“Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyasının aparılması gündəlikdədir”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökümətin bugünkü iclasında çıxışı zamanı səsləndirib.
Maraqlıdır, Paşinyanın bu fikirlərinin arxasında yenə bir təxribat gizlənirmi?
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Tahir Kərimli Bakıvaxtı.az-a bildirib ki, Paşinyan həmişə olduğu kimi, bu açıqlamasında da qeyri-ciddidir: “Ona görə ki, yeni təyin olunmuş Ermənistan Xarici İşlər naziri bəyan edib ki, delimitasiya və demarkasiya prosseslərinin aparılmasına razıdırlar, amma bu şərtlə ki, Qarabağın statusu məsələsi həll olunsun. Bu nə deməkdir? Deməli, Paşinyanın istəyi məhz budur. Onlar sadəcə olaraq, üçtərəfli razılaşmanın bəndlərinin yerinə yetirilməsi üçün Moskvanın təzyiqini hiss edirlər. Buna görə də Paşinyan daim olduğu kim, ikili oyun oynayır. O, guya siyasi prosseslərdə Qərb və Rusiya tərəfli münasibətlər qurur. Onun bu hərəkətinə görə, Rusiyanın telekanallarından birində onun haqqında “sən yaxşı fırlanmağı bacarırsan” fikirləri səsləndi”.

Deputat qeyd edib ki, bu ifadə təkcə Qərb və Rusiya arasında fırlanmaq mənasını daşımır, eyni zamanda sərhədlərin müəyyən edilməsi prosseslərinə görə də işlənib: “Biz bilirik ki, sərhədlərin delimitasiya məsələsi 1970-80-ci illərin Sovet İttifaqının xəritələri əsasında baş verir. Bu, beynəlxalq hüququn tələbidir. Çünki məhz beynəlxalq məhkəmənin qərarına əsasən, əgər Federasiya dağılırsa, onun inzibati sərhədləri siyasi sərhədlərinə çevrilir. Yəni Ermənistan və Azərbaycan arasında SSRİ dövründəki inzibati sərhədlər avtomatik siyasi və dövlət sərhədlərinə çevrilib. Məruzə edənlər bunu yaxşı başa düşür. Ona görə də Paşinyan bir yandan belə bəyanatlar verir, bir yandan da bu prosseslərin başlanmasına imkan verməyən bəyanatlar yayır. Bunu Türkiyə ilə sərhədlərin açılmasında, idxal məsələlərində, Zəngəzur dəhlizi ilə bağlı prosseslərdə də görürük. Elə bir prosses yoxdur ki, Paşinyan onun barəsində açıqlama verəndə səmimi olsun”.
Nuranə Daxilqızı
















