Türkiyənin İranın Məşhəd şəhərindəki konsulluğu qarşısında etiraz aksiyası keçirilib. SEPAH və ona bağlı yarımhərbi “Bəsic” üzvləri, eləcə də hökumətin tələbə cəmiyyətləri nümayəndələri Türkiyənin İsrailə yardım etdiyini iddia ediblər: “Türkiyədən İsrailə yanacaq və ərzaq ixracatına izin verməyin” şüarı qaldıran etirazçılar Türkiyə hökumətinə qarşı çıxışlar ediblər.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, siyasi şərhçi Samir Əsədli Bakivaxti.az-a açıqlamasında deyib ki, Türkiyə dövlətinin İslam dünyasında, Yaxın Şərqdə, ümumiyyətlə dünya miqyasında nüfuzu getdikcə artır və bu fakt İranı ciddi şəkildə narahat edir. Çünki İran adlanan dövlətin idarəçilik ideologiyası anti-türk notları üzərində qurulub. Son etiraz isə yalnız əssassız bəhanələr üzərində qurulub. Türkiyənin İsrail-Fələstin münaqişəsində mövqeyi bəllidir. Rəsmi Ankara ilk gündən ədalətli mövqe tutan və bu mövqeyini dəyişməyən az sayda dövlətlərdən biridir. Türkiyə birmənalı olaraq Fələstin dövlətinin yaradılmasının tərəfdarıdır və bu münaqişənin dərhal dayandırılmasını istəyir. Çünki günahsız insanlar öldürülür, hər iki tərəf itkilər verir, amma fələstinlilər xüsusən daha çox qəddarlıqla öldürülür. İsrail orada qeyri-insani hərəkətlərə rəvac verir. Bu da təbii ki, dünyanı narahat etməlidir".
S.Əsədli vurğulayıb ki, bu münaqişəyə, müharibəyə son qoyulmalıdır:
"Amma İranın dərdi bu deyil. Fars-molla rejimi Türkiyənin bölgədə və dünyada nüfuzunun artmasından narahat olduğu üçün bu cür anti-təbliğat kampaniyasına start verib. Tehran hökuməti Türkiyənin, o cümlədən Azərbaycanın bölgədə olmasını istəmədiyi üçün bu cür təxribatlara əl atır. İrandakı hadisələr bununla bağlıdır".
Aydın Baxış
















