissəsi olduğu istisna edilmir:
“Azərbaycan tərəfi Rusiya Federasiyasının aidiyyəti qurumlarını bu kimi təxribatçı əməllərə lazımi hüquqi qiymət verməyə, insidentin hərtərəfli araşdırılmasını təmin etməyə və bu cür halların təkrarlanmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırır”.
Xatırladaq ki, bənzər təxribat bir müddət əvvəl Rusiyanın bəzi media resurslarında da baş vermişdi.
“Alyans” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov baş verən son hadisələri Bakıvaxtı.az-a şərh edib.

O, bildirib ki, 2022-ci ilin yayında gənc sahibkarlarla görüşdə Rusiya prezidenti açıq şəkildə onların missiyasının keçmiş “rus torpaqlarını” yenidən toparlamaq və daha güclü bir dövlət yaratmaq olduğunu bəyan edib. Ekspert vurğulayıb ki, əslində Rusiya-Ukrayna müharibəsi bu istiqamətdə atılan ilk addım idi:
“Rusiya prezidenti V.Putinin nəzərdə tutduğu plana görə, Ukrayna müstəsna əhəmiyyətə malik dövlət idi. Ona görə də Rusiya belə qanlı bir müharibəyə başladı. Rusiyanın indiki rəhbərliyinin planlarının pozulmasında Ukrayna çox mühüm rol oynadı. Eyni zamanda Azərbaycan da öz müstəqil siyasəti ilə, atdığı cəsarətli addımlarla bu planın pozulması üçün əlindən gələni edir. Təbii ki, bu da Rusiyanı razı salmır. Ancaq Ukraynadakı müharibə də imkan vermir ki, Rusiya digər respublikalara qarşı kəskin addımlar atsın. Rusiya özü sanksiya altındadır, ölkə iqtisadiyyatı kifayət qədər ağır durumdadır. Baxmayaraq ki, Ukraynanın böyük bir ərazisi işğal olunub, lakin müharibədə vəziyyət Moskvanın istədiyi kimi getmir. Kreml o səbəbdən Cənubi Qafqazda istədiyi addımları ata bilmir”.
Analitik vurğulayıb ki, hələlik Moskvanın əlindən gələn bu kimi aksiyaların, təxribatların təşkil olunması, Azərbaycana qarşı böhtanların atılmasıdır:
“Bununla da öz neqativ, mənfi münasibətini bildirir. Ancaq aydındır ki, Rusiya bununla kifayətlənməyəcək. Cənubi Qafqazdakı planlarını reallaşdırmaq üçün Ukrayna ilə müharibənin bitməsini gözləyəcək. Ona görə də belə təxribatlara ötəri addımlar kimi baxmamalıyıq. Rusiya Azərbaycan üçün təhlükədir və bunun qarşısını almaq üçün indidən zəruri tədbirlər görülməlidir. Artıq bir sıra addımlar atılıb. Şuşa Bəyannaməsi imzalanıb, TDT-nin fəaliyyəti gücləndirilib və s. Moskvanı qıcıqlandıran məqam Azərbaycan hakimiyyətinin müstəqil siyasətdir”.
Aydın Baxış




