Ukrayna Ali Radası Aleksiy Reznikovun müdafiə naziri vəzifəsindən azad edilməsi məsələsinə sentyabrın 5-də, Rustem Umerovun namizədliyinə baxılması isə sentyabrın 6-na təyin edilib.
Bakıvaxtı.az bu barədə LIGA.net-ə istinadla xəbər verir.
“Xalqın qulluqçusu” fraksiyasının rəhbərliyindən verilən məlumata görə, sentyabrın 5-də parlament Umerovu Dövlət Əmlak Fondunun rəhbəri vəzifəsindən azad etməlidir.
Reznikovun vəzifəsindən azad edilməsindən sonra prezidentin Umerovun yeni müdafiə naziri təyin edilməsi təklifi parlamentə təqdim edilməlidir. Bundan sonra Milli Təhlükəsizlik və Müdafiə Komitəsi onun sənədlərinə baxacaq, təyinatla bağlı qərar layihəsi hazırlayacaq.
Məlumdur ki, Umerov sentyabrın 5-də “Xalqın qulluqçusu” fraksiyasının iclasına qatılacaq , xalq deputatlarının suallarını cavablandıracaq. Sentyabrın 6-da Rada onun nazir postuna təsdiqi məsələsinə baxmağı planlaşdırır.
Dövlət Əmlakı Fonduna yeni rəhbər təyin olunması ilə bağlı sual hələ də açıq qalır. Eyni zamanda, əsas namizəd Antiinhisar Komitəsinin hazırkı sədri Olqa Pişchanskayadır, lakin o, mənbələrə görə, “artıq istəmir”.
Murad Məmmədli
















