Oktyabrın 10-da İraqda növbədənkənar parlament seçkiləri keçiriləcək. 40 milyon əhalisi olan İraqda hazırda qeydiyyatda olan 25 milyona yaxın seçici var.
Artıq ordu və ümumilikdə 28 çadır düşərgəsində yaşayan daxili qaçqınların səsverməsi keçirilib. Bu da təxminən 1 milyondan bir qədər çox insan deməkdir.
329 yerlik İraq parlamentində sonuncu dəfə 2018-ci ildə parlament seçkiləri keçirilib və hökumət formalaşıb. İraq parlament respublikası olduğu üçün mərkəzi hökumət məhz parlamnet seçkilərinin nəticələri əsasında formalaşır. Lakin Adil Əbdülmehdinin rəhbərlik etdiyi hökumət uzun müddət davam gətirə bilmədi. 2019-cu ilin payızında İraqda içməli su və elektrik enerjisi çatışmazlığı, eləcə də sosial xidmətlərin yetərsizliyinə etiraz olaraq mitinqlə başladı. Bağdadda və daha bir neçə şəhərdə əhali ilə polis arasında qanlı toqquşmalara səbəb olan aksiyalar A.Əbdülmehdinin istefası ilə nəticələndi. Ancaq 2020-ci ilin fevralında baş nazir seçilən Mustafa əl-Kazımı ölkədə siyasi anlaşmazlıq və hökumətin fəaliyyətindəki çatışmazlığı əsas gətirərək növbədənkənar seçkilərə getdi.
Oktyabrın 10-da keçiriləcək 5-ci çağırış parlament seçkilərində 329 yerlik Məclisə seçilmək üçün 109 siyasi partiya, 21 seçki koalisiyasında birləşmiş və müstəqillərdən ibarət 3249 namizəd mübarizə aparacaq. O cümlədən 951 namizəd qadındır.
Həmçinin İraq bu seçkilərə yenilənmiş seçki qanunu ilə gedir. Belə ki, daha əvvəl 18 olan seçim regionlarının sayı 83 olub. Ümumilikdə federal İraq ərazisində və Şimali İraq Kürd Administrasiyası ərazisində 55041 seçki məntəqəsi qurulub. Həmçinin yeni qanuna görə, hər dairədən ən azı bir qadın namizəd göstərə bilər.
Ancaq o da məlum olub ki, seçkilərə ciddi maraq yoxdur. İlkin sorğulara görə əhalinin yarıdan çoxu seçkilərdə iştirak etmək fikrində deyil. Həmçinin seçkiləri 130 BMT, 100-ü Avropa İttifaqı olmaqla ümumilikdə Ərəb Liqası ilə birlikdə 25 müstəqil təşkilat və 51 ölkədən olmaqla 100 minə yaxın müşahidəçi izləyəcək.
Hazırda iraq seçkiləri ilə bağlı ən çox diqqət çəkən mövzu “mübahisəli ərazilər” adlanan yerlərdir. İraq Konstitusiyasına əsasən mərkəzi hökumət və kürd administrasiyası arasında bölünməyən və 4 ildir mübahisəli ərazi kimi qalan Kərkük, həmçinin Diyala əyalətinin Hanekin rayonu, Celavla, Sadiyyə, Qaratəpə qəsəbələri, həmçinin Səlahəddin əyalətinə daxil olan Tuzxurmatı (Türkmən) rayonu, Mahmur, Şenqal (Sincar), Həmdaniyyə, Telkeyf, Zummar, Sinuna, Quver, Başik kimi qəsəbələr “mübahisəli ərazilər”ə daxildir. Bu rayonlarda ərəb, kürd. Türkmən etnik qruplarından olan, sünni, şiə, yezidi və digər dini qrupların ardıclıları var.
Yeri gəlmişkən, İraq parlamentdə 9 yer azlıqlar üçün ayrılıb. Belə ki, xristianlara 5, feyli kürdlər, səba mandailər, şebeklər və yezidilərin hər biri üçün 1 yer ayrılıb. Hazırda 67 namizəd azlıqlar üçün nəzərdə tutulan 9 yer uğurunda mübarizə aparır.
İlk dəfə olaraq İraq türkmənləri seçkilərə vahid siyahı ilə gedir. Qeyd edək ki, ötən 2018-ci il seçkilərində İraq Türkmən Cəbhəsi (İTC) 3, “Türkmən Bloku” isə 5 mandat qazanıb. Lakin indi vahid siyahı ilə seçkilərə qatıldıqları üçün türkmənlərin parlamentdə təmsilçilərinin sayı arta bilər.
Kim daha çox şanslıdır? 2018-ci il seçkilərində Müqtəda əs-Sədrin rəhbərlik etdiyi “Sairun” hərəkatı 54 mandat qazanmaqla birinci olsa da, mütləq çoxluq qazanmadığı üçün koalisiya hökuməti quruldu. İndi də güman edilir ki, çoxmillətli və çoxkonfessiyalı İraqda koalisiya hökumətinin qurulması qaçılmaz olacaq. Əsas şanslı partiyalar isə bunlardır.
Şiə müsəlman din xadimi Müqtəda əs-Sədrin “Sairun” ittifaqı yenə də seçkilərin favoriti hesab olunur. İraqın müstəqil siyasətinin tərəfdarı olan Sədr çox populyardır.
İranla yaxın hesab olunan “Həşd-Şabi” qüvvələrinin komandanı Hadi əl-Amirinin rəhbərlik etdiyi blok ötən seçkilərdə 48 faiz səs qazanıb. Fəth İttifaqının indi də şansı çoxdur. Baxmayaraq ki. son illərdə İrana qarşı etirazlar çoxalıb.
Daha bir iddialı şiə ittifaqı keçmiş baş nazir Heydər Abadi və Həkkim ailəsinin təmsilçisi Əmmar əl-Həkimin Hikmət Hərəkatı və Milli Dövlət Qüvvələri İttifaqı şanslı qüvvələr siyahısındadır. Bundan əvvəlki seçkilərdə Abadi 42, Həkim isə 19 mandat qazanıb. İndi isə bu qüvvələrin birləşməsi və son siyasi hadisələrin fonunda bu ittifaqın şansı daha yüksək görünür.
Daha bir iddialı şiə partiyası keçmiş baş nazir və vitse-prezident Nuri əl-Malikinin Dava Partiyasıdır.
Sünni siyasi qüvvələr içərisində ən çox şanslı olanı hazırkı parlamentin spikeri (İraq hakimiyyət bölgüsünə əsasən prezident kürd, baş nazir şiə ərəb, məclis sədri isə sünni ərəb olmalıdır – red.) Məhəmməd əl-Halbusinin lideri olduğu “Təqaddum” hərəkatı seçilir. Daha bir iddialı sünni ittifaqı isə Amiriyə yaxın olan sünni iş adamı Xamis əl-Xəncərin lideri olduğu “Əzm” ittifaqıdır.
Ənənəvi olaraq kürdlərin də bir neçə partiyası seçkilərə qatılacaq. Onların ən öndə gedənləri Ərbil kürd administrasiyasına rəhbərlik edən Bərzaninin Kürdüstan Demokratik Partiyası, ikincisi isə onun əsas rəqibi keçmiş prezident Cəlal Talabaninin partiyası olan mərkəzi qərargahı Süleymaniyyədə (ikinci böyük kürd şəhəri) yerləşən Kürdüstan Vətənpərvərlər İttifaqı Partiyasıdır.
KDP 2018-ci ildə 25, KVİP isə 18 yer qazandı. 2018-ci il seçkilərində kürdlər ümumilikdə 58 mandat qazanıb. Yerdə qalan mandatlar isə digər kiçik partiyalar və müstəqil namizədlər arasında bölünür.
Bu seçkilər İraqın siyasi hakimiyyətinin və dövlət institutunun etibarını yenidən bərpa etməsi. əslində isə yenidən qurması baxımdan vacibdir. Çünki son iki ildə baş verənlər İraq üçün çox ağır imtahan oldu və daha əvvəl təhlükəsizlik, terror təhdidi kimi mövzulardan sıyrılıb çıxan ölkənin başdan aşan sosial, iqtisadi problemlərini həll etməsi, seçkili orqanlara inam yaradılması lazımdır. Bunun üçünsə legitim hakimiyyət orqanlarının, güclü hökumətin qurulması vacibdir.
Analitik şöbə
Bakıvaxtı.az
















