Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Parisdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətləri müzakirə edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Prezident İlham Əliyevlə Prezident Emmanuel Makron arasında telefon danışığından sonra Parisdə Prezidentin diplomatik müşaviri Emmanuel Bonne və digər fransalı həmkarlarımla səmərəli görüş keçirdim.
Biz ikitərəfli münasibətlər, eləcə də qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi apardıq", - o yazıb.
Xatırladaq ki, martın 8-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə telefon danışığı aparıb.
Fransa Prezidenti ölkəsinin Azərbaycanla həmrəy olduğunu bildirib və İranın Azərbaycana qarşı həyata keçirdiyi hava hücumu ilə əlaqədar dəstəyini ifadə edib.
Emmanuel Makron həmçinin İranda olan Fransa vətəndaşlarının Azərbaycan üzərindən təxliyəsi üçün yaradılan şəraitə görə dövlət başçımıza təşəkkürünü bildirib.
Prezident İlham Əliyev telefon zənginə və göstərilən həmrəyliyə görə minnətdarlığını ifadə edib.
Telefon danışığı zamanı Cənubi Qafqaz regionunda sülhün möhkəmləndirilməsi və Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin yenidən bərpası ilə bağlı fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olunub.
Bakı 




