• Bakı 12° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.9576

    RUB - 2.1644

"Neftçi" laboratoriyası: Rəhbərlik RESEPT yazır, komanda SAĞALMIR...

İDMAN

26 Noyabr 2025 | 10:56

Neftçi laboratoriyası: Rəhbərlik RESEPT yazır, komanda SAĞALMIR...

Neftçi yenə özünü “futbol laboratoriyası” kimi aparır - qapısı, pəncərəsi açıq laboratoriya. Hər dəfə təcrübə uğursuz alınanda, məsuliyyət reagenti kimi “baş məşqçi” sınaq şüşəsindən atılır. Rəhbərlik də elə davranır ki, sanki nəticələrdən çox məhz bu rotasiya ilə fəxr edir: “Baxın, bizdə stabillik yoxdur, amma dəyişiklik bol-bol var”. Bu artıq idman strategiyası deyil, panikanın adiləşmiş idarəetməyə çevrilmiş formasıdır. Samir Abasov da bu panikanın ən son, amma, əlbəttə, son olmayan qurbanıdır.

Klub illərdir eyni səhnəni oynayır və hələ də təəccüblənir ki, niyə final dəyişmir. Elə bilirlər, hər dəfə məşqçini qovanda meydandakı xaos sehrli şəkildə buxarlanacaq. Halbuki həmin xaosu doğuran təkcə oyun deyil, sistemin özüdür - daha doğrusu, sistemsizlikdir.

Sistem yoxdursa, texniki zonada kim dayanırsa-dayansın, fərq etmir. Komanda meydanda dağınıq, yorğun, ruhsuz, oyun düşüncəsindən uzaq görünəndə, bütün məsuliyyət avtomatik bir nəfərin boynuna yığılır. O adam isə hər dəfə eyni statusu daşıyır: “getməli olan məşqçi”. Neftçi rəhbərliyi üçün məsuliyyətdən yayınmaq artıq təkcə ənənə deyil, klubun öz brend kimliyidir. Neftçi loqosunu dəyişsə, altına rahatlıqla bu şüarı yaza bilər: “Bizdə günahkar daima məşqçidir”.

Transfer siyasəti isə ayrı bir tragikomediyadır. On dörd futbolçu alırsan, amma meydanda bir komandanı belə görmək olmur. Futbolçular sanki klub rənglərini geyinmiş turistlərdir - şəhər gəzintisi edirlər, amma bir-biri ilə tanış deyillər. Bu artıq lətifəyə çevriləcək qədər tanış mənzərədir. Problem məşqçidə yox, planlaşdırma adlı unudulmuş sənət əsərindədir.

Kağız üzərində mükəmməl görünən planların meydanda dağılması isə artıq təəccübləndirmir. Təəccüblü olan odur ki, rəhbərlik hələ də elə bilir: “Yox, bu dəfə günah yenə məşqçidədir”. Bu cümlə artıq klubun rəsmi şüarıdır. Böyük ehtimalla klubun divarlarında çərçivədə asılıb ki, unudulmasın.

Azarkeşlərin səbrinin tükənməsinə də heç kim təəccüblənməməlidir. Çünki hər dəfə eyni teatr oynanılır. Eyni aktyorlar, eyni replikalar, eyni final. Finalda da həmişə bir nəfər yığışdırılır - amma heç vaxt sistem yenilənmir. Bu tempdə davam edilsə, Neftçi yaxın zamanda “məşqçi kolleksiyası” üçün ayrıca muzey açmalı olacaq. Eksponat bolluğu təmin edilir.

Gələn məşqçi ümidlə gəlir. Bir neçə ay sonra ruhdan düşür. Uğursuz nəticələr başlayır. Azarkeşlər qəzəblənir, mətbuat ironiya edir. Rəhbərlik isə sakit, təmkinli, özünə əmin təbəssümlə eyni cümləni təkrar edir: “Məşqçi günahkardır”. Bu Neftçidə dəyişməyən yeganə “həqiqətdir”.

Həqiqət isə tam başqa yerdədir: problem məşqçilər deyil, idarəçilikdir. İdarəçilik dəyişmədən heç nə dəyişmir. Nə oyun, nə nəticə, nə komanda ruhu.

Məşqçilərin adları dəyişir, problemlər isə qaya kimi yerində dayanır. Bu, artıq təsadüf deyil - bu, idarəetmə modelidir. Bu model isə nə uğur gətirir, nə də gətirməyə potensialı var. Çünki uğur təsadüfən gəlmir. Uğur planla gəlir. Neftçidə isə planın yerini çoxdan panika tutub.

Panika ilə idarə olunan klub isə ancaq eyni dairədə fırlanmağa məhkumdur. Neftçi də illərdir həmin dairənin içində dönə-dönə iz salıb. Bu dairədən çıxmağın yolu qurban verməkdən keçmir. Amma bunu başa düşmək üçün bircə şey lazımdır: məsuliyyəti başqasının üzərinə atmaqdan imtina etmək. Hazırkı sistem isə bunu bacarmır.

Nəticə? Klub yerdə sayır. Və yerdə saydıqca da yeni qurbanlar tələb olunur. Hər mövsüm yeni adlar. Bu dəfə Samir Abasov idi.

Növbəti mövsümdə başqa biri olacaq. Azarkeşlər eyni sualları verəcək. Klub eyni cavabları verəcək. Neftçi isə eyni dairədə fırlanmağa davam edəcək.

Çünki dəyişən təkcə adlardır. Mahiyyət isə toxunulmaz “müqəddəs” kimi qorunur.

Əli Hüseynov


SON XƏBƏRLƏR

25 Noyabr 2025