• Bakı 19° C

    7.96 m/s

  • USD - 1.7

    EUR - 1.8131

    RUB - 0.0182

Səhnəyə qayıda bilsəydim...” - Novruz Qartal

MÜSAHİBƏ

15 Dekabr 2021 | 12:21

“Səhnəyə qayıda bilsəydim...” - Novruz Qartal

Tanınmış jurnalist Etibar Cəbrayıloğlu Əməkdar artist Novruz Qartaldan Bakıvaxtı.az üçün müsahibə götürüb.

Sağlamlıq durumundakı vəziyyətlə bağlı bu yaxınlarda əməliyyat olunan Əməkdar artist Novruz Qartal müalicəsini ev şəraitində davam etdirir. Aktyorun uzun illər boyu çalışdığı Akademik Musiqili Teatrından mətbuat üçün verilən açıqlamada bildirilib ki, istər mədəniyyət müəssisələri pandemiya səbəbindən qapalı olduğu zamanda, istərsə də sonrakı dönəmdə teatrın rəhbərliyi daim sənətçinin səhhəti ilə yaxından maraqlanıb, ona maddi yardım göstərib, mənəvi dayaq durub. Kollektiv üzvləri Novruz Qartala hazırda yaşadığı mənzildə tez-tez baş çəkir.

Akademik Musiqili Teatrın rəhbərliyi və kollektivi Əməkdar artist Novruz Qartalın müalicəsini təmənnasız öz üzərinə götürən Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyevə və bütün tibbi personala da rəsmi təşəkkür məktubu ünvanlayıb.

Novruz Qartalı ziyarətə gedəndə ilk sözü teatrla bağlı oldu. Soruşdu ki, “Beş manatlıq gəlin” tamaşasının məşqləri necə gedir? Bizimlə söhbətdə həm doğma kollektivdən və Milli Onkologiya Mərkəzindən razılıq etdi. 75 yaşlı aktyor səhnə və tamaşaçı alqışı üçün darıxdığını bildirdi.

Ağlıma gəlməyən başıma gəldi, çox ağır əməliyyat oldu

- Novruz müəllim, uzun fasilədən sonra teatrlar fəaliyyətini bərpa etdi. Biz sizi həmişə səhnədə görməyə alışmışıq, mövsümün qızğın vaxtında sizi xəstə yatağında görmək heç xoş olmadı...

- Demə qardaş, demə. Korifey sənətkarlarımızdan eşitmişdik ki, səhnənin özünəməxsus sehri, bir cazibəsi, möcüzəsi var. Bunun gəlişigözəl, adi bir söz olmadığı bir daha sübut olundu. Koronovirus tüğyan edəndə bir çox yerlər kimi, teatrlar da bağlı qaldı. Uzun müddət doğma səhnədən, tamaşaçı nəfəsindən aralı qalmaq biz aktyorlara çox pis təsir etdi. Mən özüm həmişə xalqın içində olan adamam, pandemiya qadağalarına görə qapanıb evdə oturmağa məcbur oldum. Heç vaxt həkim tanımayan, dava-dərmanın nə olduğunu bilməyən, ancaq səhnənin tozunu udan adam teatr məcburi fəaliyyətini dayandırdığı müddətdə əvvəlcə insult keçirdim. Teatrların fəaliyyətinə icazə veriləndə çox sevindim, məşqlərə də rahat gedib-gəlirdim. Hətta oktyabrın 30-da yeni mövsümün açılışında səhnəyə çıxdım. Həmin gün teatrımızda Üzeyir bəyin məşhur “O olmasın, bu olsun” əsəri oynanılırdı və mən tamaşada hamamçı Məşədi Qəzənfər rolunda səhnədə idim. Bir neçə gün sonra özümü pis etməyə başladım və məcbur olub getdim həkimə. Baxan kimi dedilər ki, təcili əməliyyat olunmalısan, inan, heç sabaha da saxlamadılar, qoymadılar evə qayıdım. Nə deyim, ağlıma gəlməyən başıma gəldi, çox ağır əməliyyat oldu. Dörd aydan sonra növbəti əməliyyat olmalıdır, görək də inşallah...

- Qartalı xəstəxanada necə qarşıladılar?

- Sağ olsunlar, çox mehriban, gülər üzlə qarşıladılar. İmkan varsa mənim, ailəmizin minnətdarlığını Milli Onkologiya Mərkəzinin rəhbərliyinə, bütün işçilərinə yetirin. Təmənnasız əməliyyat elədilər, əziyyətimi çəkdilər, belə demək mümkünsə, nazımla oynadılar bu on günü. Baş həkim hər gün gəlib halımı soruşurdu. Həkimlər, tibb bacıları, texniki heyət böyük hörmətlə yanaşırdı, şəkil çəkdirirdilər mənimlə, tamaşalardan suallar verirdilər. Xüsusi ilə “Hicran” tamaşasından, çox vaxt elə mənə “Balaşka” deyirdilər. Bir daha əmin oldum ki, xalqımız teatra, sənətə, sənət adamına necə böyük hörmətlə yanaşır. Sağ olsunlar, hamıya cansağlığı arzulayıram.

Teatrda nəhənglər var idi e, nəhənglər...

- Sizə olan maraq təbiidir, ömrünüzün yarıdan çoxu teatrda keçib, korifey sənətkarlarımızla eyni səhnəni bölüşmüsüz...

- Bu gün Akademik Musiqili Teatr adlanan kollektivdə 1968-ci ildən çalışıram. Düzdür, 1989-cu ildə  Xalq artisti Hacıbaba Bağırovun yaratdığı “Tənqid-Təbliğ” Teatrına getdim, lakin 1996-cı ildə yenidən doğma ocağa qayıtdım. Mən bu teatrın səhnəsində kimləri görməmişəm? Nəhənglər var idi e, nəhənglər... Xalq artisti Lütfəli Abdullayev mələk kimi bir insan idi. Məni və digər gənc aktyorları yığıb aparırdı çayxanaya, amma biz cavan olduğumuz üçün Lütfəli müəllimin oturduğu masada yox, başqa masada otururduq. Çünki o zamanlar böyüklərin hörmət-izzətini saxlayırdıq. Xalq artisti Nəsibə Zeynalovanın evinə, bağına gedəndə heç vaxt məni oğlu Cahangirdən ayırmırdı, ana nəvazişi göstərirdi. Xalq artisti Şəmsi Bədəlbəyli bizim teatra rəhbərlik edib, çox sanballı insan, gözəl pedaqoq idi. Məşq vaxtı bir də görürdün deyirdi dayanın, bu gün daha məşq olmayacaq. Səbəbini soruşurduq, deyirdi ki, məsələn filan aktyor hiss edirəm nəsə narahatdır. Onsuz da bu vəziyyətdə ondan istədiyimi ala bilməyəcəm. Yəni, səhnədəki aktyorun halını uzaqdan hiss edirdi, duyurdu.

O vaxtlar daxili baxışa, premyeralara kimlər gəlmirdi? Fikrət Əmirov, Niyazi, Süleyman Ələsgərov, Mirzə İbrahimov, Süleyman Rüstəm, Cəfər Cəfərov, Abbas Zamanov...  Yazıçı Məhərrəm Əlizadənin librettosu əsasında Tofiq Bakıxanovla  Nəriman Məmmədovun birgə yazdığı “Altı qızın biri pəri” operettası ilk dəfədən qəbul olunmadı. Nəsibə xanım üçün ayrıca rol yazıldı, sonra qəbul etdilər. Yəni, hər bir işə tələbkar yanaşırdılar.    

Bir daha arxayın oluram ki, teatrda işlədiyim illər hədər getməyib

- Müalicə alan adamın gözü qapıda olur. Gəlib gedən, vəziyyətinizlə maraqlanan var?

- Əlbəttə var, özü də çoxdur. Xüsusi ilə Akademik Musiqili Teatrın rəhbərliyi və kollektivi. Teatrımızın direktoru Əliqismət Lalayev istər xəstəxanada olduğum müddətdə, istərsə də bu günlər mənə həm maddi, həm də mənəvi dayaq durub, hər gün maraqlanıb, evə gəlib mənimlə görüşüb. Teatrın işçiləri tez-tez baş çəkirlər, zəng vururlar. Bir daha arxayın oluram ki, teatrda işlədiyim illər hədər getməyib. Uzun müddət teatrımızın həm də truppa müdiri olmuşam, bir adam deyə bilməz ki, Novruz Qartal mənim xətrimə dəyib, nəsə bir pislik edib. Truppa müdiri təyin olunan ilk vaxtlar lap çətin idi, indiki kimi mobil telefon, kompüuter sistemi nə gəzirdi? Teatrın düz-əmməli bir arxivi də yox idi, rus truppasındakı aktyorların sənədləri qaydaya salınmışdı, amma Azərbaycan truppasında bir bərbad vəziyyət idi ki, gəl görəsən. Məsələn, yazılmışdı ki, Abdullayev Lütfəli Əmir oğlu, filanıncı ildə truppaya qəbul edilib, başqa heç bir sənəd tapa bilməzdin. Nəsibə xanımda da eyni vəziyyət idi. Bunun da səbəbi o idi ki, elə bir dövr gəldi, teatrımızda paltarasandan ta kadrlar idarəsinin müdirinə qədər əksər işlər erməni millətindən olanlara tapşırıldı...

Allaha şükür, indi teatrda hamı öz milli kadrlarımızdır. Əliqismət müəllim gələndən gənclərə geniş meydan verilib. Mənim yerimə truppa müdiri təyin olunanda Vidadi Həsənov da gənc idi, biz onunla əl-ələ verib teatrın arxivini qaydaya saldıq, kompüterləşdirdik. Teatrımızda mənim əziyyətimi hər zaman qiymətləndiriblər. Dövlətimiz də sağ olsun, neçə il dalbadal “Prezident mükafatı” almışam, 2013-cü ildə cənab Prezidentimizin sərəncamı ilə Əməkdar artist fəxri adına layiq görülmüşəm.

Dəyər verən, mənimlə maraqlanan hər kəsə bir daha minnətdarlığımı bildirirəm. Bir neçə gün qabaq millət vəkili Qənirə Paşayeva məni ziyarət etdi, problemlərimlə maraqlandı, arzumu, istəyimi soruşdu.

Adam utanır, teatrın kollektivi, başqa adamlar, qohum-qardaş nə qədər yardım edər...

- Arzunuz, istəyiniz varmı?

- Səhnəyə qayıda bilsəydim... Məndən olsa sabah durub teatra gedərəm, amma səhhətim imkan vermir. Gələn ilin martında 75 yaşım tamam olur, ümid edirəm ki, yubileyim ərəfəsində təltif məsələsinə baxılar. Prezident təqaüdü alsam müalicəmə, dolanışığıma xeyli kömək olar. Vallah adam utanır, teatrın kollektivi, başqa adamlar, qohum-qardaş nə qədər yardım edər... Balaca nəvəm hər səhər sübh tezdən durub mənim üçün dualar edir, inanıram ki, nəvəmin duaları qəbul olunacaq. 

Etibar CƏBRAYILOĞLU 


SON XƏBƏRLƏR