Xəbər verdiyimiz kimi, Azərbaycanda özəl pensiya fondunun yaradılması ilə bağlı normativ sənədlərin hazırlanması tam yekunlaşıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov qurumun 2023-cü il üzrə hesabat tədbirində deyib.
O bildirib ki, sənədlər razılaşdırılması üçün bir ay ərzində dövlət qurumlarına göndəriləcək.
Bu, insanlarda müəyyən məsələlərin həllinə ümid yaradıb. Məsələn, bir çox insan pensiya yaşına çatmamış dünyasını dəyişir. Həmin insanların illərlə yığılmış pensiya kapitalı isə nə həyat yoldaşına, nə də uşaqlarına verilir. Yeni yaradılacaq pensiya fondu bu mənada hansısa dəyişiklər edə bilər?
İqtisadçı ekspert Rəşad Həsənovun Bakıvaxtı.az-a dediyinə görə, qaydaların qəbul edilməsi, hüquqi çərçivədə formalaşması o demək deyil ki, Azərbaycanda sabah özəl pensiya fondu yaranacaq: "Düşünürəm ki, bunun üçün əlverişli mühüt yoxdur. Çünki burda bir neçə vacib arqument var. Bunlardan biri ondan ibarətdir ki, Azərbaycan vətəndaşı özəl maliyyə institutlarına, fondlara çox da güvənmir. Bu, əmanət portfelinin strukturunu təhlil edəndə də üzə çıxır. Təxminən, 80-85% əmanətlər qısamüddətli dövr üçün yerləşdirilir, hətta insanlar daha çox əmanətlərin 3 aylıq yerləşdirilməsinə üstünlük verirlər. Maliyyə institutlarına güvənin aşağı olması onu göstərir ki, vətəndaşın hər hansı bir özəl pensiya fondu ilə uzunmüddətli dövrdə maliyyə planı qurması indiki halda o qədər də ağılabatan deyil”.
Ekspert qeyd edib ki, bununla bağlı yüz faizlik dövlət təminat mexanizmi olmalıdır. Onun fikrincə, bu olmasa, mümkün deyil: “Əmanətlərə dövlət tərəfindən təminat verildiyi kimi, özəl pensiya fondlarına münasibətdə də müvafiq dövlət zəmanət mexanizmi tədbiq edilə bilər. Bu, güvən problemini tamamilə aradan qaldırmasa da, təkan verə bilər”.
Müsahibimiz hesab edir ki, digər ən vacib məsələ Azərbaycan vətəndaşının imkanlarıdır. Onun sözlərinə görə, əhalinin böyük əksəriyyəti bu gün üçün yaşayır, qazancı bu günə, bir aya çatır. Hətta ayı borcla bitirənlər də var: “Belə şərtlər altında insanların uzunmüddətli dövrdə faydası gözlənilən hər hansı istiqamətə investisiya etməsi inandırıcı deyil. İnvestisiya deyirəm, çünki bu, həm də ahıllıq dövrünün rifahı üçün edilən investisiyadır. Digər məqam ümid məsələsidir. İnsanlar “soğan olsun, nağd olsun” prinsipini tezisini əsas götürərək bu gün əldə olana daha çox dəyər verirlər. Gələcəkdə əllərinə çatacaq şeylərin marjinal faydası aşağı düşü”.
Kapital məsələsinə gəldikdə isə, həmsöhbətimizə görə, bu, onunla əlaqədar deyil: “Yəni bizim əmək pensiyası sistemimiz qismən varisliyə əsaslanmış pensiya sistemidir. Hər hansı fors-major hal yaranırsa, dövlət ailəyə təminat verir. Məsələn, ailə başçısının itirilmsi halında pensiyanın onun himayəsində olan 18 yaşa çatmamış uşaqlara, 22 yaşa çatmamış ali təhsil alanlara, əlillərə ötürülməsi halı var. Təəssüf ki, bizdə tam varislik hüququ yoxdur. Bir də, fərdi sığorta hesabının könüllü hissəsində toplanılan vəsaitə varislik hüququ var. Lakin heç kim könüllü yığım etmir. İnsanlar işəgütürən və işçi tərəfindən ödənilən 25% sığorta haqqını zorla ödəyirlər, qaldı ki, könüllü şəkildə yığım etsinlər. Bunu etmədikləri üçün praktikada birbaşa varislik yaranması yoxdur. Özəl pensiya fondları bunu kütləvi şəkildə həll etməyəcək. Məcburi şəkildə tədbiq olunan pensiya sistemində yanaşma, hüquqi çərçivə dəyişməyincə problem həll tapmayacaq”.

Rəşad Həsənov: Azərbaycan vətəndaşı özəl maliyyə institutlarına, fondlara çox da güvənmir
R.Həsənov onu da əlavə edib ki, təbii ki, bu məsələdə özəl pensiya fondlarının müəyyən üstünlükləri var: “Bu şərtlər individualdır, yəni qarşılıqlı razılaşma əsasında formalaşır. Rəqabət yarandığı halda pensiya fondları daha əlverişli şərtlər təklif edirlər. Vətəndaşlara qarşılıqlı şəkildə pensiya kapitalına varislik hüququnun formalaşması imkanı yaranır. Bu baxımdan, özəl pensiya fondlarının üstünlüyü olur. Ancaq bayaq da dediyim kimi, bu, pensiya yaşında olan bütün əhalini hamısına təsir göstərmir. Bu, kənar bir alətdir. Yəni bu tərəfdə dövlət öz işini görür, siz ödənişləri edirsiniz, pensiya hüququnuz yaranır, digər tərəfdə isə alternativ variant qoyulur. Alternativ variantda özünüz üçün əlavə yığımlar edirsiniz. Pensiya fondları həmin vəsaiti işlədir, ordan əlda olunnan gəlirlərdən sizə də pay verirlər. Bir sözlə, sizə seçim yaranır ki, vəsaitinizi ora da qoya biləsiniz. Lakin bu, kapitala varislik hüququnun yaranması problemini aradan qaldırmağa hədəflənmiş məsələ deyil”.
Aytac Aslan








jpg-1707593325.webp)
jpg-1707590729.webp)


jpg-1707589670.webp)



