• Bakı 22° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Poliqlot Aslan Məmmədzadə: "Bəzən sadəcə bir insan üçün də dil öyrənmək lazım olur"

MÜSAHİBƏ

06 Dekabr 2021 | 16:06

Poliqlot Aslan Məmmədzadə: Bəzən sadəcə bir insan üçün də dil öyrənmək lazım olur

Müasir dövrdə oxuduğumuz, işlədiyimiz sahədən asılı olmayaraq, ən azı bir xarici dil bilmək zəruridir. Sevindirici haldır ki, indi dil öyrənmək üçün vəsaitlər, kurslar, tədbirlər də daha çox və əlçatandır. Xarici dil öyrənməyin ən asan və rahat yolu varmı? Ümumiyyətlə, insanların bir neçə xarici dil öyrənməsi nə dərəcədə vacibdir?

Peşəkar səviyyədə 9 dil bilən, neyrolinqvistika təhsilli azərbaycanlı poliqlot Aslan Məmmədzadə Bakıvaxtı.az-a müsahibəsində bu və digər sualları cavablandırıb.

İnsanların böyük faizi xarici dil mövzusunda çətinlik çəkir

- Yəqin ki, peşəkar səviyyədə doqquz dil öyrənmək heç də asan olmayıb. Bu mərhələyə gələnə qədər olan fəaliyyətiniz haqqında nə deyə bilərsiniz?

- Lənkəran şəhərndə doğulub məktəb təhsilimi orada almışam. Daha sonra bakalavr dərəcəsi üçün Türkiyəyə getdim. Orada təhsilimi başa vurduqdan sonra  Avropada  NeyroLinqvistika təhsili alaraq dil mənimsəmə prosesini daha dərindən araşdırmaq imkanı qazandım.

12 il ərzində həm neyrolinqvistika təhsili alıb, həm də 9 dildə peşəkar səviyyədə danışmağı öyrənmişəm. Poliqlotlar və təhsil sahəsində olan peşəkarlar ilə dünyanın fərqli ölkələrində müxtəlif layihələr üzərində işləmək şansım olub. 24 fərqli ölkədən olan individual şəxslərə, sahibkarlara və korporativlərə xarici dillər mövzusunda dəstək olmuşam. Bu siyahıya ABŞ, Yaponiya, Sinqapur, Honkonq, Birləşmiş Ərəb Əmirliyi, eləcə də Böyük Britaniya, Almanya, Fransa, İspanya və s. kimi ölkələr daxildir.  Həm də Dünya Poliqlotlar Cəmiyyətinin üzvü, yerli və xarici tədbirlərin məruzəçisiyəm. Dünyanın fərqli yerlərindən olan insanlarla işləmək və müxtəlif beynəlxalq layihələri idarə etmək, fərqli mədəniyyətlərə yiyələnmək, dil mənimsəmə sahəsində, ünsiyyət və liderlik bacarıqlarında daha da zəngin bilik və təcrübə qazanmağıma səbəb olub.

- Təşkil etdiyiniz layihə Azərbaycanda bir ilkdir. İdeya hardan ağlınıza gəldi?

- Uzun illərdir xarici dillər üzərində işləyirəm və ölkəmizdə bu prosesin inkişafına maksimum dəstək olmaq üçün çalışıram. Mənim də üzvü olduğum “Dünya Poliqlotlar Assosasiyası” hər il müxtəlif ölkələrdə Poliqlotlar konfransı və digər beynəlxalq tədbirlər təşkil edir. Bu tədbirlərdə iştirak etdiyim zaman düşünürdüm ki, niyə də bu layihələr Azərbaycanda təşkil olunmasın?! Hazırda bizdə xarici dillərin öyrənilməsi mövzusunda inkişaf etdirilməli bəzi nüanslar var, hansı ki, onların həll yolu üçün xarici və yerli ekspertlər birlikdə çalışaraq uğurlu nəticələr əldə edə bilər. Beləliklə, qərara gəldim ki, məhz Poliqlotlar Konfransının qurucusu, 20 dildə akademik bacarıqlara sahib Richard Simtcottla görüş təşkil edək.

- Və onlayn platformada tədbir keçirmək qərarına gəldiniz...

- İlkin olaraq, pandemiya şərtlərini, sərhədlərə tətbiq olunan sərtləşdirilmiş qaydaları nəzərə alaraq, bu qədər böyük layihəni canlı keçirmək mümkün olmayacaqdı. “Poliqlot Show”-un əsas məqsədlərindən biri, dillərə marağı olan hər kəsin yararlanmasıdır. Layihədə mindən çox iştirakçının olacağını nəzərə alsaq, təlimi Bakı şəhərində keçirsəydik, regionlardan və xaricdə yaşayan həmyerlilərimizin bizə qatılması çətinləşəcəkdi. Beləliklə, hər kəsin ən rahat və effektiv yararlanması üçün “Poliqlot Show” onlayn şəkildə olacaq.

- Bu layihəni təşkil etməkdə əsas məqsədiniz nədir?

- Ölkəmizdə kiçik yaşdan məktəblərdə xarici dilin tədrisinə başlanılır və uzun illər tədris prosesinin həm ümumi, həm də fərdi davam etməsinə baxmayaraq, insanların böyük faizi xarici dil mövzusunda çətinlik çəkir. Burada təhsildəki müəyyən boşluqlar, cəmiyyətin xarici mədəniyyət və dillərə olan baxışı kimi bir çox səbəblərlə qarşılaşırıq.

Ona görə də, tədbirin əsas missiyası Azərbaycanda dil baryerini yox edərək gənclərin təhsil və karyera inkişafına töhvə vərmək, xarici dil öyrənən hər kəsə 2022-ci il üçün effektiv metodika və strategiyaları təqdim etməkdir. Bunanla yanaşı, dünyada dil öyrənmə prosesi haqqında geniş araşdırmalara sahib olan poliqlotların zəngin təcrübə və yenilikçi yanaşmalarını ölkəmizin insanlarına əl çatan etməkdir.

- Tədbir, əsasən, hansı  yaş aralığı üçün nəzərdə tutulub, ya da siz daha çox hansı  yaş aralığında olan insanların qatılmasını istərdiniz?

- “Poliqlot Show” dillərə marağı olan hər kəs üçündür. Öyrənməyin, yeni mədəniyyətlər kəşf etməyin yaşı yoxdur. Siz bir dil öyrəndiyiniz zaman sadəcə yeni sözlər, qrammatika öyrənmirsiniz. Tamamilə başqa bir ölkənin tarixi, mədəniyyəti və adət-ənənələri ilə tanış olursunuz. Dünyanın başqa qitə və ölkələrində insanlar necə düşünür, həyatı necə görür, ən qəmgin və ya sevincli vaxtında hisslərini necə ifadə edir, bunları öyrənirsiniz. Atalarımız demiş, nə qədər dil bilsən, o qədər çox insansan. Bu sözə tamamilə qatılıram, ona görə də, yaşından və səbəbdindən asılı olmayaraq, hər kəs iştirak edə bilər. Kimisi təhsili üçün dil öyrənmək istəyə bilər, başqa biri dünyanı kəşf etmək üçün, digəri isə karyera həyatında yeni addım atmaq üçün - bir sözlə, dil prosesinin içində olan hər kəs bu tədbirdə özü üçün faydalı məlumatlar əldə edəcək.

- Tədbirdə sizdən başqa hansı poliqlotlar olacaq? Niyə məhz Richard Smitcott?

- İlk günlərdə bir neçə xarici poliqlot haqqında düşünmüşdüm. Lakin, daha sonra beynəlxalq arenada xarici dillər sahəsində saysız uğurları və layihələri olan Richard Simcottu dəvət etmək qərarına gəldim. O nəinki əvvəl qeyd etdiyim Poliqlotlar Konfransının iştirakçısı, elə həmin konfransın qurucusudur. Bundan əlavə, Richardın bir çox uğurları var, belə ki, “Harper Collins” nəşr evi tərəfindən “Birləşmiş krallığın ən multilinqual insanı”, “Goethe” universiteti tərəfindən “Multilinqualizm Səfiri” seçilib. 50 dil üzərində çalışıb və hal-hazırda 20 dili akademik səviyyədə bilir. Əlbəttə ki, öz bacarıqlarını digər insanlarla bölüşməkdən də çəkinmir. Buna ən gözəl nümunələrdən biri 11 yaşı olmasına baxmayaraq artıq 5 dildə sərbəst danışa bilən qızıdır. Məhz bu səbəblərə görə “Poliqlot Show”-un qonağı qeyd etdiyim uğurların müəllifi Richard Simcottdur.

- Yəqin ki, onunla əlaqə qurmaq elə də asan olmayıb, layihə haqqında məlumat verdikdə və Azərbaycanda olacağını biləndə ilk təəssüratı nə oldu?

- Richard Simcottla illər ərzində fərqli konfrans və layihələrdə birlikdə işlərimiz olduğuna görə artıq uzun zamandır ki, münasibətimiz var. Bu səbəbdən, onunla əlaqə saxlamaq çətin olmadı. Richard çox məşğul iş həyatı olmasına baxmayaraq, ilk dəfə belə bir ideya haqqında eşitdikdə məmnuniyyətlə iştirak edəcəyini bildirdi. Əlavə olaraq, həmin tədbirləri birlikdə idarə etdiyimiz zamanlarda Azərbaycan mədəniyyəti haqqında yetərincə geniş müzakirələrimiz olub və bu da Richardda Azərbaycana qarşı xüsusi maraq da yaradıb. Bu səbəbdən ilk danışığımızdan sonra sürətli şəkildə görüş üçün hazırlaşmağa başladıq.

- Niyə bu tədbiri Azərbaycanlı poliqlotlarla yox, məhz xarici poliqlotla keçirmək istədiniz?

- Yerli peşəkarlarla tədbirlər keçirməyə hər zaman açığıq. İndiyədək daimi olaraq Azərbaycandakı poliqlotlarla görüşüb, müxtəlif layihələr, tədbirlər təşkil etmişik və əlbəttə, zamanla miqyasını genişləndirmək hədəflərimdən biridir. Bu görüşdə isə əsas məqsədlərdən biri ölkəmizdəki dil öyrənmə prosesindəki boşluqları məhz xarici təcrübəsi olan ekspertlərlə müzakirələr etmək və fərqli baxış bucağı yaratmaqdır. Tədbir zamanı həm lokal həmdə beynəlxalq mövzular arasında bir ahəng yaratmaq istəyindəyik.

- Layihənin ardı gələcək?

- Çox maraqlı və həyəcanverici sualdır. Çünki uzun müddətdir bu proseslər haqqında saysız ideyalarımız var. Bəli, bu layihəni silsilə genişləndirərək davam etdirmək fikrindəyik. Hal-hazırda “Dünya Poliqlotlar Assosasiyası” ilə danışıqlarımız davam edir. Ən qısa zamanda Poliqlotlar Konfransını Azərbaycanda keçirməyi düşünürük. Bu tədbirdə dünyanın müxtəlif ölkələrindən 500-dən çox poliqlot iştirak edir. Assosasiya ilə olacaq əməkdaşlığımız və keçirəcəyimiz daimi tədbirlərin həm ölkəmizin tanınmasında həm bizim təhsilimizin inkişafında böyük töhvələr verəcəyinə inanıram.

- Bu tədbirdə ən çox kimlər maariflənə və motovasiya ala bilər, poliqlot olmaq yolunda irəliləyənlər, yoxsa dil öyrənməyə həvəsli olub, amma çətinlik çəkənlər?

- Əslində, “Poliqlot Show” dilləri öyrənməkdə olan hər kəs üçün faydalı olacaq. Bu imtahan və ya karyera üçün ingilis dili öyrənmək istəyən insan da ola bilər, poliqlot olmaq yolunda ilərləmək istəyən də. Ola bilsin iştirakçılarımız arasında bu səbəblərdən başqa biznes, səyahət və ya sırf şəxsi inkişaf üçün dil öyrənmək istəyən insanlar olsun. Çünki tədbirimizin təməl mövzularından biri 2022-ci ildə bir dili öyrənmək üçün istifadə edəcəyimiz effektiv metodika və strategiyalar haqqında olacaq, burada Richard öz təcrübələrini bölüşəcək hansı ki, bir çoxumuz üçün yeni məlumatlar olacağına əminəm. Digər əsas məsələlərdən biri isə Azərbaycanda bu mövzuda olan boşluqlar haqqındadır. Saysız kursların, müxtəlif kitabların, vəsaitlərin olmasına və dil öyrənmənin ölkəmizdə ən aktual mövzulardan olmasına baxmayaraq, bir çoxumuz nə kurslarda effektiv neticə tapırıq nə də “selfstudy” ilə istədiyimiz bacarıqları əldə edirik. Bu da onu göstərir ki, müəyyən boşluqlar və baryerlərimiz var. “Poliqlot Show”-da məhz bu məsələlər haqqında geniş müzakirələr aparacağıq. Məqsədim tədbirin nəticəsində Richardın yenilikçi bilikləri ilə Azərbaycandakı təməl xüsisiyyətləri birləşdirib uyğun həll yolları təklif etməkdir. Bu səbəbdən həm dil öyrənmədə çətinlik çəkən, həm də poliqlot olaraq biliklərini zənginləşdirmək istəyən insanlar üçün maraqlı və faydalı olacaq

Məktəb illərində düşünürdüm ki, mən heç vaxt ingilis dilini öyrənə bilməyəcəm

- Bəs siz özünüz dil öyrənməyə hansı dildən başlamısınız?

- Rus dilli ailədə böyüdüyümə görə Azərbaycan dili ilə yanaşı ilk əlavə öyrəndiyim dil rus dili olub, lakin, mən rus dilini sonradan seçərək öyrəndiyim əcnəbi dil kimi qeyd etməzdim. Daha sonra Türkiyədə universitetə qəbul oldum, türk dilini müəyyən qədər bilsəm də, dili təhsil müddətində akademik səviyyəyə çatdırdım. Həmin illərdə mənim üçün əcnəbi dil kimi görünən və üzərində çalışdığım dil ingilis dili olub. İngilis dili üzrə müəyyən səviyyəyə çatdıqdan sonra polyak dilini öyrənmək qərarına gəldim və beləcə, həyatımın dəyişdiyi əsas nöqtələrdən birinə çatmış oldum.

- Çox dil öyrənə bildiyinizi kəşf etdiniz, yoxsa bu vərdişi özünüz yaratdınız?

- Maraqlı sualınız üçün təşəkkür edirəm. Əslində, məktəb illərində düşünürdüm ki, mən heç vaxt ingilis dilini öyrənə bilməyəcəm. Nəinki mən ətrafımdakı insanlar, müəllimlərim, valideynlərim də bu fikirdə idi. Türkiyədə olduğum vaxt düşünürdüm ki, Aslan niyə ingilis dilini öyrənə bilmir? Əslində, mənə hansısa dili öyrənməkdən daha çox həmin dili öyrənməyin və ya uğursuz olmağın səbəbi maraqlı idi. Bu səbəbdən 17 yaşımdan, birinci kursda oxuduğum zaman da insan beynində dil öyrənmə prosesində hansı hadisələr baş verdiyini araşdırmağa başladım. Bu prosesdə olan insanlara və özümə nəzər salıb olanları araşdırmağa çalışırdım. Beləliklə, bir çox fərqli dillərlə və öyrənmə metodikalarıyla tanış oldum. Öyrəndiklərimi ilk özüm tətbiq edərək birinci ingilis dilini öyrəndim. Nəticədə, gördüm ki, məsələ sadəcə kiminsə dil öyrənmə bacarığı deyil, doğru metodikalardan istifadə etməsi imiş. Uğurlu olmaq məni polyak dilinə motivasiya etdi və bu həvəs digər dillər üçün ardıcıl açılan qapılara çevrildi. Dilləri öyrəndiyim zaman çox fərqli və maraqlı hisslər yaşayırdım. Artıq həyatdakı əsas və ən sevdiyim işi tapmışdım.

- Bir dili öyrənmək nə qədər vaxtınızı alır?

- Bu sualı iki hissədə müzakirə edə bilərik. İlkin olaraq, seçəcəyim dil daha əvvəl bildiyim dillərə yaxındırsa, məsələn, mən fransız, ispan, italyan və ingilis dillərini bilirəm və yeni dil olaraq portuqal dilini seçirəmsə, həmin dillərə yaxın olduğundan üç, dörd aya, sürətli şəkildə yüksək səviyyəni əldə etmək mümkündür. Əgər seçəcəyim çin, yapon, ərəb dili kimi fəqrlidirsə, artıq həmin dilləri akademik səviyyədə bilmək üçün bir il yarım, iki il lazımdır. Əlbəttə, burada gündəlik ayırılan zamandan, motivasiyadan və digər səbəblərdən də çox şey asılıdır

Dil öyrənməyin əsas nüanslarından biri səbrli olmaqdır

- Poliqlot olmaq üçün hansı bilik və bacarıqlara sahib olmaq lazımdır?

- İlk növbədə, mütləq şəkildə poliqlot olma istəyi olmalıdır. Çünki poliqlotlar daimi olaraq müxtəlif dilləri öyrənirlər, hətta bu dilləri həyatlarında istifadə etməsələr belə, eyni marağı göstərirlər. Buna görə də, insan gərək poliqlot olmağı çox istəsin ki, daim o motivasiyanı özündə tapsın. Digər əsas nüanslardan biri səbrli olmaqdır. Dil öyrənmək qısa bir zamanda olacaq proses deyil, bəzən bu, nəinki aylar, hətta illərlə davam edir. Bu zamanda bir çox problemlər, çətinliklər, həyat qayğıları sizə çətinlik yaratsa da, səbrli olub, davam etməyi bacarmalısınız. Əlavə olaraq, təbii ki, ünsiyyət, təqdimat bacarıqlarıyla yanaşı zamanın idarə olunması da çox vacibdir. Çünki artıq 6-7 dil öyrəndikdən sonra onları aktiv saxlamaq üçün daim praktika etmək lazım gəlir  və bu elədə sadə və qısa proses deyil, bu səbəbdən, zamanı düzgün idarə etmək poliqlot olmaq istəyən insanlar üçün vacibdir. Əsl sevgi, istək, səbr və davamlı disiplin olarsa, bu uzun yolu uğurla addımlamaq mümkündür.

- Dil istifadə olunmayanda unudulur, siz bu problemlə üzləşdikdə nələr edirsiniz?

- Əslində, buna daha bizim hər zaman bildiyimiz dil öyrənmə metodikaları səbəb olur. Hər zaman dəstəklədiyim bir fikir var ki, “dil öyrənilmir, dil mənimsənilir”.  Dili həqiqətən mənimsədiyiniz zaman uzun müddət məşğul olmadıqda müəyyən boşluqlar yaransa belə, qısa bir təkrar və ya praktika ilə əvvəlki vəziyyətə qayıtarmaq mümkündür. Mən, təbii ki, öyrəndiyim dilləri hər gün praktika etmək üçün çox vaxt ayıra bilmirəm. Lakin əlimdən gəldiyi qədər həmin dildə danışan insanlarla söhbət edirəm. Oxuduğum bloqları və ya izlədiyim filmləri həmin dillərdə seçərək daimi olaraq biliklərimi canlı saxlayıram.

- Bəs insanlara sonradan öyrəndikləri dili unutmamaq üçün nələri məsləhət görürsünüz?

- Dil insan təbiətində ən vacib xüsusiyyətlərdən biridir. Dil ünsiyyət zamanı yaranıb və onu qorumaq üçün daim məşğul olub danışmaq, dinləmək, oxumaq lazımdır. Dilini öyrəndiyiniz ölkə və ya millət haqqında daimi maraqlı araşdırmalar etmək olar və ya gündəlik həyatımızda hansısa elmi məqalənin, araşdırmanın və ya iş haqqında araşdırmanın həmin dilə tərcümə edilmiş variantını seçmək mümkündür. Sevdiyiniz filmə bir neçə dildə baxaraq, istədiyiniz kitabın həmin dilə tərcümə olunmuş versiyasını oxuyaraq dinləmə bacarıqlarınızı inkişaf etdirməyiniz mümkündür. İnternet və sosial media üzərindən həmin dildə danışan insanlarla ünsiyyətdə ola bilərsiniz. Biz sosial canlılarıq və gündəlik həyatımızı nə çevrələyirsə həmin bacarıqlar bizdə vərdişə çevrilir. Həyatımızda həmin dil üçün nə qədər yer ayırsaq, o qədər bizim ayrılmaz parçamıza çevriləcək.

- Bir dili daha asan və tez öyrənmək üçün nə etmək olar?

- İlkin olaraq bunu qəbul etmək lazımdır ki, dil öyrənmək zaman alan bir prosesdir. Hansısa bir dili sıfırdan bir-iki ay ərzində akademik səviyyəyə çatdırmaq real görünmür. Bu səbəbdən. başlayanda bu prosesin müəyyən bir zaman davam edəcəyini qəbul etmək lazımdır. Lakin, əlbəttə, müəyyən effektiv texnikalardan istifadə edərək, prosesi bir qədər sürətləndirə bilərik. Bunun üçün ən birinci dərsliklərdən uzaqlaşıb, real həyata atılmalıyıq. Təbii ki, bir dili öyrəndiyimiz zaman kifayət qədər söz bazası və qrammatik biliklər vacibdir. Əsas olan ilk öyrəndiklərimizi ən qısa zamanda real həyatda, ünsiyyət zamanı istifadə etməyi bacarmağımızdır. Artıq o zaman öyrəndiklərimizi mənimsəməyə başlayırıq. Bir daha qeyd etmək lazımdır ki, kitablarla məşğul olmaq çox vacibdir, amma, həmin müddəti düzgün idarə edib, ən qısa zamanda canlı praktikanı seçmək də vacibdir. Bunun üçün həmin dildə danışan insanlarla canlı ünsiyyət qurmaq olar, sosial media üzərindən söhbət etmək, filmlər izləmək, musiqiyə qulaq asmaq, “Youtube”dən maraq dairəsinə uyğun videolar izləmək ən əla seçimlərdir

Bildiyim bütün dillər işimə yarayır

- Bildiyiniz dillərdən ən çox hansı işinizə yarayır?

- Demək olar, bildiyim bütün dillər işimə yarayır. Düşünürəm ki, dilləri faydalı və faydasız kimi ayırmaq çox da doğru olmaz, sadəcə biz o dilləri bilmədiyimiz üçün faydaları haqqında da xəbərsiz oluruq. Məsələn, ispan dilini bilməyən birindən həmin dilə nə qədər ehtiyac duyduğunu soruşsanız, əlbəttə ki, heç ehtiyac duymadığını deyəcək. Bunun kimi bir çox nümunələr saymaq olar. Bilmədiyimiz bir mövhum haqqında nəinki yaxşı, hətta pis bir şey demək belə mümkün olmur. Mənim işlərimin təməlində məhz bildiyim dillər böyük rol oynayır. Xarici tələbələrimə əcnəbi dilləri öyrətdiyim zaman ortaq dillərdən, ən çox ingilis dili olmaqla, alman, ispan dillərindən istifadə edirik. Bu zaman öyrəndiyim hər bir dil mənim üçün çox böyük imkanlar yaradır. Gündəlik həyatımda isə əksəriyyət məlumat və xəbərlərin, bloqların ingilis dilində olması səbəbilə  mən də  hər kəs kimi daha çox ingilis dilindən istifadə edirəm.

- Hədəfiniz neçə dil bilməkdir?

- Hər zaman müxtəlif mədəniyyətlərə və dillərə böyük və bitməz həvəslə yaşayıram və yəqin ki, həyatımın sonunadək onları araşdırmağa davam edəcəm. Amma, sözün düzü, dillərin sayı ilə bağlı dəqiq hədəfim yoxdur. İndi, əsasən, akademik səviyyədə bildiyim 9 dil üzrə bacarıqlarımı aktiv saxlayıb mənim üçün maraqlı olan çin, yapon, ərəb, yunan dillərini müəyyən səviyyədə öyrənmək niyyətindəyəm. Lakin, hal-hazırda xarici dillər üzərində bir çox layihələrə daha çox enerji və zaman ayırdığım üçün bu planlarımı gələcək zamanda reallaşdırmağı düşünürəm.

Ən çətin dillərdən biri türk dilidir

- Bəs sizə görə ən çətin dil hansı dildir və niyə?

- Dil bizim danışdığımız dildən nə qədər fərqli olursa o qədər çətinləşir. Məsələn, dünyada ən çətin dillərdən biri türk dilidir. Ancaq Azərbaycan dilinə çox yaxın olduğu üçün bizə öyrənmək olduqca rahatdır.  Amma bizim doğma dilimizdən uzaq olan yapon, ərəb və ya çin dilləri bizim üçün daha da çətindir. Burada sadəcə məsələ söz və qrammatika öyrənməkdən ibarət deyil, onların həm yazılış qaydaları, həm də tələffüz xüsusiyyətləri bizə olduqca yaddır. Daha əvvəldə qeyd etdiyim kimi, bir dili öyrənərkən sadəcə struktur yox, həm də həmin millətin mədəniyyətini adət-ənənələrini, düşüncə tərzini araşdırır, mənimsəyirik. Sözü gedən ölkələrin düşüncə tərzi və mədəniyyəti də bizim üçün kifayət qədər fərqlidir. Bu da prosesi çətinləşdirən əsas amillərdəndir.

- 9 dil bilən Aslan ilə bir, iki dil bilən Aslan arasında hansı fərqlər var?

- Olduqca düşündürücü və maraqlı sualdır. Düşünərim ki, çox fərqlər var, Hansı ki, dilləri öyrənməmişdən əvvəl Aslan ünsiyyət bacarıqları daha zəif, özgüvəni aşağı və cəmiyyət içərisinda tam da öz mövqeyini kəşf etməmiş bir gənc idi. Heç vaxt təsəvvür etməzdim ki, dillər mənim həyatımı bu dərəcə dəyişəcək və mən müxtəlif ölkələrə səyahət edəcəm, bir çox yerli və beynəlxalq layihələrdə olacam və belə faydalı olmaq üçün cəhdlər edəcəyəm. Poliqlot olmaq yolunda mənə saysız hesabsız gözəl qapılar açıldı və dillərə görə bir çox şanslar əldə etdimə

İspan dilini öyrənməyimin səbəbi ispan dostumun olması idi

 - Çox adam düşünür ki, bir dili öyrənmək üçün mütləq bir səbəb, ya da motivasiya olmalıdır.

- Tamamilə razıyam ki, bir dili öyrənmək istəyən insanın güclü bir səbəbi və motivasiyası olmalıdır. Hansısa dili öyrənməyə başlamazdan əvvəl buna hansı səbəblə başladığnızı dəqiq bilməli və ona görə özünüzü motivasiya etməlisiniz. Bu qayda poliqlotlar üçün çox da vacib deyil. Uzun illər ərzində yüzlərlə poliqlotla tanış olmuşam və qarşılaşdığım bir çox situasiya onu göstərir ki, poliqlotlar sadəcə çox maraqlı və həvəsli olduqları üçün istədikləri dili öyrənmək üçün çalışırlar. Hətta bəzən elə olur ki, sadəcə bir insan üçün dil öyrənirsiniz. Məsələn, mənim ispan dili öyrənməkdə ən böyük səbəbim ispan dostumun olması idi. Hər dəfə onunla etdiyimiz maraqlı söhbətlər, ispan mədəniyyəti mənə kifayət qədər motivasiya verirdi.

- Bəs sizcə, insanların bir neçə dil öyrənməsi nə dərəcədə vacibdir?

- Əlbəttə, hər kəs bir çox dili bilməlidir və ya öyrənməlidir kimi bir qayda yoxdur. Bu, insanın təhsil, karyera və ya şəxsi maraqlarından asılıdır. Amma əsas ingilis dilini öyrənməyin vacib olduğunu qeyd edə bilərəm. Buna ən böyük səbəb, ilkin olaraq, məlumatın əlçatan olmasıdır. Azərbaycan dilində internet üzərində mənbələr həddindən artıq azdır. Lakin, siz ingilis dili bildiyiniz zaman onun dünyada hal-hazırda qlobal dil olmasını da nəzərə alaraq, istənilən məlumatı və informasiyanı rahat şəkildə əldə edə biləcəyiniz məlum məsələdir. Bu səbəbdən, təbii ki, neçə xarici dil bilmək şəxsin özündən asılı olsa da, ingilis dilni bilmək vacibdir.

Əsas planlarımız Azərbaycanda dil baryerini yox etməkdir

- Niyə Azərbaycanda insanlar digər ölkərə nisbətən dil öyrənməkdə çətinlik çəkir, problem nədir?

- Dil öyrənmə prosesində ölkəmizin daha çox çətinlik çəkdiyini düşünmürəm. Bu, demək olar ki, bütün dünyada olan ortaq məsələlərdəndir. Bir çox xarici layihələrim olub və Avropa ölkələrindən Sinqapura, Honq Konqa qədər bir çox  ölkələrlə işləmə imkanım olub. Müşahidə və təcrübələrimə əsasən, dünyanın, demək olar ki, hər yerində bu məsələ ilə bağlı bir çox problemlər var. Təməl hissə yanlış metodika və texnikalardan istifadə olunmasıdır. Əfsuslar olsun ki, bir çox ölkələrdə doğru metodikalardan istifadə yayqın deyil. Çünki hələ də insanların çoxu praktikanın 80-90%-ni dərsliklər üzərindən aparır. Bunun əsas səbəbi odur ki, əvvəllər onlayn proseslər və internetdə əlçatan olmaq çətin proses idi. İndi hər nə qədər bu imkanlar dəyişsə də, biz vərdişlərimizi dəyişə bilmirik. Dərsliklərdən istifadə etmək nə qədər vacib olsa da, dil ünsiyyət vasitəsidir və siz onu aktiv təcrübə etmədiyiniz zaman heç vaxt tam mənimsəyə bilməzsiniz. Aktiv texnikalardan nəzərdə tutduğum əvvəl də qeyd etdiyim kimi, fimlər izləmək, musiqilər dinəmək, Youtube kanallarını izləmək və s. Ola bilər.

- Azərbaycanda bu sahə ilə bağlı planlarınız nələrdir?

Hal-hazırda dil öyrənmə sahəsində müəyyən boşluqlar var, hansı ki, bu mövuzlarla bağlı beynəlxalq layihələr təşkil olunur. Əsas planlarımız Azərbaycanda dil baryerini yox etmək və əcnəbi dillərin öyrənilməsi sahəsindəki boşluqlara həll yolu tapmaqdır. Əlbəttə, bunun üçün davamlı həm yerli, həm xarici ekspertlərlə tədbir və  layihələr keçiririk,  miqyasını daha da genişləndirmək üçün daimi çalışırıq. Cəmiyyətə diqqətimizi yönəldərək təhsildə xarici dil öyrənmə prosesinə töhvə vermək üçün çalışacağıq.

- Son olaraq, dil öyrənmək istəyənlərə tövsiyyələriniz nələrdir?

- Xarici dilləri öyrənmək bir fərd kimi mənim həyatımı tamamilə müsbət yöndə dəyişib. Əgər sizin dilləri öyrənməyə həvəsiniz varsa. əsla dayanmayın və davamlı olaraq öyrənməyə, öz üzərinizdə işləməyə davam edin. Hər zaman razı olduğum fikirdir ki, lazımlı və ya lazımsız bir dil yoxdur. Siz nə qədər dil öyrənirsinizsə, o qədər dünyanı kəşf edirsiniz. Və artıq 21-ci əsrdə ingilis dili öyrənmək bir seçim deyil. Hər birimiz təhsil və karyera həyatımızda bu dili bir vacibiyyət olaraq görürük. Hazırda bütün dünyanın dili məhz ingilis dilidir. Amma bu labüd bacarığı qazanmaq düşündüyünüz qədər çətin deyil. Bu səbəbdən qarşınıza məqsəd qoyun və onun üçün davamlı olaraq çalışın, uğur özü sizə gələcək. Fərqli mədəniyyətlər kəşf etmək, müxtəlif insanlar tanımaq, dilləri öyrənmək həyatımıza ən fərqli rəngləri qatmaq üçün əla yoldur. İnamlı və iradəli olan hər kəs həyatını bir göyqurşağı qədər rəngləndirə bilər. Sadəcə istəyin və onun üçün çalışın.

Aytac Aslan


SON XƏBƏRLƏR

18 Aprel 2024