• Bakı 12° C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 2.013

    RUB - 2.2112

Prezident Münxendə hansı mesajları verdi? - ŞƏRH

SİYASƏT

17 Fevral 2026 | 14:09

Prezident Münxendə hansı mesajları verdi? - ŞƏRH

14-16 fevral 2026-cı il tarixlərində Almaniyanın Münxen şəhərində keçirilən Munich Security Conference qlobal təhlükəsizlik gündəliyinin əsas platformalarından biri oldu.  Konfrans çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək regional təhlükəsizlik, Cənubi Qafqazda post-münaqişə mərhələsi, enerji təchizatı və nəqliyyat dəhlizləri ilə bağlı Azərbaycanın mövqeyini açıqlayıb, həmçinin bir sıra ikitərəfli görüşlər keçirib.

Dövlət başçısının Münxendə verdiyi mesajlar beynəlxalq təhlükəsizlik siyasətinə və regionda yeni balansın formalaşmasına necə təsir göstərə bilər?

Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tofiq Abbasovun sözlərinə görə, bu qəbildən olan tədbirlərdə hər bir təmsilçi çalışır ki, öz problemini olduğu kimi təqdim etsin və iştirak edən auditoriyanın buna münasibətini öyrənsin. Təsadüfi deyil ki, belə tədbirlərdə həmişə çoxsaylı görüşlər və məsləhətləşmələr baş tutur. Son illər görürük ki, dünyanın geosiyasi sistemi, ümumi beynəlxalq nizam çoxsaylı çatışmazlıqlar və təhdidlər fonunda sarsılır:

"Belə tədbirlərə bəzən əliboş gəlirlər - nəsə öyrənmək, məsləhət almaq və ya səsləndirilən fikirlərdən istifadə etmək üçün. Bir də var ki, artıq böyük təcrübə ilə gəlirsən və deyirsən: biz bunu etmişik və bu, ümumi prosesə, gərginliyin aradan qaldırılmasına real və əməli təsir göstərə bilər.

Məhz Prezident İlham Əliyevin iştirakı da bu baxımdan diqqət çəkir. Azərbaycan Münxen Təhlükəsizlik Konfransında faktiki olaraq Zəngəzur dəhlizinin təqdimatını keçirdi. Prezident çıxışında qeyd etdi ki, Trampın təşəbbüsü ilə gündəmə gələn marşrut hazırkı administrasiya tərəfindən də dəstəklənir və gələcək administrasiyaların da bundan imtina etməyəcəyinə inanır".

Politoloq bildirir ki, bu gün dünyada çoxvektorlu təhdidlər mövcuddur və onların qarşısını yalnız əməli işlərlə almaq mümkündür. Azərbaycan dövlətinin bu prosesdə müsbət və praktik təcrübəsi var və bu təcrübə ilə bölüşmək lazımdır. Çünki istinad edilə biləcək işlək modellər xüsusilə turbulent və qaynar bölgələr üçün böyük əhəmiyyət daşıyır. Kəskin təzadlar fonunda vəziyyət daha da gərginləşir və belə şəraitdə real nəticə vermiş model xalqlar üçün dəyərli olur.

Müsahibimizin sözlərinə görə, bu baxımdan Azərbaycanın təklifləri implementasiya, yəni reallaşma baxımından mühüm rol oynayır. Ermənistanla sülh şəraitinin formalaşdırılması istiqamətində atılan addımlar sırf Azərbaycan diplomatiyasının nəticəsidir və bu təcrübə digər bölgələr üçün də aktual mahiyyət daşıyır. Çünki münaqişələr bəzən çox asanlıqla başlayır və onların yaranması üçün istifadə olunan mexanizmlər o qədər sürüşkən və şübhəli olur ki, toqquşmalar qaçılmaz hala gəlir:

"Münxen Təhlükəsizlik Konfransında prezident bir daha vurğuladı ki, artıq təkcə danışmaq yox, əməli iş görmək vaxtıdır və Azərbaycan Münxenə əli dolu gəlib. Bunu inkar etmək olmaz. ABŞ prezidentinin bu məsələyə diqqət ayırması və bölgəyə artan maraq da bunun göstəricisidir. Ermənistan müəyyən fəallıq nümayiş etdirsə də, bu prosesin əsas təşəbbüskarı Azərbaycan diplomatiyasıdır.

Bəzi erməni rəsmiləri, o cümlədən Nikol Paşinyan və digər nümayəndələr çalışırlar ki, ABŞ ilə münasibətlərdəki canlanmanı özlərinin fəaliyyəti kimi təqdim etsinlər. Lakin bu proses bütövlükdə Azərbaycan diplomatiyasının, xüsusilə prezident İlham Əliyevin səyləri nəticəsində formalaşıb və bunu danmaq olmaz".

Tofiq Abbasov: Azərbaycan artıq orta güc səviyyəsinə yüksəlmiş dövlətdir

Ekspert hesab edir ki, dünya birliyi Azərbaycanın təqdim etdiyi müsbət təcrübədən istifadə etməli və bunu düzgün qiymətləndirməlidir. Bəzən elə təsəvvür yaranır ki, dünyada yalnız böyük dövlətlər aparıcı rol oynaya bilər. Halbuki Azərbaycan artıq orta güc səviyyəsinə yüksəlmiş dövlətdir və özünü layiqincə təqdim edə bilir:

"Ortaya qoyduğumuz yanaşmalar, bacarıqlar və imkanlar təkcə Azərbaycanın deyil, regionun və digər aktorların da faydasına xidmət edir. Ona görə də Münxen Təhlükəsizlik Konfransında Azərbaycan dövlətinin rəhbərinin çıxışları və səsləndirdiyi tezislər ümumilikdə Dünya Birliyinin qazancı kimi qiymətləndirilməlidir.

Problemləri sadalamaq asandır. Lakin problemlər çərçivəsində real təkliflər vermək və artıq reallaşmış modelləri göstərmək əməli nəticənin göstəricisidir. Bu baxımdan Azərbaycanın çıxışları və mövqeyi həm region, həm də dünya üçün vacib təcrübədir və bundan yan keçmək düzgün olmaz".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR