60 yaşdan yuxarı 2,3 min nəfərin iştirak etdiyi çoxillik eksperimentin nəticələrinə əsasən, mis elementi neyroqoruyucu (sinir sistemi qoruyucusu) və neyrobərpaedici potensiala malikdir. Bu, xüsusilə neyrodegenerativ xəstəliklər riski yüksək olan insanlar, məsələn, insult keçirmiş şəxslər üçün keçərlidir. Bu səbəbdən alimlər rasionun keyfiyyətinə və mikroelementlərin orada yetərli miqdarda olmasına diqqət yetirməyi tövsiyə edirlər.
Bu barədə Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir.
Mis vacib mikroelementlərdən hesab olunur, çünki sinir sisteminin düzgün formalaşması və funksiyası daxil olmaqla, bir çox fizioloji proseslərdə həyati rol oynayır. Buna baxmayaraq, qida ilə mis qəbulunun koqnitiv (idrak) funksiyalara təsiri indiyədək az araşdırılıb. Çinli alimlər bu boşluğu doldurmaq məqsədilə fərqli tibbi keçmişə malik insanların koqnitiv sağlamlığına qida rasionundakı misin təsirini qiymətləndirməyə çalışıblar.
“New Atlas” nəşrinin araşdırmasında 60 yaşdan yuxarı 2,3 min nəfər iştirak edib. Bir neçə il davam edən tədqiqat müddətində iştirakçılar müxtəlif koqnitiv sınaqlardan keçib, eyni zamanda sağlamlıq vəziyyəti, həyat tərzi və gündəlik qidalanmaları barədə məlumat təqdim edilib.
Nəticələr göstərib ki, gündəlik rasionda 1,22 mq mis qəbul edən şəxslərdə beyin funksiyaları əhəmiyyətli dərəcədə yaxşılaşıb, idrak qabiliyyətləri saxlanıb və nevroloji xəstəliklərin inkişafına qarşı qoruyucu təsir müşahidə olunub.
Xüsusilə qeyd olunub ki, bu müsbət təsir koqnitiv pozğunluq riski yüksək olan insanlar, o cümlədən insult keçirmiş şəxslər arasında daha aydın müşahidə olunub. Məhz bu iştirakçı altqrupunda misin qida qəbulu ilə koqnitiv funksiyaların yaxşılaşması arasında ən güclü əlaqə qeydə alınıb. “Bu, insultdan sonra bərpa dövründə mis elementinin neyroqoruyucu və neyrobərpaedici potensialını göstərir”, – deyə tədqiqat müəllifləri bildiriblər.
Alimlər gündəlik optimal mis miqdarını 1,22 milliqram olaraq qiymətləndiriblər. Eyni zamanda vurğulayıblar ki, bu normanı qarşılamaq üçün əlavə qida əlavələri qəbul etmək tövsiyə edilmir. “Mis elementinə gündəlik qidada asanlıqla rast gəlinir, xüsusilə qoz, toxumlar, paxlalılar, göyərti, qaraciyər və digər qidalarda”, – deyə qeyd ediblər.
Qeyd edək ki, bundan əvvəlki tədqiqatlardan birində alimlər beynin mis balansının bərpasının Altsheymer xəstəliyində yaddaşın geri qayıtmasına səbəb olduğunu aşkar ediblər. Həmin klinik sınaqlara qədər 16 gün ərzində aparılan eksperimentlər laboratoriya siçanlarının koqnitiv qabiliyyətlərində nəzərəçarpacaq yaxşılaşma göstərib.