• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

“Şuşadakı evimi teatra bağışlayıram” - “Aşıq Yediyar” la MÜSAHİBƏ

MÜSAHİBƏ

17 Dekabr 2021 | 13:33

“Şuşadakı evimi teatra bağışlayıram” - “Aşıq Yediyar” la MÜSAHİBƏ

Azərbaycan tamaşaçısı onu “Aşıq Yediyar” kimi tanıyır. Söhbət Şuşa Dövlət Musiqili Dram Teatrının rəhbəri Yadigar Muradovdan gedir. Hansı ki, Şuşa teatrının bərpası da elə onun adı ilə bağlıdır. Ad günü ərəfəsində Bakıvaxtı.az-a müsahibə verən Yadigar Muradov ötənlərdən-keçənlərdən, görəcəkləri işlərdən danışıb.

Azərbaycan teatrının tarixi Şuşa ilə bağlıdır

- 1990-cı ilə qədər fəaliyyətsiz qalan Şuşa Dövlət Musiqili Dram Teatrının yenidən  fəaliyyətə başlaması sizin adınızla bağlıdır. Necə oldu ki, uzun müddət sonra  Şuşa Teatrı fəaliyyətini bərpa etdi?

- Hamımız bilirik ki, Azərbaycan teatrının tarixi Şuşa ilə bağlıdır. Yəni, ilk teatr tamaşaları orda oynanılıb. Baxmayaraq ki, biz Azərbaycan teatrının tarixini 1873-cü il mart ayının 10-u qeyd edirik. Hansı ki, “Vəziri-xani-Lənkəran” əsəri ilə bu tarixdə ilk tamaşa oynanıldı, Azərbayan teatrının tarixi də onunla götürülür. Bizim Şuşa teatrının yaranmasının son on illiyi ilə bağlı kitabımızda, o cümlədən, teatrşünas Yaqub Əlioğlunun axtarışlarında, Qulam Məmmədlinin kitabında da qeyd olunub ki, əslində Azərbaycan teatrının tarixi ən azı 1848-ci il olaraq qeyd olunmalıdır. Çünki 1848-ci ildə Tiflisdə çıxan “Kaspi” qəzetində belə bir müəllif yazısı var: “Mən Şuşada həm sirk, həm də teatr tamaşalarına baxdım”. Deməli, Şuşa teatrı neçənci ildə yaranmışdısa, 1848-ci ildə artıq fəaliyyət göstərirdi.

Mənfur düşmənlərimiz tarixi saxtalaşdırmaq üçün əllərindən gələni edirlər. Amma ilk dəfə teatr tamaşası Şuşada olub.

Biz o vaxtlar, bu məsələ ilə bağlı keçmiş mədəniyyət nazirinə müraciət etdik. Məsələ nazirlikdən Azərbaycan Milli Elmlər Akademiyasına yönəldilmişdi. Akademiyadan gələn məktubda isə bildirilmişdi ki, Azərbaycan teatrı 1873-cü ildə, Şuşa teatrı 1874-cü ildə yaradılıb. Amma bu, belə deyil. Çünki bizim dediyimiz kimi yazsaydılar, gərək bütün sənədlər dəyişdirilərdi. Eybi yoxdur, qoy olsun!

1948-ci ildə Üzeyir Hacıbəyli dünyasını dəyişdi və ovaxtkı Nazirlər Sovetinin belə bir sərəncamı çıxdı ki, “maliyyə çətinliklərinə görə Şuşa teatrının fəaliyyətinə xitam verilsin”. Əgər doğrudan da maliyyə çətinliyi var idisə, niyə elə həmin il – 1949-cu ildə Maksim Qorki adına Stepanakert Dövlət Teatrı açıldı?! Şuşa teatrı Üzeyir bəyin adını daşıyırdı. O, öləndən sonra teatr yetim qaldı. O vaxtdan sonra Şuşada dövlət teatrı olmadı. Amma buna baxmayaraq, Şuşada daim teatr mühiti olub.

Mən 1980-ci ildən fəaliyyətə başladım. Teatrın dövlət statusunu özünə qaytarmaq üçün çalışırdım. Sözlərim qeyri-təvazökarlıq çıxmasın, 7 il dostlarım mənim təklifimlə yığışdılar.

Mədəniyyət və İncəsənət Universitetini bitirib gələn aktyorlar, həmçinin mən o vaxt Şuşada fəaliyyət göstərən mədəni-maarif texnikumunda dərs deyirdik. Biz orda həmçinin tamaşalar hazırlayırdıq. 7 il müxtəlif tamaşalar hazırladıq və nəhayət, 1987-ci ildə bizə Xalq Teatrı statusu və iki ştat verdilər. 1990-cı ildə isə artıq Şuşa Dövlət Teatrı fəaliyyətə başladı. Təşəbbüskar yenə də biz idik və Polad Bülbüloğlu ilə Həsən Həsənovun köməkliyi ilə Şuşa teatrı dövlət statusu aldı.

“Raykom”dan çağırıb dedilər ki, a kişi, bizi işə salmısan, get...

- Direktorluq üçün sizdən başqa namizədlər var idi?

Təsəvvürünüzə gətirin ki, teatr açılıb və heç kim direktor olaraq getmək istəmirdi. Mən deyirdim, rejissoram, texnikumda dərs deyirəm, rejissor kimi də gedib tamaşa hazırlayaram. Lakin Rayon Mərkəzi Komitəsindən çağırıb dedilər ki, a kişi, bizi işə sən salmısan, indi get Nazirlikdə direktor kimi təsdiq olun (gülür). Düz 3 dəfə “raykom”a çağırıldım. Üçüncü gedişimdən sonra təklifi rədd edə bilmədim. 120 nəfərlik ştat cədvəlini verdilər ki, get teatrı aç və 6 aylıq məşq-hazırlıq dövrü verdilər. Qısa zamanda iki tamaşa əvəzinə, üç tamaşa hazırladıq.

- Hansı tamaşaları hazırladınız?

- “Arşın mal alan” operettası. Mən onun həm quruluşçu rejissoru idim, həm də aktyoru. Əsgər bəy obrazını canlandırırdım. Həmçinin qeyd edim ki, hazırda “Arşın mal alan”da Soltan bəy obrazını oynayıram. Opera və Balet Teatrının solistiyəm. Orda Əməkdar artist Gülüstan Əliyeva ilə tərəf müqabiliyik.

Daha sonra Süleyman Ələsgərovun Şıxəli Qurbanovla birlikdə yazdığı liberettosunu – “Özümüz bilərik”i hazırladıq.

Bir də bizim mərhum rejissorumuz Elxan Mikayılov Eldar Baxışın “Uzun Həsən” tarixi dramını səhnələşdirdi. Biz iki tamaşa əvəzinə üç tamaşa hazırlamışdıq. Amma Şuşada tamaşa oynamaq bizə müəssər olmadı. Müharibə başladı, gündə gələn meyitlər, yol qəzalarına görə, məşqimizi, orkestrı dayandırırdıq. Ayıb olardı çünki. Orda oğullarımız şəhid olurdu, biz burda çalğıdan istifadə edə bilməzdik. Daha sonra bizim aktyorlardan da müharibəyə gedənlər oldu. Son günə qədər heç yerə getmədik.  1992-ci il mayın 8-də şəhəri məcbur tərk etməli olduq.

Həsən Əbluc dedi ki, Bakının küçələrində çox avaralanacaqsınız?

- Bakıda teatrın fəaliyyətini necə davam etdirdiniz?

- Hardasa bir ay və ya ayyarım işsiz qaldıq. Şuşalı məcburi köçkünlərin əksəriyyəti Bakıda məskunlaşmışdı deyə mən televiziya vasitəsi ilə çağırış etdim. Allah rəhmət eləsin, o vaxt Azərbaycan Televiziyasının diktoru Hicran Hüseynov bizimlə birlikdə bir veriliş hazırladı. Adı isə belə idi: “Hardasan, Şuşa Teatrı?”

O veriliş vasitəsi ilə mən bizim kollektivimizə çağırış elədim. Çoxu gəldi və biz yenidən məşqlərə başladıq.

Mən bunu deməyə borcluyam, Həsən Əbluc da bizim məskunlaşmağımıza kömək etdi. O, bizə deyirdi ki, qoymayın teatr dağılsın. Hətta kobud səslənsə də deyəcəm. Həsən bəy mənə dedi ki, Bakının küçələrində çox avaralanacaqsınız? Dedim, müəllim, o nə deməkdi? Dedi ki, düz deyirəm də, elə arxayn oturmusunuz ki, elə bil kimsə sizi sabah Şuşaya qaytaracaq. “Bir-iki ay məşqləriniz dayansa, formadan düşəcəksiniz. Topla kollektivini” dedi. Biz məskunlaşmaq üçün heç harda yer tapa bilmədik. Həsən Əbluc, Azad Şükürov, bir də mən Gənc Tamaşaçılar Teatrının direktoru Kamal Əzizovun yanına getdik. Kamal Əzizov heç tərəddüd etmədən, fikirləşmədən, fikrimizi bilən kimi durdu getdi şkafı açdı, açarı götürdü və bizə böyük bir otaq verdi ki, bura sizin vəzifəlilərinizin – direktor, mühasib, baş rejissorun otağıdır. Sonra orda kiçik zal var idi, bizi apardı ora ki, burda məşq edə bilərsiniz.

- Neçə il Gənc Tamaşaçılar Teatrında məskunlaşdınız?

- Hardasa on iki-on üç il orda oturduq. O qədər qaynadıq-qarışdıq ki, sanki bu teatr elə burda olmalı imiş. O kollektivlə çox mehriban, bacı-qardaş kimi dolandıq. İndi içində oturduğmuz bina, yəni keçmiş “Savalan” Kinoteatrı, indiki Şuşa Dövlət Musiqili Dram Teatrının binası bizə verilənə kimi onlarla bir yerdə qaldıq.

Bakıda ilk tamaşamız günü başımıza döyüb durduq ki, bizim bəxtimizdəndi, heç bir tamaşaçı olmayacaq

- Bakıda ilk tamaşanız neçənci ildə səhnəyə qoyuldu?

- İlk tamaşamız 1993-cü il fevralın 13-də “Arşın mal alan”la səhnəyə qoyuldu.

Burdan da bir epizodu sizinlə bölüşəcəm. Deməli, fevralın 13-dür, hər yerə afişa vurmuşuq, radio və televiziya ilə çağırış etmişik ki, Şuşa teatrı ilk tamaşasını oynayır. Elə bir dəhşətli çovğun oldu ki, şəhər iflic vəziyyətə düşdü. Heç bir nəqliyyat işləmədi. Biz də başımıza döyüb durduq ki, bu, bizim bəxtimizdəndi, heç bir tamaşaçı olmayacaq. Evdən çölə çıxmaq mümkün deyildi. Biz özümüz də buzu cırmaqlaya-cırmaqlaya gəlmişdik. Amma inanırsınız, oturmağa yer yox idi, zalda ayaqüstdə durub tamaşamıza baxırdılar. Sevindiyimizdən bizi ağlamaq tutmuşdu ki, bu qədər adam bu havada necə olub ki, gəlib. Tamaşamız çox müvəffəqiyyətlə səhnəyə qoyuldu.

Biz bir an da olsun fəaliyyətimizi dayandırmadıq. İndiyə qədər bir opera janrında tamaşa hazırlamamışıq. Onu da arzumuz var ki, Şuşada hazırlayaq.

Şuşadakı evimdə hazırda orda işləyən briqadalar, işçi qüvvələri yaşayır

- Yadigar müəllim, torpaqlarımız işğaldan azad olunandan sonra Şuşaya gedə bilmisinizmi?

- Bəli, getmişəm. “Vaqif Poeziya Günləri” tədbiri çərçivəsində mən də Şuşaya gedənlər içərisində idim.

- Maraqlıdır, ordakı evinizi, Şuşa teatrının binasını ziyarət edə bildinizmi?

- Allaha şükür, mənim Şuşadakı evim sağ-salamat yerində durur. O ev təzə tikilmişdi, möhtəşəm, böyük idi. İçində cəmi 1 il 8 ay yaşadım. Sonra torpaqlarımız işğal olundu. Evim ona görə salamat qalıb ki, işğaldan sonra mənfur düşmənlərimiz evimin ikinci mərtəbəsini hərbi komissarlıq ediblər, birinci mərtəbəsində də keşiş yaşayıb.

Müzəffər Ordumuz onları iti qovan kimi elə qovdu ki, heç vaxtları da çatmadı evlərimizi partlatmağa. Getdim, gəzdim, şəkil çəkdirdim. Hazırda evimdə orda işləyən briqadalar, işçi qüvvələri yaşayırlar. Lakin Teatrın binasını məhv ediblər, yerində park salıblar. Sanki burda heç teatr olmayıb.

- Şuşamız azad olundu, “Böyük Qayıdış” üçün hazırlıqlar gedir. Şuşa Teatrı “Böyük Qayıdış”a necə hazırlanır? İlk hansı əsəri səhnələşdirməyi düşünürsünüz?

- İlk “Arşın mal alan” tamaşasını səhnələşdirəcəyik inşallah. Xəqani Əliyevin “Pənahəli Xan” dramı var. Planımız var ki, onu hazırlayaq. Fikrim var idi ki, bu dramı mən hazırlayım. Sözün açığı, hazırlıqlara da başlamışdıq. Sonra pandemiya başladı, işlər yarımçıq qaldı.

Bundan əlavə, biz opera janrında tamaşa hazırlamağı planlaşdırırıq.

Prezident Şuşa azad olunandan sonra “Şuşa, biz səni dirçəldəcəyik” dedi və həmçinin Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı adlandırdı. Mənim belə bir arzum var ki, Şuşada teatrla yanaşı, Xoreoqrafiya Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin filialları da olsun, Konservatoriya necə ki, əvvəllər var idi, yenidən bərpa olunsun. Bunların hamısı olsa, Şuşada opera janrında tamaşa hazırlamaq mümkün olacaq.

Biz indiyə qədər özümüzü gözə soxanlardan olmamışıq. Heç vaxt “bizim üçün onu edin, bunu edin” deməmişik. Biz sırf öz peşəmizlə məşğuluq. Şuşamız üçün çalışırıq. Torpağı dağlardan, qayalardan aşaraq azad edənlər dillərinə gətirdi ki, bunu biz etmişik?! Yox! Biz də heç vaxt etdiklərimizi dilə gətirmirik. Sadəcə, biz də fəxrlə deyə bilərik ki, biz bu teatrı dağılmağa qoymamışıq.

Mən Şuşa teatrında fəaliyyət göstərənləri həmişə şuşalı adlandırmışam. Düzdür, başqa yerdə işləməyə, çox maaş verən teatrlara da gedə bilərlər. Ki, vaxtilə gediblər də... Amma mənim üçün bütün yaxşı insanlar yerlimdi.

İndi qeyrət söhbəti, Azərbaycançılıq söhbəti aparmaq lazımdır

- Siz özünüz ağdamlısınız, amma Şuşa sevdanız çox böyükdür...

- Bəli! Bunu mənə Xarıbülbül Festivalına gedəndə də deyiblər. Dedilər ki, sən ağdamlısan, şuşalı deyilsən, səni aparmırıq. Mən də çox mübahisə apardıqdan sonra, nəhayət, dedim ki, mənim müharibəyə gedən oğlum Ağdam hərbi komissarlığından getdi, yoxsa Şuşa? Artıq sözləri kəsildi. Oğlum Üzeyir Green Card-la ABŞ-da idi. Gəldi, Vətən müharibəsinə yollandı. İxtisasca həkimdir, amma həkim kimi yox, döyüşçü kimi müharibəyə getdi. Ondan sonra məni Şuşaya apardılar. Nə olsun ki, mən Ağdamda doğulmuşam. Şuşada ev almışam, torpaq almışam, üç oğlum üçü də şuşalıdır.

Sonra bəzən mənə deyiblər ki, Püstəxanım Zeynalova şuşalı deyil, onu teatra niyə götürmüsən? Yəni ancaq burda şuşalı işləməlidir?

Mən həmişə deyirəm, kim ki yaxşı oğlandı, yaxşı qızdı, mən onun yerlisiyəm. Pis adam mənim heç nəyimdir. Yer, region söhbəti aparmaq ayıbdır. Şuşanı gedib azad edənlər, məgər hamısı şuşalı idimi? Azərbaycanın bütün regionlarından olan igidlər vuruşurdu. Hətta Azərbaycanda yaşayan etnik qruplar da azərbaycanlı olduğu üçün müharibəyə yollanmışdı. İndi qeyrət söhbəti, Azərbaycançılıq söhbəti aparmaq lazımdır.

Mən həmçinin Bakıvaxtı.az vasitəsilə elanımı bildirmək istəyirəm. Şuşadakı evimi teatra bağışlayıram. Birinci mərtəbəsində evi olmayanlar yaşayar, ikinci mərtəbədə teatrın inzibati heyəti işləyər, üçüncü mərtəbəsində, yəni mansarında da 150 nəfərlik yer var, tamaşalar orda səhnələşdirilər.

- Amma yəqin ki, Şuşada teatr binası tikiləcək...

- Biz Şuşada cənab Prezidentlə görüşdük. Bizim aktyorumuz Teymur bəy dedi ki, Şuşada təzə teatr binası tikməyin vaxtıdırmı? Prezident də dedi ki, hər şey olacaq! Əlbəttə ki, Şuşa mədəniyyətimizin paytaxtı elan olunubsa, teatr binası da olacaq. Mən inanıram ki, orda çox gözəl teatr binası layihəsi işlənəcək.

“Aşıq Yediyar”ın özünə arzusu

- Və sonda. Sabah doğum gününüzdür.  Bakıvaxtı.az kollektivi adından sizi təbrik edir, uzun ömür, can sağlığı arzulayırıq. Ad gününüzü necə qeyd etməyi planlaşdırırsınız?

-  Builki ad günümü dostlarım və tələbə yoldaşlarımla Şamaxıda qeyd etməyi planlaşdırmışıq. Bu ad günümdə özmün özümə bir arzum var. Yenidən Şuşaya gedə bilim,

Nuranə Daxilqızı

Foto: Rəvan Baxışlı


SON XƏBƏRLƏR

28 Mart 2024