• Bakı C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.192

Sosial etimadın gücləndirilməsi: Qarşılıqlı anlaşma və əməkdaşlıq strategiyaları

CƏMİYYƏT

05 Mart 2026 | 11:05

Sosial etimadın gücləndirilməsi: Qarşılıqlı anlaşma və əməkdaşlıq strategiyaları

Cəmiyyətdə müxtəlif sosial qruplar arasında etimadsızlığın artması həm sosial sabitliyə, həm də iqtisadi inkişafın dinamikasına mənfi təsir göstərir.

Qarşılıqlı anlaşmanın zəifləməsi əməkdaşlıq imkanlarını məhdudlaşdırır, ictimai institutlara inamı azaldır və ümumi sosial kapitalın kiçilməsinə gətirib çıxarır.

Bu şəraitdə sosial etimadın gücləndirilməsi həm dövlət siyasəti, həm də ictimai təşəbbüslərin prioritet istiqamətlərindən biri kimi aktuallıq qazanır.

Bəs müxtəlif qruplar arasında inamın bərpası və möhkəmləndirilməsi üçün hansı strateji yanaşmalar tətbiq edilə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən sosioloq Yusif Nəbiyev deyib ki, cəmiyyətin müxtəlif kəsimləri arasında etimad zəifləyəndə cəmiyyət görünməz şəkildə mikro qruplara parçalanır və hər kəs yalnız öz kiçik çevrəsinə güvənməyə başlayır: 

"Məsələyə bir az quşbaxışı baxsaq, bunu hər kəsin sosial kapitalının eyni anda azalması kimi şərh edə bilərik. Çünki insanlar bir-birinə güvənmədikcə aralarındakı əməkdaşlıq zəifləyir, iqtisadi təşəbbüslər azalır, ictimai proseslərdə iştirak minimuma enir. Nəticədə inkişaf üçün lazım olan kollektiv enerji dağılır. Biz çox vaxt bunu hiss etmirik, amma etimadsızlıq uzun vədədə ciddi bir sosial reflekssizlik yaradır". 

Yusif Nəbiyev: Qarşılıqlı əlaqə və əməkdaşlıq mühiti olduqda stereotiplər zəifləyir və empatiya güclənir

Onun sözlərinə görə, etimadın güclənməsi üçün ilk növbədə institusional şəffaflıq vacibdir: 

"Niklas Luhmann yazırdı ki, müasir cəmiyyətdə insanlar bir-birinə deyil, institutlara güvənərək risklərini azaldırlar. Əgər dövlət, məhkəmə, təhsil və media institutları ədalətli və proqnozlaşdırıla bilən davranış göstərmirsə, fərdlər də qarşı tərəfə ehtiyatla yanaşmağa başlayır. Yəni sosial etimadın bərpası üçün təkcə mənəvi çağırışlar yox, struktural səviyyədə etibarlılıq və şəffaflıq lazımdır". 

Həmsöhbətimiz deyib ki, digər mühüm strategiya isə fərqli qruplar arasında real təmasın artırılmasıdır:

"Qarşılıqlı əlaqə və əməkdaşlıq mühiti olduqda stereotiplər zəifləyir və empatiya güclənir. Gəlin, etiraf edək ki, bir-birini ancaq sosial şəbəkədə müzakirə edən fərqli sosial qruplar yox, real həyatda birlikdə işləyən və qərar verən insanlar daha tez anlaşır və qaynayıb-qarışa bilirlər. Sosial etimad təsadüfən və birdən-birə yaranmır. Bunun üçün şəffaf sosial institutlar və qruplar arasında davamlı qarşılıqlı münasibətlər mütləqdir".

Əli Hüseynov


SON XƏBƏRLƏR

04 Mart 2026