Bakının Yasamal rayonunda 1992-ci il təvəllüdlü Sərxan şəxsi münasibətlər zəminində mübahisə zamanı tanışı Aslana (adlar şərtidir - red.) xəsarət yetirib.
Bakıvaxtı.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə 19 dekabr 2024-cü ildə gecə saat 4 radələrində baş verib.
Həmin vaxt Sərxan kirayədə qalan tanışı Aslanla qonşuluqda yaşayan qadınla bağlı mübahisə edib və masanın üzərindən götürdüyü bıçaqla ona üç zərbə vurub.
İstintaq orqanı tərəfindən Sərxanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Sərxan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Aslanı öldürmək məqsədilə vurmayıb: "Hadisədən əvvəl bir neçə dəfə mübahisə etmişdik. Həmin xanım mənə yaxın adam idi. Hadisəni zərərçəkmiş şəxsin hərəkətləri nəticəsində törətmişəm. Onun sinəsinə yalnız bir zərbə vurduğumu xatırlayıram. Çox əsəbi olmuşam və vurmuşam".
Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisədən əvvəlki 6 ay ərzində yaşadığı ünvanda olmayıb: "Gələndə gördüm ki, Aslan hörmətsizlik göstərir. Mənim yaxınım olan xanımı narahat edirdi. Ona bir neçə dəfə xəbərdarlıq etdim. Sonuncu dəfə öz evində söhbət etdim, sonra vurdum.
Mən özümlə bıçaq götürməmişdim. Bıçaq onun mənzilində stolun üstündə idi. Həmin gün az miqdarda narkotik qəbul eləmişdim".
İş üzrə zərərçəkmiş Aslanın sözlərinə görə, hadisədən qabaq Sərxanla salamdan başqa münasibətləri olmayıb:
"Sərxan əvvəl məndən məhəllədə bir qızla münasibətimin olub-olmadığını soruşmuşdu. Mən də olmadığını demişdim. İki gün sonra söhbət təkrarlandı. Hadisə günü səhər sübh namazı vaxtı Sərxanın səsini eşitdim. İşığı yandırmadan çölə çıxdım. Ondan burda nə etdiyini soruşdum. Yenə həmin qızla münasibətimin olub-olmadığını soruşdu. Cavab verdim ki, yekə oğlansan, sözü bir dəfə deyərlər.
Sonra məndən siqaret istədi. Siqareti verəndə alışqan əlimdən yerə düşdü, onu götürmək istəyəndə məni bıçaqla vurdu. Mən də təpik atdım, büdrədi. Bıçağı Sərxanın əlindən aldım, qapını bağlayaraq onu otaqda saxladım. Bir anlıq səbrimi cilovladım ki, mən də onu vurmayım".
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Sərxan cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bakı 




