Xəbər verdiyimiz kimi, Bakı şəhərində fəaliyyət göstərən minlərlə taksi sürücüsü aprelin 2-dən etibarən tətil elan edəcək. Sürücülər taksi dayanacaqlarının sayının artırılmasını, sərnişin mindirib-düşürmək üçün taksi sürücülərinə avtobus zolaqlarından istifadə etməyə icazə verilməsini, minimum qiymətə maksimum məsafə həddinin müəyyənləşdirilməsini istəyirlər:
Bu tətilin səbəbləri və sürücülərin haqlı olub-olmadıqları geniş müzakirə mövzusuna çevrilib.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, taksi sürücülərinin belə sivil qaydada etirazlarını bildirməsi normal haldır və bu cür aksiyalar dünyanın müxtəlif ölkələrində də baş verir:
"Bu etirazı qeyri-adi hərəkət kimi qəbul etmirəm. Bəzi məsələlərdə etiraz etməkdə haqlıdırlar. Xüsusilə, qiymətlərlə bağlı narazılıqlar, avtobus zolaqlarında sərnişin mindirib-düşürməyə icazə verilməməsi kimi haqlı tələbləri var. Bu problemlər onların gündəlik iş rejiminə təsir edir və qazanc imkanlarını azaldır."
Onun sözlərinə görə, bəzi taksi şirkətləri sürücüləri istismar edir və bu məsələyə daha ciddi yanaşmaq lazımdır. Taksi sürücüləri dövlətə yük olmadan özləri özlərini işlə təmin edən kiçik sahibkarlardır. Onların problemlərini dinləmək və həll yollarını tapmaq vacibdir:
"Taksi xidməti göstərən sürücülərin əksəriyyəti fərdi sahibkarlardır. Onlar həm vətəndaşlara xidmət göstərir, həm də öz ailələrini dolandırırlar. Şirkətlərin tətbiq etdiyi yüksək komissiya faizləri və digər məhdudiyyətlər onların gəlirlərini əhəmiyyətli dərəcədə azaldır”.
Elməddin Muradlı: Problemlərin həlli üçün dövlət qurumları, nəqliyyat şirkətləri və sürücülər arasında dialoq vacibdir
Müsahibimiz qeyd edib ki, bBununla yanaşı, avtobus zolaqlarında və ikinci zolaqda sərnişin mindirib-düşürməyə icazə verilməməsi əlavə çətinliklər yaradır:
“Müştərilər müxtəlif düşüncələrə sahibdirlər. Kimisi bu məhdudiyyətləri anlayışla qarşılayır, kimisi isə narazılıq edir. Bu da sürücülərin işini çətinləşdirən əsas amillərdən biridir."
E.Muradlı hesab edir ki, taksi sürücülərinin problemlərinin həlli üçün dövlət qurumları, nəqliyyat şirkətləri və sürücülər arasında dialoq vacibdir. O bu cür məsələlərin yalnız qarşılıqlı anlaşma və müzakirə yolu ilə həll edilə biləcəyini vurğulayıb.
Qeyd edək ki, məsələ ilə bağlı AYNA-dan "Xəzər" TV-yə bildirilib ki, avtobus zolaqları avtobusların və operativ nəqliyyat vasitələrinin hərəkətini təmin etmək üçün nəzərdə tutulub, şəxsi avtomobillərin və taksi nəqliyyat vasitələrinin ora daxil olması isə qadağandır. Bildirilib ki, şəhərdə 130-dan çox taksi duracağı mövcuddur. Yeni taksi dayanacaqları əsasən universitetlər, ticarət mərkəzləri və nəqliyyat mübadilə məntəqələrinin yaxınlığında təşkil edilməsi nəzərdə tutulur.
Nuriyyə Musayeva