Dünya Bəşər Əsədlə barışır
Suriya Konstitusiya Komitəsinin sayca 6-cı toplantısı oktyabrın 18-dən etibarən davam edir. BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Geir Pedersonun təşkilatçılığı ilə keçirilən toplantıda işlər heç də hamar getməsə də, hazırda gəlinən nöqtə ciddi irəliləyişdən xəbər verir.
Xatırladaq ki, Suriyada yeni Konstitusiyanı hazırlayacaq Konstitusiya Komitəsinin qurulması ilə bağlı razılıq 2018-ci il yanvarın 30-da Rusiya, Türkiyə və İran dövlət başçılarının Soçidə keçirilən görüşündə əldə olunub.
Bu razılığa əsasən 50 nəfər hökumət, 50 nəfər müxalifət və 50 nəfər müstəqil vətəndaş cəmiyyəti təmsilçilərinin təmsilçisinin yer aldığı danışılar heyəti 2019-cu il oktyabrın 30-da ilk toplantısını keçirib. Daha sonra əldə olunan razılığa əsasən hər bir qrupdan 15 nəfər olmaqla 45 nəfərlik Konstitusiya yazacaq heyət müəyyən olunub. Ötən müddətdə komitənin birgə toplantılarında ciddi anlaşmazlıq, hətta konfransın yarımçıq qalması halları olsa da, ötən gün ilk dəfə müxalifət və hökumət heyətlərinin başçıları bir masa arxasında oturublar.
Suriya müxalifəti heyətinə Hadi əl-Bahra, hökumət təmsilçisi isə hüquqşünas Əhməd Quzbari rəhbərlik edir. Gələn məlumatlara əsasən tərəflər yeni Konstitusiyanın layihəsi üzərində anlaşıb.
Bu arada Suriya hakimiyyəti dünyada yenidən legitimlik qazanmaq üçün fəallığı artırıb. Bir sıra ərəb ölkələri. O cümlədən İordaniya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri Suriya ilə əlaqələri inkişaf etdirir. İordaqniya keçən ay 10 ildir bağlı olan sərhədləri açıb. Suriya prezidenti bu həftə BƏƏ şahzadəsi, Əbu Dabi vəliəhd-şahzadəsi Məhəmməd bin Zayed An-Nahyan ilə iki ölkə əlaqələrinin inkişaf etdirilməsi imkanlarını müzakirə edib. Bu günlərdə BƏƏ və Bəhreynin Dəməşqdəki səfirlikləri yenidən fəaliyyətə başlayıb. Səudiyyə Ərəbistanı isə Dəməşqdəki səfirliyini açmağa hazırlaşır.
“Newsweek” jurnalı yazır ki, 10 il əvvəl dünyanın arxa çevirdiyi Əsəd 10 ildən sonra dünya siyasi səhnəsinə sürətli geri dönüş edir. Ötən müddətdə Rusiya və İranın döstəyi ilə müxalifə cihadçıları məğlub edən Əsədlə dünyanın bir çox ölkələri ABŞ-ın müqavimətinə baxmayaraq əlaqələri bərpa etməyə çalışır.
Bayden hökumətinin Suriyaya qarşı sanksiyaları nəzərdə tutan “Sezar” qanunu yumşaltmasından sonra Misir hökuməti maye qaz, İordaniya isə yanacağı Suriya üzərindən Livana göndərib. Ərəb Dövlətləri Liqası isə Suriyanı yenidən üzvlüyə qəbul etməyə hazırlaşır.
Hazırda Suriya hakimiyyəti üçün əsas məsələ ölkənin şimalının taleyidir. Suriyanın şimal-şərqində kürdlərin qeyri-legitim muxtariyyəti var, şimal-qərbində İdlib vilayətinə radikal müxaliflər nəzarət edir. Həmçinin Afrin, əziz-Cerablus arası ərazilər və Hasakenin şimalında sərhəd xəttində Türkiyə ordusu var.
Hazırda Əsəd hökuməti radikal islamçı qrupların olduğu İdlibi nəzarətə götürməyə çalışır. 2020-ci il mart sazişinə əsasən İdlibin cənubu Rusiya və İran, şimalında isə Türkiyə ordusunun atəşkəsə nəzarət məntəqələri yerləşir. Bəşər Əsəd siyasi həll prosesində İdlibi nəzarətə götürmək istəyir. Bəzi iddialara görə Putin və Ərdoğanın 29 sentyabr Soçi danışıqlarının əsas mövzusu İdlibin taleyi olub. Bəzi müstəqil mənbələrə görə ilkin razılaşmaya əsasən Türkiyə İdlibdən şimala çəkiləcək və burda kürdlərin nəzarətində olan Tel Rıfatı götürəcək, Suriya ordusu isə İdlibə daxil olacaq. Çünki burda türkiyə və Avropanın terror təşkilatı kimi tanıdığı HTŞ (Heyət Təhrir əş-Şam) və əl-Qaidə kimi silahlı qruplar var.
Lakin istənilən halda İdliblə yanaşı şimalda kürdlərin taleyi, həmçinin Türkiyə ordusunun Suriya ərazisində qalması. Həmçinin ABŞ-ın ət-Tənf rayonunda və kürd ərazilərindəki bazalarının mövcudluğu onu göstərir ki, Suriyada hazırkı hakimiyyətin legitimliyinin möhkəmlənməsi uzun vaxt tələb edir. Lakin Cenevrədə davam edən siyasi keçid prosesi, əsas olaraq region ölkələrinin barışıq cəhdləri göstərir ki, Bəşər Əsəd Suriyada müharibəyə son qoymağa çox yaxındır.
Analitik şöbə
















